Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:25

Avropa Məhkəməsinə yeni seçki şikayətləri hazırlanır


İntiqam Əliyev
2010-cu il 7 noyabr seçkilərində hüquq pozuntuları ilə əlaqədar Avropa Məhkəməsinə 100-dək yeni şikayət hazırlanır.

Azərbaycan Avropa Konvensiyasını ratifikasiya etdiyi 2002-ci ildən bəri Avropa Məhkəməsinə 2500-dən çox ərizə göndərilib ki, onların da arasında onlarla seçki şikayəti var.

Hüquqşünas İntiqam Əliyev deyir ki, sonuncu parlament seçkisi zamanı qeydiyyat maneəsi, səsvermə günü isə hüquq pozuntuları ilə üzləşən şəxslər artıq yerli məhkəmə instansiyalarını keçiblər və heç birinin də şikayəti təmin olunmayıb. İntiqam Əliyev bir müddət öncə Avropa Məhkəməsinin şikayətini təmin etdiyi, 2005-ci il parlament seçkilərində millət vəkilliyinə namizəd olmuş Nemət Əliyevin işini xatırladır:

- Avropa Məhkəməsi Nemət Əliyevin işi ilə bağlı bildirdi ki, onun qalib gəlib-gəlmədiyini araşdırmır. «Biz onu araşdırırıq ki, Nemət Əliyev seçki pozuntuları ilə bağlı şikayət verib, bu şikayətləri seçki komissiyaları, məhkəmələr obyektiv araşdırıb, ya yox?» Biz də aktları təqdim edirik məhkəməyə, ya araşdırmırlar, ya da deyirlər ki, mötəbər mənbə deyil, seçki komissiyalarının izahatı ilə kifayətlənirlər. Biz də bundan şikayətçi düşmüşük.

HÖKUMƏTİN ÖHDƏLİYİNDƏN SƏS-SƏMİR YOXDUR

İntiqam Əliyev onu da xatırladır ki, Avropa Məhkəməsi 2005-ci il parlament seçkilərindən şikayətçi düşmüş İsa Qəmbər, Mirmahmud Fəttayev, Fuad Mustafayev və daha 4 nəfər barədə qərarını hökumətin öhdəliyi üzündən saxlayıb:

Gözəl Bayramlı 17 aprel aksiyasında
- Hökumət öhdəlik götürdü ki, seçki sahəsində qanunvericiliyin tətbiqi praktikasını Avropa Konvensiyasının standartlarına uyğunlaşdıracaq və şikayətçilərə kompensasiya ödəniləcək.

İntiqam Əliyev deyir, hələ ki, bu öhdəliyin yerinə yetirilməsi ilə bağlı bir yenilik yoxdur, əksinə, 2010 parlament seçkisi zamanı daha çox hüquq pozuntularına yol verilib. Elə Avropa Məhkəməsinə göndəriləcək 100-dən çox şikayət də oxşar məzmundadır.

Şikayətçilərdən biri, AXCP sədrinin müavini Gözəl Bayramlı AzadlıqRadiosuna deyir ki, o, millət vəkilliyinə namizəd kimi bir sıra pozuntularla üzləşib və indi haqqını Avropa Məhkəməsində müdafiə etmək niyyətindədir.

«...BİR DAHA SÜBUT OLUNMASINI İSTƏYİRƏM»

«Avropa Məhkəməsinin seçki hüququ ilə bağlı qərarları var və müşahidəçilər deyirlər ki, bu qərarlar seçki qanunvericiliyinin təkmilləşməsinə təsir etməyib. Siz nə gözləyirsiz» sualına Gözəl Bayramlı belə cavab verdi:

- Ən azı Azərbaycan hakimiyyətinin nəyə qadir olduğunu, insan haqlarının nə qədər tapdandığını, qanunların işləmədiyini, bunun da başında Azərbaycan hakimiyyətinin durduğunu bir daha sübut etmək istəyirəm.

Rəbiyyət Aslanova
Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova isə Avropa Məhkəməsinə gedən şikayətlərin təmin olunmayacağını düşünür, deyir ki, beynəlxalq təşkilatlar sonuncu parlament seçkiləri haqda müsbət fikirdədir:

- Azərbaycanda seçkilər çox şəffaf keçib, demokratik keçib. Azərbaycan vətəndaşları öz iradələrini ortaya qoyublar. Seçkidə seçilə bilməyən adamların Avropa Məhkəməsinə müraciəti yersizdir. Seçicilərin səsini qazanmaq lazım idi, seçkiyə kölgə salmağa cəhd göstərmək yox».

- Axı, Avropa Məhkəməsi seçki ilə bağlı bəzi şikayətçilərin iddiasını təmin edib və bununla bağlı hökumət öhdəlik götürüb.

- Yaxşı olar ki, Avropa Məhkəməsi Ermənistanda seçki vaxtı baş verən zorakılığa daha dərin diqqət yetirsin və bu şikayətlərdən Azərbaycana təsir vasitəsi kimi istifadə etməsin.

«TÖVSİYƏNİ QULAQARDINA VURANDA...»

Hafiz Həsənov
Seçki məsələləri üzrə ekspert Hafiz Həsənov isə deyir ki, Avropa Məhkəməsinin qərarlarından sonra yerli məhkəmələr öz qərarlarında əvvəlki səhvləri təkrarlamamalıdırlar, amma təkrarlayırlar. O hesab edir ki, Avropa Şurası özü də bu barədə düşünməli və sanksiya mexanizminə yenidən baxmalıdır:

- İslahatlarla bağlı tövsiyələri, tələbləri qulaqardına vuran bu tip ölkələr üçün ərəb dünyasında baş verən proseslərin aktuallaşması qaçılmazdır.

2010-cu ildə Avropa Məhkəməsinə Azərbaycandan 350-yə yaxın ərizə göndərilib, 16 qərar çıxarılıb. Azərbaycan dövləti isə 450 min avroya yaxın cərimə olunub.

Şərhləri göstər

XS
SM
MD
LG