Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:18

Azərbaycan-Almaniya oyunundan gözləntilər


«Almaniya 2:0 qalib gələcək. Başqa nə gözləmək olar ki?»

«Almaniya 2:0 qalib gələcək. Başqa nə gözləmək olar ki?»

İyunun 7-də futbol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində doğma divarlar arasında Almaniya yığması ilə qarşılaşacaq. İyunun 3-də isə Azərbaycan yığması qrupdakı 5-ci oyununda Qazaxıstan millisinə 2:1 hesabı ilə məğlub olub. Bu da Almaniya yığması ilə oyun öncəsi futbol ekspertləri, futbol fanatları arasında müəyyən ruh düşkünlüyü yaradıb.

Vaqif Mürsəlov: müəllim

«Almaniya 2:0 qalib gələcək. Başqa nə gözləmək olar ki? Azərbaycanda futbol yoxdur. Foqts nə etsin ki. Biz oynamayandan sonra məşqçi nə etməlidir».

Nadir Cəfərov: sürücü

«Mən heç-heçə gözləyirəm».

Əjdər İbrahimov: tələbə

«Almaniya ya 3:0, ya da 4:0 qalib gələcək».

Emin Ramazanov: işsiz

«Mən də hesab edirəm 3:0 almanların xeyrinə olacaq. Məşqçinin günahı yoxdur, oyunçu lazımı qədər məvacib alır, gərək onu qiymətləndirib var gücü ilə oynasın».

Zakir Əliyev: satıcı

«Azərbaycan 2:1 udacaq. Bizim milli Qazaxıstana ona görə uduzdu ki, oyunçular yorğun idi. Futbolun başına futbol mütəxəssisləri gəlsin, Foqts qalsa da olar».

OYUNÇULARIN ZƏİF OYUNLA BAĞLI ETİRAFI

İyunun 5-də mətbuat konfransı keçirən milli komanda üzvləri Qazaxıstan yığmasına uduzmalarının səbəblərindən danışıblar. Qazaxıstanla zəif oynadıqlarını etiraf edən Əfran İsmayılov Almaniya yığması ilə oyundan heç olmasa, bir xal qazanmağa ümidli olduqlarını deyib.

Ruslan Abışov isə məğlubiyyətə görə nə özlərini, nə də baş məşqçini günahlandırıb. O deyib ki, yığmanın oyunları doğma divarlar arasında alınsa da, rəqib meydanında buna nail ola bilmirlər. O, burda azarkeş amilini həlledici sayıb.



«ALMANİYA OYUNÇULARI ARASINDA ZƏDƏLİLƏRİN ÇOX OLMASI BELƏ ...»

Milli komanda üzvlərindən fərqli olaraq «Futbol +» qəzetinin baş redaktoru Mahir Rüstəmli deyir ki, Qazaxıstanla oyundan sonrakı əhval-ruhiyyə ilə Azərbaycanın Almaniyadan xal alma ehtimalı sıfıra yaxındır:

«Almaniyadan xal alma ehtimalımız çox aşağıdır, hətta mən 5 faiz belə dəyərləndirə bilmərəm».

Mahir Rüstəmlinin fikrincə, Almaniya oyunçuları arasında zədəlilərin çox olması belə Azərbaycan yığmasının şansını artırmır:

«Bizim yığma doğma divarlar arasında yaxşı oynayır, amma bütün hallarda Almaniya yığması güclüdür və bu komanda rəqiblərinə heç vaxt güzəştə getmir. Həmişə amansız oyun sərgiləyir. Üç qol vurursa, dördüncünü də vurur, dördüncünü vurursa, çalışır beşincini də vursun».

Mahir Rüstəmli
«ADAM İSTƏR-İSTƏMƏZ PƏRDƏARXASI OYUNLARDAN ŞÜBHƏLƏNİR»

Mahir Rüstəmli deyir ki, o da həmişə Azərbaycan futbolçularının zəif olması barədə iradlarla razılaşıb. Amma Azərbaycan millisinin Qazaxıstana uduzmasından sonra onda belə bir fikir yaranıb ki, Azərbaycan futbolunda həm də hansısa pərdəarxası oyunlar gedir:

«Adam istər-istəməz hansısa pərdəarxası oyunların getməsindən şübhələnir. Sanki milli yığmanın oyunçularının bəziləri bilərəkdən oynamır. Elə bil, başqasının komandaya məşqçi gəlməsini istəyirlər. Hər halda, həmin gün oyuna çıxan 11 oyunçudan 9-u öz imkanlarından çox aşağı çıxış edib. Bir futbolçu belə özünü rəqibin qarşısına fədakarcasına atmadı».

Mahir Rüstəmli idman jurnalistlərinin milli yığmanın məşqçisinə etirazını da normal qarşılayır:

«Oyunçular pul qazana-qazana, cəmiyyətin digər təbəqələrindən daha yaxşı yaşaya-yaşaya bu qədər uğursuzluq olursa, şübhəsiz ki, ümumi ictimai rəy aqressivləşir».

«UDUZANDAN SONRA EVDƏ YAXŞI OYNAYIRLAR»

Baş redaktor hesab edir ki, bəzən böyük hesabla baş verən məğlubiyyətlərdən sonra Azərbaycan yığması cavab oyunlarında bir qədər fərqli oyun da nümayiş etdirir:

«Misal üçün Polşaya 8:0 uduzandan sonra Azərbaycan yığması Bakıda qapısından bir top buraxıb. Türkiyə ilə oyundan qabaq hamı komandadan narazı idi, amma çox böyük fədakarlıq hesabına Türkiyəni uddular».

Çingiz İsmayılov
Bu səbəbdən də «Futbol +» qəzetinin baş redaktoru hesab edir ki, həm narazılıqları nəzərə alıb, həm də öz imiclərini qorumaq baxımından Azərbaycan yığmasının yaxşı oyun nümayiş etdirəcəyinə inanır. Amma o, bu halda da oyunun iki top fərqi ilə və Almaniya yığmasının qələbəsi ilə başa çatacağını proqnozlaşdırır.

«O BİR XALI QAZANMAQ ÜÇÜN GƏRƏK...»

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) sabiq baş katibi Çingiz İsmayılov isə bütün görüşlərdə qələbə qazanan Almaniya yığmasının Azərbaycanla oyunu barədə söz deməyə çətinlik çəkir. Bu oyundan bir xal qazanmaqla bağlı milli komanda üzvlərinin optimizminə gəlincə, Çingiz İsmayılov deyir ki, hər şey onların necə oynamasından asılıdır:

«Bilirsiz, o bir xalı qazanmaq üçün 11 oyunçunun hamısı bir nəfər kimi oyunun əvvəlindən sonuna qədər mübarizə aparmalıdır».

Çingiz İsmayılova görə, Azərbaycan futbolçuları yaxşı oynayanda, çətinliklə də olsa, yadda qalan uğurlara imza ata bilirlər. O, vaxtilə Azərbaycan millisinin özündən qat-qat güclü olan İsveçrə yığmasını 1:0 məğlub etməsini, Portuqaliya millisi ilə heç-heçə oynamasını, Serbiya-Çernoqoriyanı Bakıda məğlubiyyətə uğratmasını yada salır.

Almaniya yığması ilə oyun Azərbaycan millisinin qrupdakı 6-cı oyunu olacaq. 5 oyundan hələ ki, Azərbaycan yığması cəmi 3 xal qazanıb və qrupda Qazaxıstanla 5-6-cı yerləri bölüşdürür. Qazaxıstan millisinin də 3 xalı var. Qrupa Almaniya yığması liderlik edir.

Şərhləri göstər

XS
SM
MD
LG