Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:48
Milli Kitab Mükafatının qalibləri sırasına düşməyən yazıçı Aslan Quliyevin "Oxu zalı"na göndərdiyi yazı


Bu da son. Qaliblərin təqdimat mərasimi oldu, aparıcıdan tam fərqli olaraq, (adam əvvəlki kimi gur-gur guruldayırdı) qalibləri təqdim eləyənlər yorğun və etinasız səslə, - mənə elə gəlirdi onlar müharibənin başladığını və bizim bu müharibədə uduzmağımızın xəbərini verirlər – qalibləri elan eləyirdilər.

Hətta mən əsas qalibin, Rərvizin adını eşitmədim, yalnız bir az öncə ayaqüstü tanış olduğum bu adam səhnəyə qalxanda qalibin kim olduğunu bildim. Əl çalırdılar, alqışlayırdılar, qalib danışırdı.

Telefonumun zəngi Habil Əliyevin «Şur» muğamından bir parçadır, cavanlıqda ən çox sevdiyim «Xatirəsən».

İlk dəfə Nizami parkında rəhmətlik Eyvaz Həsənovdan eşitmişəm. Zəng eləyirlər, Habilə bir anlığa qulaq asır, əlaqəni kəsirəm.

MKM ədəbiyyatımızı canlandıran, bu sahədə güclü rezonans yaradan layihədir. Nə yazıq ki, sözün əsl mənasında ədəbiyyata xidmət edən bu işə kömək eləmək iqtidarında olan adamlar kömək eləmək əvəzinə, bu işə kölgə salırlar.

Ədəbiyyat adına iş görmək əvəzinə şəxsi ambisiyalarını yeridirlər, nə olursa olsun, nəyin bahasına olursa olsun, təki onun istədiyi, dəstəklədiyi adam qalib olsun. Ədəbi vicdan, insanlıq, özünə və başqalarına hörmət hamısı qalır bir tərəfdə.

İlk öncə Nigar xanım təşəkkürə layiqdir, bu qədər çəkişmələrin, oyunların içində başladığı işi böyük enerji, mübarizə ilə başa çatdıra bildiyi üçün ona qəlbən minnətdaram.

Əminəm ki, gələcəkdə də kitab müsabiqəsini davam elətdirəcək, ancaq bu işdə qruplaşma, dəstə yaradan münsifləri kənarlaşdıracaq.

Yoxsa bu münsiflərlə uzağa getmək olmaz və məhz onların oyunlarından xəbərdar olan, onların əlində alət olmaq istəməyən Əlabbas, Rafiq Tağı kimi dəyərli yazıçılarımız və onlarca digərləri bu ilki müsabiqədə iştirak eləmədilər.

Müsahibələrimdə demişəm, mən bu müsabiqədən heç nə gözləmirdim, münsiflərin ədalətli seçim eləyəcəklərinə, yalnız və yalnız ədaləti əsas götürəcəklərinə inanmırdım. Gözlədiyim kimi də oldu.

Qalib əsərlərin heç birini oxumamışam, kimin nə dərəcədə layiq olduğu haqda heç nə deyə bilmərəm. Fakt budu, qalib gəliblər, münsiflər məhz bu adamları qalib görmək istəyiblər. Qalibləri ürəkdən təbrik edirəm!

Hər biriniə yaradıcılıq uğurları, sevincləri, şən, xoşbəxt həyat arzulayıram! Yaşayın, yaradın!

Nigar xanım bu gün münsiflərin verdiyi balları açıqlayıb, münsiflərdən ən az balı mən almışam. Bunun da iki səbəbi var, birincisi mən əyalətdən onluqda olan yeganə yazıçıydım və təbii ki, kimsə mənə yüksək bal yazmazdı.

Digər səbəbi isə bir qrup münsifin başı qarışmışdı Şahbazını «adamı»nı,- məni vurmağa, başları qarışdı, bir də onda ayıldılar yanlış qapı çalırmışlar, Şahbazın adamı artıq qalibdir. Halbuki bu siyahini nəzərdən keçirən hər bir kəs aydın görə bilər ki, mənə ən az balı məhz Şahbaz və onun ətrafında olanlar veriblər.

Pərvizə yüksək bal verənlər əksərən mənə aşağı bal yazıblar.

Təkcə elə bu fakt özü qiymətləndirmədə obyektivliyin yox, subyektivliyin əsas rol oynadığını aydın göstərir, münsif dostlarımız əsərlərə yox, müəlliflərə bal yazıblar.

Bəzi münsiflərin müəlliflərin də, ekspertlərin də əməyini, zəhmətini yerə vurmaq cəhdi məncə sağlam münasibətdən irəli gəlmir.

Afaq Məsudun: «orda elə əsərlər vardı, heç sıfır bala da layiq deyildi» deməsi məndə yalnız təəssüf oyatdı. Afaq xanım özü də yazıçıdır, öz həmkarlarıını niyə belə qəzəblə dəyərləndirməlidir, nə qəbahətləri olub?


Əslində mən Afaq xanımdan özgə münasibət də gözləmirdim. Keçən ilki müsabiqədə iyirmiliyə düşməyəndə bu haqda yazmışdım da. Adımın hansısa dərslikdə ötəri çəkilməsinə özünəməxsus tərzdə etirazını bildirən Afaq xanım əlbəttə belə fürsəti əldən buraxmazdı.

Mənə ən aşağı balı Hamlet İsaxanlı verib, «Sonuncu»nu «2» balla dəyərləndirib, Afaq Məsud, Ramiz Fətəliyev, «3», Elçin Şıxlı, Rafiq Əliyev isə «4» bal veriblər və bu adamların hansınınsa mənim əsərimi oxuduqlarına inanmıram, sadəcə olaraq mənim ad, soyadım onlara heç nə demirdi.

Bilirəm, çoxları bunu yenə də öz istədikləri kimi yozacaqlar, amma bu müsabiqədə də ən çox haqsızlıq mənə edilib.

Necə olur Hamlet İsaxanlıdan qat-qat səriştəli olan ekspertlər 120 əsərin içindən «Sonuncu»nu seçib onluğa daxil eləyirlər, amma Hamlet İsaxanlı onluqdakı bir əsərə «2», digərinə «10»i bal verir. Ədalətlimi işdir? Paşa Qəlbinurun «Qara su» romanına da bu münsifin «2» bal verməsini ən böyük ədalətsizlik hesab eləyirəm, düşünürəm bu hansısa şəxsi münasibətdən və münsiflərin içərisindəki qruplaşmanını istəyindən irəli gələn subyektiv dəyərləndirmədir. Burda Çingiz Abdullayevi tam haqlı hesab edirəm. «Kiməsə bir, ya iki bal verəndə o biri on nəfər bu adama on bal verməlidir ki, gəlib yuxarı çıxsın. Bir bal verirlər ki, o əsər keçməsin.

Münsiflər bunu qəsdən eləyirlər». Məlum işdir ki, qəsdən eləyirlər, amma bununla nəyə nail olurlar?

Kimin nə bal verməsindən asılı olmayaraq öz əsərimi orda bircə əsərdən belə zəif hesab eləmirəm! Amma münsif klassklərimizin naftalin iyi verən əsərlərindən başqa əsər oxumayıbsa və başqa tərzdə, üslubda yazılan əsərdə də öz oxuduqlarının izini, qoxusunu axtarır və tapa bilmirsə, bu artıq mənlik deyil.

Vaqif Səmədoğlu ümumiyyətlə kiməsə bal verməyib, Elnur Baimov isə fərq qoymayıb, hamıya «8» bal verib. Yəni bu adamların əsərləri oxumağa vaxtları olmayıb, başa düşə bilmirəm, vaxtı yoxdusa, ya əsərləri oxuya bilmirsə, nəyə görə münsif olmalıdı?

Əsla və əsla tərəf tutmaram, həqiqəti yazdım, bundan sonra da həqiqət adına yazacağam. MKM saytında səsvermə ilə bağlı deyilənlərlə razıyam, Nəriman Əbdülrəhmanlıya da demişəm fikirlərimi.

İlk gündən orda fəal iştirak eləyirdim, Rusiyadan belə oxucularım, dostlarım mənə səs verirdilər. Amma birdən öyrəndim ki, səsverməyə ehtiyac yoxdur, sayta çox zəif proqram qoyulub və saxta yolla istənilən qədər səs əldə eləmək olar. Lap istəsən bir milyon! Bunu bilən kimi səsvermədən çəkildim.


Pərviz də bunu bilməmiş deyildi, Azərbaycan reallığında 60 min səs yığmaq olmaz. Necə olur, kultaz-da 400 səs yığırsan, MKM-də 60 min?

Bəlkə ədalətli səsvermə də keçirilsəydi, qalib elə Pərviz olacaqdı. Amma bilə-bilə ki, bu səsvermə saxtadır, bu səsləri halal qazanmayıb, çıxıb səsvermənin qalibi diplomunu alır və heç olmaya burda hər şeyin qaydasınca olmadığına işarə belə vurmursa, bunu söz adamına yaraşdırmadım. Olmamalıydı.

Qəribə təsadüflər də var. Keçən il də üçüncü yer iki müəllif arasında bölündü, bu il də. Keçən il di rus dilində yazılmış əsər üçüncü mükafata layiq görüldü, bu il də. Bunca təsadüf olmaz axı, bu təyinatla yox, səsvermə ilə olur, münsiflər bunu necə bu dəqiqliklə tutuzdura bilirlər?

Rus dilində yazılmış əsərlərin müsabiqədə iştirakı yolverilməzdir.

Milli kitab müsabiqəsidir, sən rus dilində yazırsansa, azından əsərini tərcümə elətdirib təqdim eləməlisən. Bu kimsənin xətrinə dəyməməlidir, bu ölkədə yaşayırsansa, bu ölkənin dövlət dilinə hörmətlə yanaşmalısan.

Hər şey bir yana, bəlkə heç ekspertlərin, münsiflərin çoxu rus dilini bilmir, bilməyə də borclu deyil, onda necə olmalıdır?

Nigar xanım hələ keçən il bəzi yazıçıların ona zəng vurub özlərini tapşırtdırdıqlarını, hətta pul da təklif elədiklərini yazmış, lakin adları açıqlamamışdı. Bu il də belə halların olduğunu dedi və yenə də adları açıqlamadı. Bir halda adları açıqlamayacaqsansa, bunları niyə deməlisən?

Məni ən çox çaşdıran yuxarıda adını çəkdiyim hörmətli yazıçımız Çingiz Abdullayevin müsahibəsi oldu. «Zəng vurub deyirlər, buna səs yazın, o birinə yazmayın».

Kimlərinsə qəbul eləyib eləməməsindən asılı olmayaraq Çingiz Abdullayev ölkəmizin sərhədlərindən kənarda tanınan yeganə yazıçımızdır. Münsiflərin və ya təşkilat komitəsinin içərisində kiminsə ona təsir eləyə biləcəyinə inanmıram.

Elə isə niyə zəng eləyənlərin adlarını, kimlərə bal yazılmasını, kimlərə bal yazılmamasını xahiş eləyənlərin adlarını açıqlamır? Bəs bunu kim eləməlidir? Hər kəs abrına qısılıb dinmirsə, bəs kim dinməlidir? Dinmədikcə də bu cür neqativ hallar baş alıb gedəcək.

Keçən il münsif Rəşad Məcidin ön sözü ilə çapdan çıxan kitab müsabiqənin qalib oldu. Bu il isə münsif Şahbaz Xuduoğlunun nəşriyyatında çapdan çıxan və Şahbaz bəyin təbliğatını apardığı kitab.

Belə olmaz axı. Münsifə aidiyyatı olan əsər müsabiqədə iştirak eləyə bilməz, aidiyyatı varsa tərəfdir, tərəfdirsə necə obyektiv ola bilər? Bu halda ya münsif, ya əsər müsabiqədən kənarlaşdırılmalıdır.

Məyər Azərbaycanımızda obyektiv, haqqa, ədalətə söykənən müsabiqə keçirmək olmazmı? Olar. Gənc dostumuz, arxasında heç bir maliyyə dəstəyi, təşkilati dəstək dayanmayan Zahir Əzəmət Nəsimi ədəbiyyat müsabiqəsi keçirir, bir kimsə bu müsabiqənin nəticələrini şübhə altına almır, orda hansısa qaranlıq məqamlar olduğundan söhbət açmır. Çünki artıq bu adam işiylə, əməliylə o imici qazanıb.

Demək, özgə niyət olmasa, olar!

Bir MKM də sona çatdı.
Yenisi başlayacaqmı?
Mən başlamasını istərdim.
Amma bu münsiflərlə yox.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG