Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:11

Nuridə Atəşi. Yeni şeirlər



Nuridə ATƏŞİ

Yeni şeirlər
(orijinal almancadadır)



UZUN, QARA SAÇLARIN QARĞIŞI


Uzun qara saçlarımı çox sevirdin.
Saatlarla oxşar, qoxlar, öpərdin.
Son dəfə öpərkən uzun, qara saçlarıma söz verdin
Onları yenə oxşayıb, qoxlayıb, öpəcəksən.

Məni atdın.
Sarı saçlara deyirlər könül vermisən indi
Daha sarı saçları oxşayıb, qoxlayıb, öpürsən ancaq.

Sən vəfasız.
Etibarsız,
Yalançı,
Namərd!

Eybi yox, görəcəksən
Bir gün uzun qara saçlarımın qarğışı necə tutacaq
o sarı, yoluq saçları
Bir gecədə ağarıb töküləcəklər…


KÜLQABI

Qayıt, geri dön mətbəxdə iylənən qadınına.
Onun qucağı ucuz, soyuq
və mənasız bir külqabısıdır artıq mənimçün
Sən ləzzətlə çəkib, sümürdüyüm bir siqara.


ŞEİR 1

Sən -yazmaq istədiyim bir şeirsən.
Gözəl bir şeir olacaqmısan?
Yoxsa elə başlanğıcda
həvəsdən düşəcəyəm səni yazmağa?

Yoxsa cızma-qara bir şey olacaqsan.
Bəlkə də ən gözəl şeirim oldun hələ bilmək olmaz.
Heç bəlkə də yarıda vərəqi çırıb atacağam zibil qabına…


ŞEİR 2

Sən yazmaq istədiyim bir şeir idin.
Indi nəinki səni yazmağa həvəsim var,
Hətta bir damcı mürəkkəbə belə hayıfım gəlir.


ŞEİR 3

Sən mənim sevgi poeziyamda ən şəhvətli
və ən qısa şeirim oldun.
bir gecəlik qadınlığın cuşa gələn ləzzətində
çılğınca,
nöqtəsiz,
vergülsüz,
Birnəfəsə yazıb tələsik bitirdiyim bir şeir!

Səhər oyanıb bir də oxuyunca özüm bəyənmədim.
Bürüşmüş, saralmış vərəqləri cırıb zibil qutusuna atdım sakitcə.
Sən indiyəcən yazdığım ən qısa, ən mənasız şeir oldun.


SEVGİ OYUNU

Deyirdin sevgi bir oyundur
Mahir bir oyunçu kimi başladın oyuna.
Ax, Zavallı!
Sən ürəyimin şahmat taxtasında ən zəif,
ən mənasız bir fiqursan
Və başlanğıcda matsan.


DÜNƏN GECƏYƏ QƏDƏR

Sən dünən gecəyə qədər
gündə min dəfə dilimdə əzizlədiyim ən əziz bir ad idin.
Bu gün səhər dilimə gətirmək istəmirəm bu adı bir də.
Dünən gecəyə qədər həyatımda hər şey tək səninlə bağlı idi,
Bu gün səhər heç bir şeyin sənə dəxli yox artıq.
Sən dünən gecəyə qədər
gözlərimdən bir an çəkilməyən ən gözəl rəsm,
qulaqlarımdan bir an getməyən ən gözəl səs idin.
Bu səhər yuxudan ayılanda gördüyüm
və dərhal unutduğum
ən qısa və ən mənasız bir yuxusan.

Dünən gecəyə qədər bədəninin hər hüceyrəsini
tanrı ruhunu oxşadığım kimi sevdiyim,
əzizlədiyim ilahi bir varlıq idin,
Bu gün səhər tanıdığım ən mənasız ,
ən adi bir erkəksən artıq mənim üçün.


FUTBOL TOPU

Sən futbol topusan.
Əllərimin içinə bərk-bərk sıxıb
dayanmışam oyun meydanının tən ortasında.
Yox! Bu oyuna həvəsim yox!

Gözlərimi yumub tolazlayıram səni
əvvəlki oyunçu- öz qadınının üstünə
Və fit çala-çala tərk edirəm oyun meydançasını.


MƏN VƏŞHİ BİR AMAZONAM SƏN HALSIZ YABI

Mən vəhşi bir amazonam, sən halsız yabı
Mən bir mahir savaşçıyam , sən yorğun,
süst, əldən- ayaqdan düşmüş zavallı.

Sən zəfər tanımazsan, mən məğlubiyyət
Sən axurdan çıxmazsan, mən meydanlardan.

Savaşa girmədən öncə tələsik atıldım boynuna.
Heç yerindən tərpənmirsən ey halsız yabı!

Məğlub olmaq bir Amazonçun ölümdən bətər.

Təpədən dırnağa silahlanmış,
döyüş meydanına tələsən
zirehlənmiş amansız bir savaşçıyam mən.
Sən yorğun, əldən-ayaqdan düşmüş qoca yabı!

Səninlə döyüşə girilməz ki!
Heç halın qalmayıb, yazıqlar sənə…

Dur bir an, mən tezcə düşüm.
Mən bir Amazonam, sən halsız yabı!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG