Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:40

Sultan Mərzili. Vəsiyyət


BAYARAĞIM...

Bayrağım,
Bayrağım, gözəl bayrağım,
Ayı Ulduzunu qucan,
Xəzərdə şəklinə baxıb
Dalğalanan, uca bayrağım!

Zamanları yarıb keçdin,
Tanrılara qucaq açdın,
Allahı seçdin.
Həzrəti İsanın arzularıtək
Məhəməd Rəsuluna
Əmin olub gerçəkləşdin!

İndi nə olub sənə?!,
Küləklərə dözümün yox,
Bəlkə özümüzdən razılığımız
Göylərə ucaldı çox,
Özün sillə kimisən üzümüzə,
Sapın da gözümüzə
Ox olub, ox!
Bəlkə dözə bilmirsən,
Yarasından qan sızan
Bu torpağın dərdinə,
Əsir qalmış
Ana-bacı səbrinə.
Ucalardan sən nələri görürsən?!,
Bizə baxıb
Əsirsən, hönkürürsən.
Yaralı qanad kimi
Uçmağa tələsirsən,
Çırpınıb yorulursan.
Foros kitabının vərəqləritək
Forsdan deyil
dərddən
cırılırsan!
Bayrağım! Ürəyim, qara bağrım...
Bax gör, görünürmü sahil parkından
Qarabağım?!


NƏ BİLİM, AY QARDAŞ...

Gör bir neçə ildi,
atəşkəsdi?!
Torpaqlardan xəbər yoxdu,
sülh adı bizə bəsdi.
Allahın verən günü
bir əsgərimiz ölür.
Analar vaya baxır
gözü böyüyür.
Komandirlər göyə baxır,
baxdıqca,
ulduzu böyüyür.
Oğlanlar qırıldıqca,
qurbanlıq quzu böyüyür,
yetimin qızı böyüyür...

Heyif,
yerə batdı,
Göyün ulduzu, ayı.
Eyib yerə çatdı
Yaşamaq, ölmək payı.
Biz, vuruşduq-qırıldıq,
dövlət elədik,
Hər gələn yedi bizi,
Hələ bir minnət elədik!

Dizimizə döyürük,
özümümzə söyürük,
yenə təskinlik tapıb,
bala-bala öyürük.
Yarımız yarımçığıq,
yarımız da şairik.
Nə bilim ay qardaş,
vallah, özüm də bilmirəm,
Nə təhər yaşıyırıq?!


AZAD QADINA

Sən azad bir qadınsan,
Mən azad kişi.

Gəl, davam etdirək,
Adəmlə Həvvanın
Yarımçıq qoyduğu işi.

Tunc oğullar doğ mənə,
Qranit qızlar,
Mənim ürəyimdən polad parlasın,
Səninkindən qızıllar,
Qoymasın övladlarımız
Bu Nuhdan qalan ölkəyə
Saxta tarix yazalar.


ÜRƏK

Neylərsən
bu qədər böyük ürəyi,
Bilinməz ayağı, başı haradır.
Ötən yolçuların olar gərəyi,
Sanki ürək deyil, karvansaradır.

Sıx bir az,
bir xeyli dar elə bunu,
Doğradıb kiçilt də,
yarala bunu,
Bir əl boyda et ki, yar ala bunu,
Onda da yar almaz, deyər, yaradır...


DAHİLƏR

Tanrı
Peyğəmbərlərdən
kar aşmayanda,
dahiləri yollayır
zülüm çəkməyə.

Dahilər
burlaklar kimi
dartır dünyanın qəmini.

Sonuncu tərk edir
o kapitanlar,
tarix - gəmini.


QISA QAPANMA

Sadə şeylər bilmək üçün
Dahi olmalısan.
Dahi olmaq üçün
Dəli olmalısan.
Dəli olmaq üçün
Dahliyində qalmalısan.


YAD ŞƏHƏRDƏ

Bir gün yad bir şəhərdə
Küçədən baxdım,
yad bir evin pəncərəsində
özümü gördüm.

Getdiyim yolda
özümdən qabaq düşən
izimi gördüm.

Gözlərim qəlbimdəkini
bir bulut parçasına yazdı.
Yağışlara ayna tutdu şüşələr,
sildim damlaları,
üzümü gördüm.


PARTİZAN

Mənim maraqlı dövlətim,
neftli-qazlı, təmtəraqlı,
bayraqlı, qotazlı
silahlı-yaraqlı
dövlətim!
Cıdırda qalib atın,
Gəlir bütün yarışlardan,
Medalın, mükafatın.

Hanı sənin ən vacib
yarışın, vuruşun, döyüşün,
partizan hərəkatın?!


ALLAH, ŞÜKÜR!

bu qədər Allaha şükür eylədik,
məscid tikdik,
molla seçdik
namaz qıldıq, dua etdik,
göylərə şükür göndərdik,
işdir, qəbul olunsa,
Allah şükürə qovuşsa,
Şükür Allaha,
Nə dərdimiz qalacaq
daha?!


VƏSİYYƏT

Mən öləndə
dik basıdırn məni,
başım dənizə,
ayaqlarım minaya düşməsin,

Açıq qalan gözlərimdən
qağayılar,
göyə uçan ayaqlarımdan
gözü yaşlı buludlar
hürküşməsin,

Əlimə bir qumbara qoyun,
üstümdən
düşmən keçməsin.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG