Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:45

Aydan Salahovanın başıbəlalı əsərləri


Aydan Salahovanın üstü örtülən əsərləri
Aydan Salahovanın üstü örtülən əsərləri

İtaliyanın Venesiya şəhərində iyun ayının əvvəlində açılan növbəti dünya Təsviri İncəsənət Sərgisində baş verənlər Avropa mətbuatında fəal müzakirə olunur. Söhbət Azərbaycanın Milli pavilyonunda sərgiyə qoyulan rəssam Aydan Salahovanın əsərlərindən gedir.

Britaniyanın “Telegraph” və “Independent” qəzetlərinin yazdığına görə, iyunun 1-i pavilyona gələn Azərbaycan prezidenti İlham Əliyev Salahovanın iki əsərini bəyənməyərək tənqid edib və bundan sonra həmin əsərlərin üstü örtülüb.
Aydan Salahovanın "Gözləyən gəlin" əsəri

İNCƏSƏNƏTƏ SENZURA?!

Dünya İncəsənət Cəmiyyəti bunu incəsənət sahəsində siyasi senzura faktı kimi dəyərləndirib.

Britaniya mətbuatı yazır ki, İlham Əliyevin bəyənmədiyi əsərlərdən biri kataloqda “Gəlin” adı ilə qeyd olunur və yalnız əlləri görünən qara çadralı müsəlman qadınını əks etdirir. “Qara daş” adlı digər əsər isə Məkkədəki qara daşın interpretasiyasıdır.

“Gəlin” əsərinin tənqid doğurmasına səbəb o olub ki, “dünyəvi dövlət olan Azərbaycan beynəlxalq sərgidə müsəlman sənəti ilə təmsil olunmamalıdır”.

“Qara daş” əsəri isə islama təhqir hesab olunub.

Telegraph” ın yazdığına görə, “din kontekstində nümayiş olunan seksual obrazlar”la bağlı kağız üzərindəki işlər də prezidentin tənqidinə tuş gəlib. Məsələn, belə işlərdən birində minarə tutan qadın həm də qismən fallik simvolu xatırladır.

Sözügedən əsərlər ağ örtüklə örtülüb. Elan olunub ki, bu əsərlər sərgiyə gətirilən zaman texniki zədə alıb və hazırda bərpa olunduğundan bir neçə günlük üstü örtülüb.
“Qara daş” əsəri
AZƏRBAYCANIN İMİCİNƏ ZƏRBƏ

Rusiyanın “Nezavisimaya qazeta”sı («Независимая газета») yazır ki, iyunun 8-də Azərbaycan pavilyonunun kuratoru Beral Madrinin rəsmi açıqlama verib. O, deyib ki, Aydan Salahova və pavilyonun komissarı Çingiz Fərzəliyev bir neçə gün hökumətlə danışıqlar aparıb, izah etməyə çalışıblar ki, əsərlərin ləğvi senzura kimi qəbul olunacaq, bu isə ölkənin imicinə əsərlərin özündən daha çox pis təsir göstərəcək:

“Biz təklif etdik ki, əsərləri olduğu kimi saxlayaq, sadəcə yanlarında izahat da verək ki, bunlar rəssamın öz interpretasiyasıdır və hökumət bununla razılaşmır, amma rədd cavabı aldıq. Azərbaycan pavilyonundakı bütün əsərlər Bakıdakı və Venesiyadakı müşavirədə təfsilatı ilə baxılıb. Salahovanın əsərləri kataloqda da, Venesiya Biennalesinin veb səhifəsində də təsvir edilib.” – deyə Beral Madri bildirib.

Aydan Salahova məşhur rəssam Tahir Salahovun qızıdır, Moskvada yaşayır. 1992-ci ildə Rusiyada ilk müasir incəsənət qalereyalarından birini (“Aydan”) açıb. Salahovanın əsərləri Tretyakov qalereyasında, Moskva Müasir İncəsənət Muzeyinin kolleksiyalarında, Roma və Nyu-York qalereyalarında saxlanır.

Tərcümə edəni: Ülkər Akifqızı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG