Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:12

Nobel mükafatlı yazar qəzeti ittiham edib köşəsini dayandırdı


Mario Vargas Llosa
Mario Vargas Llosa
2010-cu ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, perulu yazıçı Mario Varqas Lyosa bu günlərəcən ölkəsinin gündəlik “El Comercio” qəzetində “ən ağır çəkili” köşə yazarlarından idi.

Amma onun son köşəsinin tənqid hədəfi elə qəzetin özü olub.

Lyosa qəzeti Peruda iyunun 5-də keçiriləcək prezident seçkilərində (2-ci tur) namizədlərin birinə açıq-aşkar tərəfkeşlik etməkdə günahlandırıb.

Söhbət ikinci tura çıxmış 2 namizəddən biri – Keiko Fujimori-dən gedir. Lyosa hesab edir ki, hazırda korrupsiya və insan haqlarının pozulması ittihamı ilə həbs cəzası çəkən keçmiş prezident Alberto Fujimori-nin qızı olan Keiko hakimiyyətə gəlsə, bu, Peruda demokratiyaya təhlükə olacaq.

Qəzetin rəhbərinə ünvanladığı köşədə yazıçı qeyd edir ki, “El Comercio” K.Fujimori-nin “təbliğat maşınına” çevrilib, jurnalist obyektivliyinin ən elementar prinsiplərinə əməl etmir, digər namizəd Ollanta Humala-ya qarşı böhtandan istifadə edir.

Lyosa bildirib ki, qəzetdə köşələrinin yayılmasından imtina edir.

Yazıçının özü qərbpərəst olsa da, demokratik dövlət quruluşu və bazar iqtisadiyyatının qatı tərəfdarı kimi çıxış etsə də, seçkidə solçu Humala-nı dəstəkləyir.

Bəziləri düşünür ki, Lyosanın Keiko Fujimori-yə qarşı çıxması şəxsi ədavətlə bağlıdır. 1991-cı ildə prezidentliyə nazmizəd olmuş Lyosa seçkini məhz Keikonun atasına uduzmuşdu.

Amma yazıçı öz seçimini obrazlı şəkildə - “xərçəng xəstəliyi və QİÇS arasında seçim etmək” kimi ifadə edir.

O deyir ki, Keikoya nisbətən hakimiyyətə Humala-nın gəlməsinin ziyanı daha az ola bilər.

Humala solçu olduğu və dövlətin iqtisadiyyat sahəsində daha böyük roluna tərəfdar çıxdığı üçün bəzi böyük biznes nümayəndələri ondan ehtiyat edərək Keikoya yardım edir.

Ollanta Humala

Bəzi ekspertlər hesab edir ki, böyük biznesin əlində olan media orqanlarında Humala-ya qarşı davamlı tənqidlər səslənir.

Hətta bəzi jurnalistlər belə televiziya kanallarından nümayişkaranə şəkildə istefa veriblər. Onlar seçkinin işıqlandırılmasında Humala-ya nisbətən Fujimori-yə daha çox efir vaxtı ayrılmasına bu formada etiraz ediblər.

İkinci tur ərəfəsində rəy sorğuları göstərir ki, Lyosanın dəstəklədiyi Humala Fujimori-ni üstələyir. Əvvəl bu fərq çox cüzi olsa da, son günlərdə bir qədər artıb. Humalanı seçicilərin 50.3, Fujimorini isə 48.2 faizi dəstəkləyir. (Bloomberg).

Amma rəy sorğusunun yanlışlıq faizinin 2,3 faiz olduğu nəzərə alınanda iyunun 5-dəki seçkidə kimin qalib gələcəyini əminliklə söyləmək çətindir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG