Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:07
ƏVVƏLİ

“Sarışın quş”un yarımintim təklifi Mərifət kişinin incə hisslərinə toxundu və onun beynində üç variantlı xəyal yaratdı.

Birinci variant belə idi: indi o, əyilib xanımın qulağına qarnının dərdini deyəcək və onlar maşına oturub yolqırağı kafenin kupesinə gedəcəklər.

İkinci variant bir qədər fərqli idi: Mərifət xanımın qulağına qarnının dərdini deyəcək və o, vədedici tərzdə, nazlana-nazlana gülümsünərək, çantasından vizit kartı çıxarıb Mərifətə verərək deyəcək: - Sabah zəng elə, görüşək. Saat 6-dan sonra.

Amma Mərifətin dar və xəstə təxəyyülü imkan vermədi ki, üçüncü variantı proqnozlaşdırsın. Ona görə də o, ucuz bordellərdə 25 il çalışan fahişəylə danışırmış kimi ürəyindən keçən istəyi “sarışın xanım”a açıqlığı ilə dedi.

Niyyətin o qədər açıq və birmənalı ifadə edilməsinə baxmayaraq xanım gözünü qıyıb soruşdu: - Ne ponyala, povtori.

Mərifət öz arzusunu yenidən, ancaq bu dəfə lakonik, gücü felin üstünə salaraq dilə gətirdi. Xanımın sifəti qəfildən ciddiləşdi və o, yarım addım geri çəkilib, sərt hərəkətlə Mərifətin suratına tutarlı bir şillə çəkdi. Şapalaq tapança səsi verdi.

Mərifət instinktiv olaraq üzünü tutdu, növbəti şillədən çəkinirmiş kimi bir addım geri çəkildi və demək olar ki, anqırdı: - Nooluv, aaz? Nə dedim saa? Dedim, mümkünsə, olsun, mümkün dəyilsə, lazım dəyil.

Xanım bərk əsəbiləşmişdi və ağzını-üzünü eymələyə-eymələyə onu hədələməyə başladı - Sən hansı duxla mənə seks predlaqaeş, asyol nesçastnıy? Adə, sən bilirsən, məni kim sax... mən kimnən oturub-dururam? Sən öl, o, sənin şalvarını çıxartdırar, poqonunu yoldurub ağzına verdirər...

Daha sonra “sarışın gözəl” bir az da əsdi-coşdu, arada onu çantası ilə vurmaq istədi. Ancaq sonra yol ötən maşınların sürücülərinin maraqlı baxışlarından utanaraq sakitləşdi, bu işi belə qoymayacağına and içərək, Mərifətin var-yoxuna, ağzına-üzünə söyə-söyə maşınına oturdu. Birdən nə fikirləşdisə, avtomobil şüşəsini endirib qışqırdı:

- Trafik eşşəyi.

Bu, bayaq Mərifətin “trafik canavarı” barədə dediyi sözə onun cavabıydı.

Mərifət onun “quş” olduğuna əmin olaraq bir az yüngülləşsə də, hələ bir müddət də “sarışının” hədəsi qulağında cingildədi və gözünün qabağına rəisi gəldi. O, təsəvvür elədi ki, rəis kabinetdə onu şalvarını çıxmağa məcbur edir, sonra onun poqonu sökür və ona yedirdir.

Mərifət təvəllüdündən bəri bu qədər söyüşü bir yerdə, popurri şəklində eşitməmişdi. Ona görə də o, zərif cinsin nümayəndələrinin gerçək potensialı barədə qəmli fikirlərə dalaraq öz postuna qayıtdı və qərara aldı ki, bu “sarışın qancığ”ın acığını axşam evdə öz arvadından çıxsın.

***

Təxminən 1 saatdan sonra Mərifətə bir balacaboy, arıq və üzütüklü kişi yaxınlaşdı. Bu, “avtoş”luq edən yeniyetmənin “yatıb-çıxmış” atası idi. Kişi kim olduğunu bildirdikdə Mərifət ona sınayıcı nəzərlərlə baxdı və soruşdu: - Sənsən o vor-zakon?

“Kriminal avtoritet” dil tökməyə başladı, Mərifətin sağına, soluna keçdi, axırda tamam yazıq hala düşdü və dilləndi: - Di yaxşı, sən Allah. Qələt eləyib oğlum, başını da daşa döyüb. Blatnoy avtoritet deyiləm mən, çurbanam, çmoyam, loxam. Di maşını ver gedim, sən balalarının canı, sən həzrət Abbas.

Mərifət bu yalvarışlara qane olmadı. Sonda Kişi cibindən pul çıxarıb onun cibinə basdı, maşınının açarını alıb, qapısını açdı və oturub getdi.

Kişi 4-5 dəqiqədən sonra yaşadığı qəsəbəyə çatdı, küçədə veyillənən oğlunu qulağından yapışıb bir neçə şapalaq çəkdi və belə bir izahat verdi: - Köpəyoğlu, sən məni hökumətinən niyə üz-göz eləyirsən? Gərək onu vurub öldürəydim? Əlimdən almasalar, indi yenə türmədəydim.

Qulağı çəkilmiş, şillə yemiş yeniyetmə bu hayıfı “o eşşək”dən çıxmaq üçün düşündü, düşündü, axırda nə eləmək olduğunu tapdı.

***

Günorta mürgüsündən yenicə ayılan Mərifət gördü ki, yolla yavaş-yavaş irəliləyən “KamAZ” onun tuşundan 60-70 metr ötəndən sonra yolun kənarına çıxıb dayandı. Sürücü yerə düşdü. Onun nə edəcəyi Mərifəti maraqlandırdı. Sürücü yolun kənarında dirəyə bağlanmış qara eşşəyə yaxınlaşdı, cibindən nəsə çıxarıb onun qulağına soxdu. Sonra o, geri qayıdıb maşınına mindi və sürüb getdi.

Mərifət maşınından çıxıb aram-aram eşşəyə yaxınlaşdı. Çatdı. Eşşəyin böyründə ağ boya yazılmış “YPX” sözünü oxuyub qəzəbləndi: “Eşşək uşağı, sizin ... . Xeyli söydü.

Bu yerdə onun pələ qulaqlarına gülüş sədaları dəydi. Bir az aralıda yeniyetmələr görünürdü. Onlar Mərifətə acıq verir, oynayırdılar- biri “Papaq”, biri “Ləzginka”, biri breyk, biri də nə gəldi. Mərifətin gül ağzı yenə açıldı: - Sizin ...

Sonra o, böyrünə “YPX” yazılmış eşşəyi dirəkdən açdı, “KamAZ” sürücüsünün ulağın qulağına soxduğu 1 manat götürüb, cibinə basdı və uşaqlara qışqırdı: - Bu eşşəyin kraskasını sizə yalatmasam, dədəmin oğlu döyüləm.

Uşaqlar qəh-qəhə çəkməyə başladılar, guya ki, uğunub getdilər, sonra təzədən rəqs etməyə başladılar.

Mərifət eşşəyin belinə bir dəyənək zərbəsi ilişdirib dedi: - Toş, toş, irədd ol, get!

Uşaqlardan biri qışqırdı: - Ey, rəis, adam naparnikini incitməz!

Mərifət yenə ağzını açdı: - Eşşək oğlunun balaları, sizin...

***
Mərifət böyrü boyalı eşşəklə və dəcəl uşaqlarla mübarizə aparmaqdaykən xəbəri yox idi ki, bu dəqiqə başqa-başqa yerlərdə onunla da mübarizəyə başlayan adamlar var.

Səhər-səhər yol polisi tərəfindən incidilən jurnalistin gücü qələminə çatmışdı və o, artıq sabah çıxası nömrənin siqnal vərəqini korrektora təqdim edirdi. Məqalənin başlığı belə idi: “MƏRİFƏTSİZ YOL POLİSİ – ONUN NOXTASINI ÇƏKƏN TAPILACAQMI?”

***

Məsciddə namaz qılan molla əlini göyə tutmuşdu: - Ey gözəl Allahım! Bu gün bir ulaq təbiətli nadürüst, mürtəd, kafər oğlu kafər sənin bu mömin bəndənə ilişdi. Onun cəzasını özün bildiyin kimi ver, ey qadir Allah.

***

Öz iş yerində - gözəllik salonunda rahat kresloda oturan “sarışın” və nazlı xanım nazlana-nazlana mobil telefonla kiməsə zəng edib bu gün başına gələn hadisəni yerli-yataqlı danışdı.

Bazburutundan mafiya bosslarına oxşayan kişi telefonu söndürdükdən sonra zəngi basıb köməkçisini çağırdı və əmr verdi: “Mühafizə xidmətindən iki nəfər getsin, o sıpa gədəni eşşək kimi çırpsın”.

Hadisə yerinin ünvanını almış üç cantaraq cangüdən əkə-bükə mafiozlar kimi cip növlü maşına oturub yola çıxdılar.

***

Jurnalist barmağını “MƏRİFƏTSİZ YOL POLİSİ...” başlıqlı məqaləyə vuraraq telefonda nazirliyin mətbuat xidmətinin əməkdaşına deyirdi: “Qəzetdə yazmışam, tədbir görməsəniz, nazirin özüylə danışmalı olacam. Özü də deyir ki, mən oralıları hərrəmirəm”.

***
Mərifət bu dəqiqələrdə torbasının haralarda necə tikildiyindən xəbərsiz halda gərnəşirdi.
Cantaraq cangüdənlər – “mafiozlar” maşından düşüb ona yaxınlaşanda, onun ağlına gələn ilk fikir o oldu ki, Allah ona nəzir göndərib.

***

Molla isə Allaha müraciətini yekunlaşdırıraq dedi: - İndi səndən təvəqqəm budur ki, bu məlunu zəif yerindən elə vurasan ki, dizi yerə gələ, ağlı da başına.

***

Cangüdənlər təşər addımlarla Mərifətə yaxınlaşdılar. İkisi onu salamsız-kalamsız, Amerika filmlərindəki şeriflər kimi maşına söykədilər. Onunla üzbəüz qalan üçüncü cangüdən Mərifətin xaya nahiyəsindən bir təpik tutuzdurdu – idman şərhçilərinin sözü olmasın, ayağının içi ilə.

O “vay, dədə” deyib dizi üstə yerə çökdü, gözünü yumdu. “Mafiozlar” onun üstündə bir az da “çalışdılar”, sonra cipə oturub getdilər.

Poqonunda iki yekə ulduz olan rəis telefonla özündən balaca rəisə əmr verdi: - O eşşəyin əmrini verin, keçirdin mühafizə polisinə, getsin qarovulçuluq eləsin. Yolda bizi biabır eləyir.

***

Mərifət yerdə döşəli idi. Üz-gözü sarıqlıydı. Arvadı onun qullğundaydı. Mərifət həzin səslə polis müstəntiqinə danışırdı: - Çox idilər. Dövlətçilik əleyhinə... şüar qışqırırdılar. Mən onları... sakitləşdirmək istədim. Müqavimət göstərdilər...

***

Əhliman döngədə maşınına söykənib gərnəşirdi.

***
“Sağa ver, saxla” əmrindən, “sənədlərini təqdim elə” tələbindən, standart iraddan, ənənəvi “mən jurnalistəm” eyhamından və eyhama qeyri-ənənəvi cavabdan sonra jurnalist Əhlimana acıqlandı: - Sən kimə reket deyirsən? Yaxşı, gününü görərsən.

Əhliman da üzünü bozartdı: - Get, kimə deyirsən, de, nə yazırsan, yaz.

***

Molla maşını sağa verib saxladı. Əhliman ona yaxınlaşdı: - Düş, baqajı aç görüm, əşi!

Molla ona tərs-tərs baxdı, yəni nəyə görə.

Əhliman qısa kəsdi: - Nəşəsatanlara oxşayırsan.

Günün bütün mövzuları

XS
SM
MD
LG