Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:39
Dilqəm Əhməd

ŞEİRLƏR


Bircə saat öncə...


Bir saat sonra
Minarəsi uçuq bir məscidin yanında
Bir neçə göyərçin uçuşur
Qoca müəzzinin gözləri yaşarır
Daha səslənməyə minarə
Çağırmağa insan qalmayıb.
Söküb ürəyini güllələr insanların
Göyərçinləri qarğalar əvəzləyir.
Savaşların quşu.
Sabahları azan yerinə inilti yüksəlir.
Zamansız köçənlərin ruhu.
Azacıq kənarda bir ev vardı.
İndi dərin bir çuxur.
Çuxurda yanmış beş insan cəsədi.
Kənarda yarısı yanmış bir oyuncaq var.
Düşməni qorxudan cocuğun tankı.
Yaxasında dua asılmış bir sancaq var.
Düşmənə qarşı dirənən silahı.
Bir az kənarda bir-birinə sarılmış iki cəsəd var
İlk dəfə öpüşən sevgililərin həyəcanı.
Cəsəd ikən də üzlərindən getməyib.
Ağlayır, müəzzin...ağlayır
İntihar edə bilmədiyinə ağlayır.
Çox yox, cəmi bircə saat öncə.
Yüzlərlə insan düzülmüşdü səf-səf
Minarədən yenicə enmişdi o.
Savaşlara qarşı xütbə oxuyacaqdı.
Doğum günüydü bir çocuğun.
Böyüyüb bir igid olacaqdı.
Tank almışdı atası.
Düşməndən qorxmasın deyə.
Son cəsarətlərini toplamışdı iki gənc.
Əllərini saçlarına dolayıb.
Dodaqlarını yaxınlaşdırarkən.
İstiliyini duyarkən...
Qadın hərarəti yox, yağan bombaların hərarəti.
Külə döndərdi hər şeyi.
Cəmi bir saat öncəni yada salır müəzzin.
Ağlayır...Ağlayır...

09.06.2011


Qorxuram

(Rövşanə Rəhimliyə)

Qorxuram, qadın
Saçlarına toxunduğumda.
Xatırlayıram
Uzaq Babildə, bir quyuda
Saçlarından asılmış iki mələk var.
Tanrıdan oğurladıqları sevgiyə görə.
Əbədi cəzaya məhkub ediliblər.
Qorxuram qadın
Yaydan çıxan oxlar kimi
Sevginin yağmasından.
Qorxuram,
yoxsa sinəmi sipər edərdim
ən kəskin oxatanın oxuna.
Qorxuram, qadın
Cəhənnəmə atılmağımdan
Sənin saçlarından asılmağından
Qorxuram qadın
Bu şəhərin yaşatmadığı sevgilərin sayı
Məzarlıqdakı başdaşlarından daha çoxdur.
Bu şəhər bədəndən çıxan kirləri qarşılayan
daban kimidir.
Bu şəhər ruhsuz bumbuz adam kimidir.
Bu şəhər anlamır sevgidən.
Bəlkə uca bir dağa yüksəlsək
Bir dəstə bulud versəm
Bir ovuc külək versəm.
Yağışlardan çətir düzəldərək
Öz yağışımızda islansaq.
Bəlkə dəniz olsaq
Günəşin şüasını ən dərinliklərə aparsaq
Üzə bilməyən balıqları günəşlə qovuşdursaq.
Bəlkə də dalğaya qovuşaraq
Öz sevgimizlə bu şəhəri bütün çirkablardan xilas etsək
Bəlkə....Bəlkə o zaman qorxmaram, qadın.

03.06.2011


Sevgi

Sevgi də quşlar kimidir
Arasında köçərilər də olur
Ünvanına çatmayan uçuşlar kimidir
Arasında sərsərilər də olur…

Sevgi meşə yanğını kimidir
Kiçik bir kibrit dənəsi ilə başlar
Sevgi ürəklərin qırğını kimidir
Öldükcə yenisi ilə başlar.

Sevgi alnından öpdüyün uşaq kimidir
Məsum bir baxışla başlar
Sevgi özündən qaçaq kimidir
Bir damla yağışla başlar.

Sevgi ən son bağlandığın ümid kimidir
İlk şeirini yazmaqla başlar.
Sevgi Tanrıdan aldığın öyüd kimidir
Ona səcdə qılmaqla başlar.

21.05.2011


Şəhərdən uzaq

Dəniz...
Bu gün bütün qayıqlar tərsinə çevrilib
Balıqçılar evlərinə əliboş dönür...
Sahillər dalğasız qalıb
Gəmilərin fiti eşidilmir
Daha qaraçı qız da yapışmır adamdan
Dəniz qusur bir-bir udduqlarını
Daha kimsəyə məzar olmaq istəmir

Şəhər..
İşıqforlar işləmir
Şütüyür maşınlar, ən son sürətlə
Küləklə yarışır maşınlar...

İnsan...
Yenə asılıdır, dənizdən
Yenə məhkumdur şəhərin gurultusuna
Nə qədər qaçmaq istəsə də
Elə hey rastlaşır, qaçdıqları ilə...

Mən...
Qaranlıq bir otaq arzusunda
Hər kəsdən uzaq, nə bir səs olsun.
Nə də bir arayan...
Nə dəniz olsun, nə də şəhər....

18.05.2011


Rəsulzadəyə

Sən, qoca şərqin vicdanı
Ağır-ağır nəfəs alan, can çəkişən şərqin
Kölələrin bu dünyadan əl çəkmədiyi
Ruhlarına cəhənnəm olan şərqin...
İşıq saçan xilaskarı oldun...
Sən, hürriyyətin günəşi,
Millətlərə istiqlal istərkən
Çağdaşlığı arzularkən
Kimlər anladı səni???
Savaş açdın, çürüyən imperiyaya
Savaş açdın geriliyə...
Ölərkən Azərbaycan demək
Ölənədək çarpışmaq...
Öldükdən sənələr sonra da...
Yenə düşmənləri olan...
Unutdurulmağa çalışan
Unudulmayan...
Əvəzsiz bir irsin
Ardınca gedilməli bir izin..
Sahibi olmaq...
İlk cığıraçan olmaq
Şərqə vicdan olmaq
Azərbaycan olmaq.
Böyüklüyündəsən!!!

27.04.2011

Günün bütün mövzuları

XS
SM
MD
LG