Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:11

Azərbaycanın qaz faktoruna əsaslanan enerji siyasəti


İlham Əliyevin 18-ci Beynəlxalq Xəzər Neft-Qaz Sərgisindəki çıxışı
İlham Əliyevin 18-ci Beynəlxalq Xəzər Neft-Qaz Sərgisindəki çıxışı
«Azərbaycan hazırda öz enerji siyasətini daha çox qaz faktoru üzərində qurur. Ölkənin qaz ehtiyatı ən azı 100 il özünə və istehlakçılara kifayət edəcək».

QAZ DƏHLİZLƏRİNİN ŞAXƏLƏNDİRİLMƏSİ

Bunu prezident İlham Əliyev 18-ci Beynəlxalq Xəzər Neft-Qaz Sərgisindəki çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, «Şahdəniz» qaz yatağının kəşfi dünya enerji bazarında çox təsirli bir hadisə olub. İndi dünyada bu yatağa böyük maraq var. Azərbaycan qaz dəhlizlərinin də şaxələndirilməsinin tərəfdarıdır və bu sahədə işləyir. Hazırda Azərbaycan qazı 4 istiqamətdən dünya bazarına çıxarılır. Azərbaycanın əsas ixrac neft-qaz kəmərlərinin sayı 7-yə çatır.

Prezidentin dediyinə görə, bununla belə Azərbaycanın «Cənub qaz dəhlizi»nə, Nabuccoya dair də planları var.

«Bir neçə ildir ki, «Cənub qaz dəhlizi» ilə əlaqədar həm ciddi müzakirələr aparılır, həm də konkret addımlar atılır. Hələ 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Bu ilin yanvarında Avropa İttifaqı ilə Azərbaycan arasında «Cənub qaz dəhlizi» haqqında birgə bəyannamə imzalanıb. Bu bəyannamə sadəcə niyyətin ifadəsi deyil, konkret sənəddir. Və biz bu sənəd üzərində işləyirik. Avropa İttifaqı ilə Azərbaycan arasında işçi qrup yaradılıb. Bu işçi qrupu çox səmərəli işləyir. Ümid edirəm ki, yaxın zamanlarda bütün lazımi sənədlər imzalanacaq. Və beləliklə «Şahdəniz» layihəsinin ikinci mərhələsinin işlənməsi üçün bizdə əsas olacaq. Bu, həm də Azərbaycanla Avropanın münasibətlərinin yeni mərhələsi olacaq».

TƏVAZÖKAR PROQNOZ

İlham Əliyev bəyan edib ki, hazırda Azərbaycanın qaz ehtiyatı 2.2 trilyon kubmetrə bərabərdir. Amma bu, təvazökar proqnozdur. Yəni ölkənin qaz ehtiyatı daha böyükdür.

18-ci Beynəlxalq Xəzər Neft-Qaz Sərgisində əvvəlki illərdə olduğu kimi Avropa İttifaqı prezidentinin, ABŞ, Böyük Britaniya, Norveç, Türkiyə və digər ölkələrin dövlət və hökumət başçılarının Azərbaycanla əməkdaşlığı və bu tədbirin əhəmiyyətini ifadə edən məktubları oxundu.

Onu da deyək ki, bir neçə il idi ki, bu sərgi ilkin tədbirlərlə müqayisədə getdikcə nisbətən sönük görünürdü. Mütəxəssislər isə bu geriləməni böyük şirkətlərin artıq neft müqavilələrini gerçəkləşdirib arxayınlaşmaları ilə əlaqələndirirdilər. Yəni neft sahəsində hərə öz istədiyinə nail olub və artıq bu sərgidə canfəşanlıq etməmək də olar.

Amma budəfəki tədbirin diqqət çəkən məqamlarından biri də o idi ki, o özündən əvvəlki-yəni 17-ci Beynəlxalq Xəzər Neft-Qaz Sərgisindən daha geniş və zəngin görünürdü. Yeri gəlmişkən bu sərgidə 27 ölkədən 285 şirkətin iştirak etdiyi bildirilir.

Bəs bu yeni canlanma nə ilə əlaqədardır? Doğrudanmı səbəb prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın indi öz enerji siyasətini qaz faktoru üzərində qurmasıdır?

İlham Şaban

Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, rəsmi statistikada da ildən ilə sərgi iştirakçılarının sayının artdığı göstərilir. Amma diqqət yetirəndə bəlli olur ki, iştirakçılar arasında yerli şirkətlər daha çoxdur. Məsələn ARDNŞ-in əvvəl bu sərgidə 1 elmi tədqiqat institutu iştirak edirdisə, indi sərgidə onların sayı 4-ə çatdırılıb.

«TÜRKİYƏ İLƏ PAKET QAZ ANLAŞMASI HƏLL EDİLİB»

Prezidentin qaz faktoru barədə dediklərinə gəlincə, İlham Şaban hesab edir ki, buna ciddi səbəblər var. Hazırda Azərbaycanın özündəki yatırımların 100-də 80-i qaz amili ilə bağlıdır:

«ARDNŞ artıq faktiki olaraq Türkiyə ilə paket qaz anlaşmasını həll edib. Prezident İlham Əliyev də çıxışında deyib ki, yaxın müddətdə bu anlaşma imzalanacaq. Həmçinin ARDNŞ Yunanıstanın qazpaylayıçı şəbəkəsindəki dövlət paylayıcısı olan DEPA-nın səhmlərini almaq məsələsinə baxır. Bu baxımdan ARDNŞ xüsusilə də yeni qaz bazarları ələ keçirməklə bağlı çox çevik siyasət yürüdür».

Prezident İlham Əliyev neft-qaz sərgisindəki çıxışında onu da bildirib ki, 1995-ci ildən Azərbaycanın iqtisadiyyatına 97 milyard dollar sərmayə yatırılıb. Bunun 42 milyard dolları neft-qaz sahəsinə yatırılıb. Onun da əksəriyyəti xarici sərmayədir. Prezident əlavə edir ki, 1994-cü ildən indiyədək xarici şirkətlərlə Azərbaycan arasında heç bir ciddi mübahisə, müqavilələrə yenidən baxılma kimi məsələlər olmayıb. Bütün bunlar isə Azərbaycanın etimad qazandığının göstəricisidir.

18-ci Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi iyunun 10-dək davam edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG