Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:57
Böyük Britaniyada bir qrup müsəlman qadın “Zorakılığa qarşı cihad”a başlayıb. “İnspire” (Ruhlandır) adlı bu qrupun məqsədi qadın hüquqlarını gündəmə gətirməkdən ibarətdir.

Bu qrupun niyyəti müsəlman qadınlara öz potensialını üzə çıxartmaqda yardımçı olmaqdır. Qadınların digər məqsədi də “cihad” terminini ekstremizmdən ayırmağa nail olmaqdır.

“İnspire”in təsisçisi Sara Xan deyir ki, əslində “cihad” ekstremistlərin “müqəddəs savaş” kimi qələmə verdiyi vəhşiliklər deyil, Allah yolunda aparılan mübarizədir. Onun sözlərinə görə, Böyük Britaniyada yaşayan müsəlman qadınlar zorakılığın istənilən növünə qarşı mübarizə aparacaqlar:

“Biz sülh uğrunda cihad aparırıq. Bu vaxtadək biz çox vəhşiliklərin şahidi olmuşuq. Ekstremistlərin hərəkətləri bizim cəmiyyətlər arasında ayrıseçkiliyə gətirib çıxarır. İslam bütün dünya üçün əsas inanc olmaq əvəzinə zorakılıq və digər mənfi halların, o cümlədən qadınların sıxışdırılmasının sinoniminə çevrilib. Biz qadın olaraq rahat oturub baxa bilmərik ki, kimlərsə bizinm inancımızdan öz cinayətlərini təmizə çıxartmaq üçün istifadə edir”.

Sara Xan “The Guardian” qəzetinə müsahibəsində deyib ki, onların başladığı kampaniya təkcə hüquqları pozulan Britaniyalı qadınları yox, ümumiyyətlə zorakılığa qarşı çıxanları birləşdirəcək.

“Dinindən-imanından asılı olmayaraq, qadına qarşı zorakılıq istənilən ailədə baş verir. Statistikaya görə, Böyük Britaniyada hər dörd ailədən birində qadına qarşı zorakılıq baş verir. Biz isə deyirik ki, istər qadın sünnəti olsun, istər qadınların öldürülməsi, döyülməsi – buna göz yummaq olmaz”.

“İnspire” rəhbəri əmindir ki, Britaniya kitab mağazalarında İslama aid kitablar bu dində qadın hüquqlarını düzgün təsvir etmir. Ona görə də onlar həm də qadınların maarifləndirilməsi ilə məşğul olacaqlar.

Bu günlərdə “İnspire” təşkilatı Londondakı City Holl-da toplantı keçirib və orada cihad başlaması ilə əlaqədar bəyannamə qəbul edilib. Təşkilat həmçinin siyasətçilər, siyasi təşkilatlar və media üçün “Allahın adından danışanlar: İslamda genderə yenidən baxış” mövzusunda konfrans da təşkil edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG