Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:12

Elnur Məcidlinin qardaşını işdən niyə çıxarıblar?


Nicat Məcidli

«Bu vəzifə bir ay sonra ixtisar olunacaqdısa, məni niyə bir ay əvvəl həmin vəzifəyə təyin edirdilər? Mən bu vəzifəyə qanunvericiliyə uyğun şəkildə daxili müsahibə yolu ilə təyin olunmuşdum».

«ƏMR MƏNƏ TƏQDİM OLUNANDA, İŞDƏN AZAD OLUNDUĞUMDAN XƏBƏR TUTMUŞAM»

Bunu İqtisadi İnkişaf Nazirliyinin strateji planlaşdırma sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışan Nicat Məcidli deyir. O, Fransada yaşayan azərbaycanlı fəal Elnur Məcidlinin qardaşıdır.

N. Məcidli bundan əvvəl 2 il Nazirlikdə məsləhətçi vəzifəsində çalışıb, bu ilin fevralında isə o, daxili müsahibədən uğurla keçib və vəzifəsi artırılıb. Lakin aprelin 1-də onun tutduğu vəzifədən azad edilməsi barədə əmr verilib. N. Məcidli deyir ki, işdən azad olunmasından əmr ona təqdim ediləndə xəbər tutub.

«BU, QARDAŞIMIN FƏALİYYƏTİ İLƏ BAĞLIDIR»

N. Məcidli hazırda Cənubi Koreya hökumətinin təqaüd proqramı çərçivəsində həmin ölkədə beynəlxalq ticarət və iqtisadi əməkdaşlıq ixtisası üzrə magistr təhsili alır.

Elnur Məcidli «Facebook» sosial şəbəkəsində 11 mart – «Böyük Xalq Günü» adlı etiraz aksiyasına texniki təşkilatçılıq edəndən sonra ona bu ilin aprelində cinayət işi açılmışdı.

N. Məcidli işdən azad olunmasını elə qardaşının fəaliyyəti ilə bağlayır:

«Düşünürəm ki, bunlar hamısı bir-biri ilə əlaqəlidir.Qardaşım haqqında cinayət işi açıldı, atam işdən azad olundu, mən də işdən çıxarıldım.».

Elnur Məcidli
«BUNU SİYASİLƏŞDİRMƏK DOĞRU DEYİL»

N. Məcidlinin işdən azad olunması barədə əmr 2011-ci il aprelin 1-də verilib.

İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev AzadlıqRadiosuna bildirib ki, N. Məcidlinin işdən azad olunmasının onun qardaşının fəaliyyəti ilə heç bir bağlılığı yoxdur:

«Struktur islahatları davamlı bir prosesdir. İqtisadi İnkişaf Nazirliyinin Aparatında aparılan struktur dəyişiklikləri ilə əlaqədar olaraq vəzifə üzrə ştat vahidi ixtisar olunub. İşdən azad olunmanın siyasi fəaliyyətlə əlaqələndirilməsi doğru deyil».

CİNAYƏT İŞİNİN İCRAATI DAYANDIRILIB

27 yaşlı Elnur Məcidli Strasburq Universitetinin məzunudur. Hüquqşünasdır. 10 ildir jurnalistika ilə məşğul olur.

E. Məcidli dövlət əleyhinə açıq çağırışlar etməkdə günahlandırılırdı. Onun barəsində aprelin 1-də açılmış cinayət işinin icraatı iyunun əvvəlində dayandırılıb. Ancaq E. Məcidli icraatın dayandırılmasını yaxud işə xitam verilməsini təminatlı hesab etmir.
XS
SM
MD
LG