Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:10

Lampa kimi...



Mövlud MÖVLUD


– Mövlud, axır vaxtlar kədəri bol eləyirsən, bir az işıqlı yazılar yaz eyy, qardaşım, işıqlı!...

Keçən həftə bu sözləri deyib də çiynimə ərkyana bir-iki şapalaq ilişdirən dostumun sözlərindən sonra özümə söz vermişəm ki, indən belə işıqlı yazılar yazım.

lll

Kafenin açıq qapısından addım atmamış şair Əlisəmid Kür dəyir gözümə. Həmişəki kimi başı yığnaqlıdır. Yaxınlaşıb salam verirəm. Məni masaya dəvət edir.

– Yox, çox sağ olun...

– Dedim, otur! Vah dədə vay Allah ə!

Sözümü yarıda kəsən şairin ərkyanalığı kövrəldir məni. Masalarına qonaq oluram. Bizə yaxınlaşan qarsona yemək sifariş edib, Əlisəmid bəylə hal-əhval tutmaq istəyirəm.

– Nə var, nə...

– Əvvəl bir tikə çörək kəs!

Yenə sözümü kəsib, masadakı ümumi qabdan mənə yemək çəkir.

– Yox, Əlisəmid bəy, yox, gətirir mənim yeməyimi.

– Sənə dedim, yemək ye də, oğlum, qulaq as mənə.

Əl atıb yemək çəkirəm. Şair əllərini bir-birinə vurur. Uşaq kimi sevinir. Mənə elə gəlir indicə bir “Urraaa” deyəcək. Gözləri parıldayır, Sifətində günəş doğur elə bil. Baş barmağını qaldırıb bir əla da göstərir. “Onun sifətindəki işıqdan bütün dünyanın ürəklərinə işıq salmaq, işıq çəkmək olar” – düşünürəm.

lll

Tovuzda bir Bozqurd Etibar var idi. Müharibə vaxtı Tovuz dağlarına qalxıb, ermənilərin başına od ələyirdi. Başına yığdığı igidlərin adı bütün ölkəyə yayılmışdı.

Hər döyüşdən sonra bütün ölkəyə qürurverici soraqları yayılırdı. Etibar yanlarına gələn yerli adamlara deyirdi ki, gecə yatanda həyətin işığını söndürməyin.

Qoy, əsgər arxasında el dayandığını bilsin. İlk baxışda qansız görünən döyüşçü qardaşımızın ürəyinə baxın! Amma mən bu ölkədə 31 kitabı çıxmış, yazıçı adına iddialı adam tanıyıram, hələ belə duyğulu, belə işıqlı fikir yazmayıb.

lll

Rəssam dostum Məmməd bəydən eşitdiyim əhvalatı onun dilindən nəql etmək istəyirəm.

Evin işıqpulunu ödəməyə gedirdim. “Nizami” metrosunun qabağında rəhmətlik Ceyhun Mirzəyevi gördüm. Gözlərinin işığı öləzimişdi. Çox kədərli idi. Görüşüb hal-əhval tutduq. Mənə qayıtdı ki, Mamed, “vurmaq” istəyirəm, ancaq pulum yoxdur. Dedim, Ceka, qardaş canı, işıqpulunu keçirməliyəm. Həyalı adam idi rəhmətlik. İsrar eləmədi. “Hə, nə olar, canın sağ olsun” – dedi.

Üç addım atıb dayandım. Geri qanrılıb dedim ki. Ceyhun gedək eyyy, gedək oturaq vuraq. Bir az tərəddüddən sonra razılaşdı. Özümüzü verdik kafeyə. Ceyhun yemək yemir, eləcə dümələnirdi. “Rumka”nı başına çəkib, siqaretdən dartırdı. Məclisin axırında Ceyhun gözlərini üzümə zilləyib dedi:

– İşıqpulunu xərclədin həəə? Evin işıqpulunu xərclədin...

Ceyhunun gözlərindən yaş axırdı. Səssiz-səssiz ağlayırdı Ceka.

lll

Necədir? İşıqlı yazıdırmı?...


"525-ci qəzet"

Günün bütün mövzuları

XS
SM
MD
LG