Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:04

Salyan rayonunda aparılan abadlıq işləri ilə bağlı müəllimlərdən və həkimlərdən pul yığıldığı barədə məlumat vermişdik. Həkimlərdən aldığımız məlumata görə, artıq onlardan pul yığılması dayandırılıb.

Amma müəllimlər hələ də pul yığımının davam etdiyini bildirirlər.

AzadlıqRadiosuna müraciət edən Salyan rayonunun Pambıqkənd orta məktəbin ibtidai sinif müəllimi, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Firudin Əsgərov iddia edir ki, məktəb direktoru Dilbər Əliyeva ondan 40 manat, həmin məktəbdə işləyən həyat yoldaşından isə 20 manat pul istəyib. Onun sözlərinə görə, direktor müəllimlərdən pul yığılması ilə bağlı göstərişin rayondan gəldiyini deyib:

“May ayının maaşını alanda direktor məni otağına çağırdı dedi ki, sənin adına 40, yoldaşının da adına 20 manat pul yazmışam və siz o pulu verməlisizniz. Mən dedim ki, aldığım maaşla özümü dolandıra bilmirəm, həm də şəkər xəstəsiyəm müqalicəmə pul tapmıram. Mən 200 manat, yoldaşımsa 100 manat maaş alır. Dedi ki, bizə rayondan göstəriş verilib.”

“MƏKTƏBİN ABADLIĞINA 200 MANAT PULUM ÇIXIB, PUL YIĞSAM ELƏ ONU YIĞARAM”

Həmin məktəbin direktoru Dilbər Əliyeva isə müəllimlərdən pul yığılması ilə bağlı məlumatları təkzib edir. O, bu barədə danışan müəllimi qərəzli olmaqda ittiham edir:

“Əgər belə bir şey olsa, bütün rayon məktəblərində olar. Misal üçün mən öz məktəbimizin həyətində abadlıq işləri aparmışam buna 200 manatdan çox pulum çıxıb, elə yığsam onu yığaram. Plakatlar hazırlatdırmışam pul yığmaq olsa elə müəllimlərə deyərəm 3-5 manat köməklik eləsinlər. Öz cibimin pulu ilə düzüb-qoşuram abadlıq edirəm, ağaclar alıb əkirəm. Sözümün canı odur ki, əgər belə məsələ olsa rayondakı başqa məktəblərdən də zənglər olar bu barədə. Mən tək niyə pul yığmalıyam ki, belə şey olar?! Mən heç kimi otağa çağırıb ondan pul istəməmişəm”

TƏHSIL ŞÖBƏSININ MÜDIRI: “MƏN HEÇ KIMƏ PUL YIĞILMAQLA BAĞLI GÖSTƏRIŞ VERMƏMIŞƏM”

Salyan Rayon Təhsil Şöbəsinin müdiri Əbülfəz Bədəlov isə deyir ki, müəllimlər onlardan pul yığılmasını desə də o, rayon təhsil şöbəsinin müdiri olaraq bu barədə heç bir məktəbə göstəriş verməyib:

“Səmiyyətlə deyirəm, şəxsən mənim məktəb direktorlarına belə bir tapşırığım olmayıb ki, getsinlər müəllimlərdən pul yığsınlar. Bir direktora belə deməmişəm ki, get mənə məktəbdən pul gətir. Belə faktlar varsa mən bu gün araşdırmağa hazıram. Mən direktorlara demişəm kiminlə bağlı problem varsa, o qalıb işləməyəcək. Demişəm ki, sizə görə mən nə işimi itirən deyilən, nə mövqeyimi” .

“MƏNDƏN PUL İSTƏNİLMƏSİ FAKTDIR”

Amma Pambıqkənd orta məktəbin müəllimi Firudin Əsgərov deyir ki, kimin özünü necə müdafiə etməsindən asılı olmayaraq məktəb direktoru ondan pul istəyib və faktdır:

“Mən uzun müddətdir Yeni Azərbaycan partiyasının üzvüyəm. Bu dövlətə böyük inamım var. Mənə nə gəlib ki, yalandan direktorun məndən pul istədiyini deyəm, məndən həqiqətən də pul istənilib”.

“BU DA FAKT!”

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov hesab edir ki, orta məktəb müəlliminin açıq şəkildə mətbuatda çıxışı rəsmi araşdırma aparılması üçün əsasdır.

Onun sözlərinə görə, indiyə qədər şikayətlərin anonim olduğunu deyən Təhsil Nazirliyi bu məsələni dərhal araşdırmalıdır:

“Müəllimin öz adı, familiyası ilə korrupsiyadan danışması araşdırma üçün fakt deyilmi? Buyursunlar hüquq mühafizə orqanları araşdırsınlar. Biz həmişə rəsmi qurumlara, hüquq mühafizə orqanlarına müraciət edəndə deyilir ki, fakt verilsin, şikayətçilər adlarını açıqlamaqla müraciət etsinlər. Bu da fakt!”

Vasif Mövzümov deyir ki, əslində bir çox müəllimlər onlardan pul istənilməsindən narazı olsalar da adlarının açıqlanmasını istəmirlər. Qorxurlar ki, bu barədə açıq danışsalar işlərini itirə bilərlər və ya dərs saatları aşağı salınar.

Bu baxımdan da Fond nümayəndəsi korrupsiyadan şikayət edənlərin hüquqlarını qoruyacaq yeni qanuna ehtiyac olduğunu bildirir.

YANVARIN 27-DƏN BAŞLANAN MÜBARİZƏ

Prezident İlham Əliyevin tapşırığına əsasən 2011-ci il yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib. İclasda nazirliklərə, dövlət qurumlarına mövcud problemlərin araşdırılması və qısa müddətdə aradan qaldırılması bağlı tapşırıqlar verilib.

Bu mövzunu "Şəffaflıq" proqramında daha ətraflı dinləyin:

Şərhləri göstər

XS
SM
MD
LG