Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:04
Bu hekayə "Ədəbi Azadlıq-2011" müsabiqəsinə təqdim edilsə də, onluğa düşməyib. Müəllifin istəyilə onu "Oxu zalı"nda dərc edirik.

Hikmət Carçılı ORHUN.


Orxanın hekayəsi

Orxan həmişə axşam olanda atasından bir yığın söz eşidirdi. Düzü, onun bu sözlərlə heç xoşu yox idi, atasıyla xoşu yox idi ən başında.

Hərdən atasını ona dediyi daşındırıcı sözlər üstündə öldürmək keçirdi ürəyindən. Çünki atası onun hər işinə qarışırdı. Nə bilim, canım sənə desin:

-A bala, filan işi belə eləmə, filan sözü elə demə, filan yerdə o gün gördüm səni... heç böyüyə-kiçiyə hörmət qoymadan keçib getdin, damağında siqaret sümürə-sümürə... Adam bir yerişinin durşunun əndazəsini bilər, bilər necə yeriyir, necə durur, necə danışır, mənim yerişim-duruşum camaata xoş gəlirmi, danışdığım söz lap belə düz də olsa kiminsə boğazından keçirmi...

Bu məsləhətlərdən heç zaman xoşlanmamışdı. Atası ona məsləhət verəndə bir az atasını sərtliyindən çəkinib dinməsə də, ata həddindən çox məsləhət verəndə – yerli-yersiz məcbur qalıb dillənirdi.

-Ay ata, sən dediyin o adamların sənə haqqımda nə dediyini bilmirəm, bilmirəm mənim hansı hərəkətim xoşlarına gəlməyib, ancaq sənin o dediyin adamların övladalarını görsən mənim “toya getməli” olduğumu deyərsən əminəm. Mən anadan olandan necə yerimişəmsə, sən mənə yeriməyi-durmağı necə öyrədibsənsə, bu gün də həmin tərzdə yeriyirəm. İndi kəndimizin “nuh əyyamından qalmış” ağsaqqallarının sözüylə mən durduğum yerdə yerişimi dəyişməliyəmmi səncə, ata? Siqareti səndən gizlin çəkirdim dedin, “bala, birincisi çəkmə, əgər çəkməyi tərgidə bilmirsən gəl mənim yanımda çək. Yoxsa girib tualetdə “poxun” iyisini çiyərlərinə çəkmə. Özünə heyifin gəlsin!” Məni sən qorxmaz öyrətdin.. İndi nədi, nədi o ağsaqqallar deyirlər ki, bizim zamanımızda filan şey filan cürdü, uşaqlar filan hərəkətlərində əndazədən kənara çıxmazdılar, gənclər ağsaqqal görəndə yollarını dəyişərdilər ki, birdən yolunun üstdə çıxdığımıza acıqlanar. Ehh, nə günlər vardı, nə günlər... desinlər deyə əlim-qolum bağlımı duracağam. Məsəl üçün, mənim kiməsə haradasa köməyim lazım, özü də oraya vaxtında yetişməsəm kimsə ölə bilər. Və mənim vaxtında çatmaq istədiyim yerə gedən yol ağsaqqalların oturub boşluqdan domino “çırpdıqları”, “köhnə palan içi” töldükləri yerdən keçir. Demək, mən getməməliyəm, demək bu ağsaqqalların atacaqları sözdən qorxub o adamın ölməsinə göz yummalıyam hə?
Bu kimi müzakirələr ata oğul arasında saatlarla sürən söhbətin kiçik bir hissəsi idi. Hələ maraqlı məqamlar qabaqdadır.

Orxan ara-sıra qəzetlərdə irili-xırdalı yazılar yazırdı.

Yazılarda bəzən hakimiyyətin səhvlərini deyirdi, bəzən müxalifət tərəfdarlarını və başqanlarını tənqid edirdi.

Rayonda gördüyü eybəcərlikləri kağız üzərinə köçürüb qəzetə göndərirdi və çap olunurdu hər yazdığı.

Zəif idi, güclü idi deyə bilmərəm, ancaq hər halda cəmiyyətin eybəcərliklərini çatdırırdı geniş auditoriyaya...

Orxanın atası qorxaq adam idi. Yanında kimsə hakimiyyət adamlarının və hakimiyyət başında duran adamın şəxsinə söz deyəndə deyirdi “sus, yerin də qulağı var, gedib birinin qulağına çatar gecəynən götürərlər; ayağını yerə dəyməyə qoymazlar, özümüz cəhənnəm, yerdə qalanların başına oyun açacaqlar, allah saxlasın bizi o gündən...”

Demək, olar kəndin yarısı da onun günündəydi, dillənib bir kərə şikayətlənməzdi, kökü qazılası hakimiyyətdən və yaxud onun yerlərdəki məmurlarından. Hər hansı bir idarənin qapısını döyəndə məmurlar dərisini soyub boğazlarından çıxarırdılar kəndçilərin.

Rüşvət istəyəndə rüşvət verirdilər, get-gələ salanda gedib-gəlirdilər, bir sözlə bu kəndin camaatı üzüyola camaat idi..

Bir dəfə bu kəndin nə ağıllısı, nə dəlisi, nə savadlısı, nə savadsızı, nə ziyalısı, nə ziyasızı... dillənmirdi ki, ay bu ölkəyə daş qoyanın..., ay bu ölkənin qanunlarını yazanların... Susurdular, hər şeydən razı-razı...

Orxan da elə bunlardan yazırdı...

Atası hər eşidəndə ki, oğlu kəndlərini pisləyib, kənd camaatının öz qanunlarını bilməməsini deyib, burada ziyalının da, ziyasızın da “bir bezin qırağı” olduğunu yazıb, cin vururdu təpəsinin ortasından.

Və axşam olanda əl-ayaq yığılanda, daşınmağa mövzu axtarılanda başlayırdı Orxanı danlamağa...

İyirmi beş yaşlı oğlanı elə bir hala salırdı ki, qıpqırmızı olurdu üzünün rəngi, iynə vursaydın qanı çıxardı.

Bir arada ata olan kəs söhbətinə ara verib bir deməzdi ki, ay mənim başıma daş düşsün, mən oğlumu hansı yola çəkirəm, nə öyrədirəm – qorxaqlıqmı?

-O nədi yazmısan? “bizim kənddə heç kimin qanundan başı çıxmır, nə ziyalının, nə ziyasızın... Hamı məmurcuqların əmrinə sanki allahın əmrinə baş əmriymiş kimi baş əyir.” Hələ bir yerdə də demisən ki, “prezidentin də səriştəsi azdır. Rayona gəlməyinə bir ay qalmış elan verir ki, mən gəlirəm. Bizim icra başçısı da elə bu elana bəndmiş kimi həmin andan etibarən prezident keçəsi yerləri təmizləyir düzəldir, prezident keçən yerdən bir ay quş uçmağa qoymur ki, birdən o yan-bu yan olar. Hətta bu bir ay müddətində icra başçısının əlacı olsa prezident keçən yerdən hər gün gəlib keçən toyuqlardımı, inəklərdimi, ulaqlardımı.. onların dalına torba tikər.” – qəzeti Orxanın başına çırpıb davam eləyir – ay əclaf, bu nədi yazmısan? Xəbərin varmı ki, bunu aparıb lazımi yerlərə çatdıran quş olsa ayağımızı yerə dəyməyə qoymazlar...

-Ata, mən nə yazmışam axı, bəlkə nahaq bir söz demişəm de demisən, bəlkə yazdıqlarım yalandır? Gördüklərimi yazmışam, real həyatın eybəcərlikləridir. Bunu sübut etməyə də yetəcək gücüm var...

-“Tülkü tülkülüyünü sübut edənə kimi dərisini boğazından çıxarırlar”. Eşidibsənmi? – deyərək atası Orxanın sözünü kəsir... – görürsən, Natiq müəllimi? Köhnə müxalifətçidi. Bir zaman o adam müxalifətçilərin ən qabaqda gedəniydi, hətta o kəndimizdə icra nümayəndəsi də olub bir zamanlar, nooldu axırı? İndi kimdir o, xırda ticarətlə məşğul olan adi bir insan. İqtidar deyəndə, deyir qadasın alım onların. Mənə çörəyi onlar verdilər. – sözünə davam edir – bala, görürsənmi pul qazanmaq lazım. Boş-boş danışan ideoloqlara qulaq asıb beynini yorma...

Cümlələri uzada-uzada, bir dediyini beş dəfə təkrar edə-edə davam edir sözlərinə. Qarşısında durub ona qürurla “atam” deyə müraciət edən övladını da özünə oxşatmağa çalışır. Olduğu düz yoldan sapınmağa çağırır övladını. Vicdanını nəfsinə qurban vermişlərə oxşatmağa çalışır oğlunu. Ancaq Orxan dəqiq bilir ki, gedib hansısa bazarda kartof-soğan satsa və yaxud böyük super market açsa onun ziyanı xeyirindən çox olacaq. Getdiyi yol düzdür və burada istədiyinə nail ola bilər – düşünürdü.

Və düşünürdü necə vicdansız ola bilərsən ki, biri digərinin haqqını tapdaya və sən də ya susasan, ya da “digərinin” haqqını tapdayan “birini” haqlı çıxarasan?.

Əslində atasının onunla bu cür sərt söhbət etməsinə, onu anlamadan danışmasına şərait yaradan Orxan özü idi. Artıq bir deyildi, iki deyildi... hər dəfə qəzetdə nəsə yazısı çıxanda gətirib birinci atasına oxuyurdu. – yenicə mətbuata qədəm qoyan körpələr kimi. Orxanın isə iyirmi beş yaşı vardı və Bakıda oxuduğu illərdən bu yana daban dönməzə çap olunurdu. – Və hər dəfə də onu anlamayan ata, başlayardı acılı-acılı sözlər deməyə, danlamağa. Günah Orxanın özündəydi. Sən atanın halını bilirsən ki, o qorxaq adamdı( və bəlkə də qorxmaqda haqlıdır) və heç vaxt da səni anlamayacaq. Daha niyə hər dəfə özünü danlağa çəkirsən, boynu boyunduruğa öyrənən adamlar kimi?

Bəlkə də gələcəkdə arzularına nail olacaqdısa (kənddə çətin ki nail olaydı, Bakıdan qayıdıb kəndə gəlməyinə it kimi peşman idi, indi də yaşlı atanı-ananı buraxa bilmirdi, həm evin tək uşağıydı-bacıdan qardaşdan heç nəyi yox idi, həm də onu nişanlamışdılar qohumlardan birinə...), hər yazdığını danlanacağını bildiyi halda gətirib atasına oxumaqla gələcəyini şübhə altına alırdı.

Bəlkə də düz edirdi. O göstərməyə çalışırdı ki, baxın mən atamın danlağını eşitsəm belə ona oxşamayacağam, o məni sındıra bilməz. Mən atam kimi qorxaq bir adam ola bilmərəm”.

Bəlkəsiz. Orxan məhz özünün dönməzliyini sübut etmək üçün oxuyurdu yazdıqlarını atasına...

P.S. Və axşamın bu vədəsində haralardasa əminəm ki, bir Orxan atasına icra nümayəndəsinin, başqa-başqa məmurların, hakimiyyətin səhvlərini yazdığı məqaləsini oxuyur, atası isə dişinin dibindən çıxanı deyir. O isə gələcəkdə daha kəsərli bir məqalə yazmağı düşünür...

P.P.S. Eşq olsun Vətənin daha xoşbəxt günlərə çıxması üçün dönmədən qələm çalan orxanlara!!!

6.III.2011

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG