Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:01

Etibar Muradxanlı "Fəridə nənəgilin pəncərələri" (Hekayə-davamı)


ƏVVƏLİ

- Aazz, hara tələsirsən? Bəs mən süd alacaqdım axı...- deyə ucadan səsləndi. Qatıqçı yerə çöküb üzünü çəpinə yuxarı tutdu:

- Neçə kiloluq istəyirsən? - deyə soruşdu. Fəridə xala həftədə bir, ya da iki dəfə ağartı alardı. Onda da qatıqçı çantasını həyətdəcə qoyub bankaları özü dördüncü mərtəbəyə, müştərisinin mənzilinə qaldırardı. Bu gün isə Fəridə xalanin ağartı almaq niyyəti yox idi. Amma qatıqçıya acıdığından onun vəziyyətini yüngülləşdirmək istədi:

- Dayan, dayan, özüm düşərəm. Onsuz da çörəyə düşəcəkdim.- Fəridə xala gənc bir qız çevikliyi ilə aşağı yüyürdü. Qatıqçı çantasının yanında yerə çöküb eləcə də gözləyirdi. Fəridə xala qatıqçının gözlərinin düz içinə baxdı. Arvadın gözlərindən sanki alov çıxırdı. Qipqırmızı qızarmışdı. Fəridə xala üzbəüz cömətmə oturub əlinin arxasını yüngülcə onun alnında gəzdirdi:

- Sənə nə oldu, qız? Qızdırma səni aparır ki!- Əlini çiyinlərindən sürüşdürüb barmaqlarını ovuclarına aldı:

- Nə düşüb sənə, bu halınla alver edirsən? Evində otursana!

Qatıqçı özünü sındırmadı:

- Eh, Fəridə xala, evdə oturanda daha da ağırlaşıram. Mən qripi elə ayaq üstə keçirirəm.

- Dur, dur, qız, gedək evə, zoğal mürəbbəsi ilə bir stəkan çay içib gedərsən.
Qatıqçı hələ malını xırıd eləməlidir deyə etiraz etsə də Fəridə xala əl çəkmədi.
Qolundan tutub təkidlə evə gətirdi. İçəri girən kimi hələ ayaqqabılarını soyunmamış:
- Sənin adın nədir, qız? - deyə soruşdu.

- Tahirə. - Paltosunu belə soyunmadan ev sahibəsinin ardınca içəri keçdi. Fəridə xala Tahirəyə oturmaq üçün yer göstərib mətbəxə adladı:

- Ay qız, Sahirə, elə buna görə iki gün idi görünmürdün?- mətbəxdən də səsi eşidildi. Bir dəqiqə keçmədi ki, bir əlində çayla dolu stəkan, bir əlində isə mürəbbə qabı otağa qayıtdı. Qonaqla üzbəüz oturanda Tahirə sualına cavab verməmiş ev sahibəsinin səhvini düzəltməyə çalışdı:

- Sahirə yox, Fəridə xala, Tahirə.

- Nə,.. Sahirə?.. Hə, hə, elə Sahirə deyirəm də...

Tahirə onu başa sala bilməyəcəyini, buna hövsələsi də çatmayacağını görüb, sualın cavabına keçdi:

- Yox, ay Fəridə xala, yox. Təki elə xəstə olduğum üçün gəlməyəydim.

- Aazz, nə olub bə sənə?.. - Fəridə xala ona daha da yaxın oturdu.

- Ermənilər,.. ermənilər qardaşımı öldürüblər, Fəridə xala! –Elə bil göz yaşları ovcunun içində idi.

- Nə, qardaşını öldürüblər?!

Tahirə anlatdı ki, ermənilər Dağlıq Qarabağa qarşı torpaq iddiasından əl çəkmirlər. Tez –tez müxtəlif kəndlərə, rayonlara silahlı hücumlar edir, dinc əhaliyə divan tutur, var –yoxlarını əllərindən alıb aparırlar. Onlara qarşı əliyalın, təsadüfi halda isə ov tüfəngi ilə çıxan azərbaycanlıları da rus hərbçilərinin köməkliyi ilə qanına qəltan edirlər. Məlum oldu ki, Tahirənin qardaşı da bu haqsızlıqlara dözməyərək kənd cavanlarından ibarət kiçik bir dəstə yaradıb. Məqsədləri də erməni quldurları ilə mübarizə aparmaq, evlərini, kəndlərini onlardan qorumaq, işğalcıların Qarabağa qarşı torpaq iddialarına son qoymaq olub...

Tahirə sakitləşmək bilmirdi. Ermənilərin Dağlıq Qarabağda törətdiyi cinayətlərdən danışdıqca daha da coşur, gözünün yaşını sel kimi axıdırdı.

Fəridə xala isə qoy ağlayıb yüngülləşsin deyə onu sakitləşdirməyə belə cəhd göstərmir, heyrət içində dediklərinə qulaq asırdı.

Inana bilmirdi ki, oğlunun da xidmət etdiyi, Rəhim kişinin ömrünü qoyduğu rus ordusu ermənilərlə birləşib azərbaycanlılara qarşı belə ədalətsizliyə yol verər...

Çayını da içmədən ayağa durdu. Sanki bura dərdini deməyə gəlmişdi. Fəridə xala da onu saxlamadı. Amma çıxanda süd - qatığın hamısını götürəcəyini söylədi.

Dərhal da əl çantasından pul çıxarıb Tahirənin etirazına baxmayaraq haqqını ödədi. İş günlərini Tahirəyə bildirib bundan sonra qalan malını yataqxanaya gətirməsini xahiş etdi. Özü satıb pulunu ertəsi verəcəyini söylədi...

Yuxusu qaçmışdı. Heç nahar etmək də istəmirdi. Dünəndən stolun üstündə qalan şəkilləri götürüb, kart paylayırmış kimi bölməyə başladı. Hələ tələbə ikən hərbi formada çəkdirdiyi şəkilləri bir sırada yanaşı düzdü.

Oğlunun şəkli tək, oğlunun şəkli bir – neçə dostu ilə birlikdə, bir də oğlu da sırada durduğu alay: Oğlu da tərkibində olan rus əsgərləri.

Bakının küçələrində yüzlərlə günahsız insanı qanına qəltan edən “qüdrətli” sovet ordusu.

Dağlıq Qarabağda işğalçı ermənilərin törətdikləri saysız – hesabsız cinayətlərə ortaq olan, separatçı siyasətlərinə dəstək verən Sovet Sosialist hərb maşını...

Nazim uşaqlıqda əsgər olacağını deyirdi. Böyüdükcə komandir, sonralar isə general olmağı arzulayırdı. Onun bu arzusuna atası da, Fəridə xala da çox sevinirdilər. Ən çox ona görə sevinirdilər ki, Nazim Vətəni qorumaq məqsədi ilə hərbə maraq göstərirdi. Amma onun Vətənini qoruyacağına inandığı, bütün gəncliyini, bacarığını, enerjisini həsr etdiyi ordu indi əksinə olaraq doğma torpaqlarını erməni təcavüzünə məruz qoyur, Vətənini düşmənə satırdı...

“Anacan, özümə gəlincə, mən də yaxşıyam. İşlərim də lap əla gedir. İndi artıq rota komandiriyəm, rütbəm də kapitandır”.

- Kaş nə komandir olaydın , nə də kapitan. Esgər olaydın, sıravi əsgər. Amma Vətəndə, Azərbaycanda olaydın.

“Anacan, mənə burada çox qayğı göstərirlər. Yaxşı bir hərbçi, savadlı mütəxəssis kimi həmişə hörmət edirlər”.

- Hansı hörmətdən danışırsan, ay oğul, ay sənə qurban olum?! Elə sənin əlinlə Bakının küçələrini qana boyamadılarmı?!

“Komandirlərim də mənim perspektivimə inanırlar. İnşallah, tezliklə qarşinda gənc bir general görəcəksən”.

- Kaş general yox, əsgər görəydim, oğul, adi, sıravi əsgər. Amma ləyaqətli, Vətəninin qeyrətini cəkməyi bacaran, yeri gələndə onun uğrunda ölməyə layiq olan
və cəsarəti çatan mərd bir əsgər! - Gözlərinin yaşını sildi.

“Anacan, yaxın günlərdə xaricə ezamiyyətə gedəcəm. Əsgərlərimizi xarici ölkələrdən dislokasiya etməliyik”.

- Kaş sən özün də öz Vətəninə dislokasiya olunaydın...

“Ola bilsin ki, bir müddət səninlə əlaqə saxlaya bilməyim. Darıxma, Allah qoysa qayıdan kimi zəng edəcəm”.

- Allah qoysun, can bala, Allah qoysun. Amma qurban olduğum nədənsə hələ də məsləhət bilmir, bizi sınağa çəkir…

Qapı döyüldü. Gələn Dilbər idi. Fəridə xala bütün gecəni işdə olduğu üçün yatmadığına baxmayaraq, bütün günü də istirahət etmədi. Əvvəl qonşusu ilə, sonra xəyali rəfiqəsi ilə söhbət etdi. Heç vaxt şikayətlənmədiyi taleyindən, heç vədə gileylənmədiyi oğlundan narazılandı. Ağladı. Yetmiş illik həyatında heç kəsin görmədiyi göz yaşlarını axıtdı…

Rəhim kişi ilə artıq dostlaşmışdılar. Rəhim kişi daha Fəridə xala işə gələn kimi növbəni təhvil verib evə tələsmir, oturub azı yarım saat növbə yoldaşı ilə söhbət edir, həyatından danışırdı.

Fəridə xala da özü haqqında, Nazim haqqında Rəhim kişinin bütün suallarına həvəslə cavab verir, Nazimin tez – tez zəng etdiyindən, məktubu məktuba caladığından, hər ay başı ona pul göndərdiyindən danışırdı. Ən çox isə zəmanədən danışırdılar.

Rəhim kişi Sovet Ordusunun ermənilərlə birlikdə Qarabağda törətdiklərinə heç cür inana bilmirdi. 20 Yanvarda Bakıda baş verən hadisələri isə anlaşılmazlıq adlandırırdı.

Etiraf etməyə cəsarəti çatmasa da həyatını rus ordusuna verdiyi üçün qəlbinin dərinliklərində baş qaldırmış təəssüf hissi gözlərindən aydınca oxunurdu.

Son günlər daha səliqəli geyinir, sanki acıq verirmiş kimi hərbi xidmətdə aldığı medalların bütün simvollarını da döşünə taxırdı. Amma getdikcə daha da qaraqabaqlaşır, tez –tez də ürəyini tuturdu.

Buna baxmayaraq heç vaxt heç nədən şikayətlənmir, ürəyinin ağrıdığını boynuna almırdı.

...Rəhim kişi Fəridə xalaya çox ayıq yatdığını demişdi. Amma gözüaçıq yatdığını deməmişdi. İndi onu belə görəndə, Fəridə xala Rəhim kişinin o vaxt elə beləcə, gözüaçıq yatmasını nəzərdə tutduğunu düşündü.

Amma təəccüb etdi. Adəti üzrə Fəridə xala gələnə qədər Rəhim kişi tam hazır olar, foyedə var - gəl edə -edə onu gözlər, növbə yoldaşını ayaq üstə qarşılayardı. Amma nədənsə indi oturduğu stulun söykənəcəyinə yüngülcə dayaqlanıb , əllərini də şagird kimi stolun üstünə qoşa qoymuşdu. Nəzərlərini tavanda məchul bir nöqtəyə zilləyib gözüaçıq yatırdı.

Fəridə xala neçə vaxtın narahatlığına, yorğunluğuna tab gətirməyib, nəhayət, kişinin elə iş başındaca yatdığını düşündü. Oyadıb narahat etmək istəmədi.

Cantasını astaca stulun ciyinliyinə kecirib elə Rəhim kişinin özününcə vərdiş etdirdiyi kimi növbəni qəbul etməyə başladı. Hər şey qaydasında idi.

Səssizcə gəlib növbə yoldaşı ilə üzbəüz oturdu. “Gör necə yorğundur ki, hələm – hələm oyana bilmir”. - deyə düşündü. Hansı ki, Rəhim kişi kimi ayıq adam Fəridə xalanın nəfəsini belə dərmədən etdiyi hərəkətləri hiss edib dərhal ayılmalı idi.

- Dur, dur, ay kişi, dur, gedib evdə rahatca yatarsan. – Narahat olmağa başlayan Fəridə xala pıçıltı ilə səsləndi. Səs çıxmadığını görəndə barmaqlarının ucunda xəfifcə kişinin sinəsinə toxundu:

- Rəhim kişi, ay Rəhim kişi!..

Rəhim kişi sanki heykəl idi. Sinəsini azca irəli verib , başını dik tutmuş, buz kimi soyuq gözlərini tavana dikmişdi. Fəridə xala xoflanmağa başladı:

- Rəhim, Rəhim!- deyə yerində dikəldi. İrəli dartılıb gözlərini Rəhim kişinin azacıq nəmdən par – par parlayan , artıq rəngini itirməkdə olan göy gözlərinin içinə zillədi:

- Rəhim, sənnən döyüləm, Rəhim?.. Aaa,.. kişiyə nə oldu?!. – Pencəyinin yaxalığından tutub silkələdi. Dayağını itiribmiş kimi Rəhim kişinin boynu arxaya axdı. Qolları stolun üstündən sürüşüb yanlarına düşdü. Fəridə xala onun artıq çoxdan həyat nişanəsini itirmiş gözlərinin dərinliyindən bir ölü boylandığını gördü.

- Rəhim,..Rəhim!.. –oturacağa çökdü. Əllərini ağzına basıb lal bir hönkürtü ilə ağladı...

Rəhim kişi əsl hərbçi kimi ayaq üstə, iş başında, məğrurcasına öldü. Bir azdan sonra komendant da gəldi. Yataqxananın bütün sakinləri birinci mərtəbədəki foyeyə axışdılar.

Sonra da təcili yardım maşını gəlib çıxdı. Kişini ehmalca stuldan qaldırıb tutacaqlı çarpayıya uzatdılar.

Fəridə xala yaxınlaşıb böyründəcə cöməltmə oturdu. Titrək əllərini xəfifcə alnından sifətinə doğru sürüşdürüb gözlərini qapadı. Pencəyinin çiyinlərini dartıb yerinə otuzdurdu.

Gömgöy damarları pırtlayıb üstündə ilan kimi qıvrılan əllərini sinəsinə, yaxalığına doğru sürüşdürdü. Xidmətləri müqabilində aldığı medallarının simvollarını yerində rahladı...

Həyatını Sovet ordusuna həsr etmiş, polkovnik rütbəsinə qədər yüksəlmiş Rəhim kişinin ömür yolu beləcə sona yetdi. Qüdrətinə və ədalətinə inandığı orduda xidmətdən qürur duyan rus əskərinin ömrü Azərbaycan Politologiya institutunun yataqxanasında beləcə bitdi...

...Və,..və onun gözlərini gözü hələ də yolda qalmış, oğlu rus ordusunda xidmət edən, Rəhim kişinin getdiyi yolu gedən bir rus əsgərinin azərbaycanlı anası qapadı..

...Tabutunu isə azərbaycanlılarla birlikdə müxtəlif respublikalardan Azərbaycana oxumağa gəlmiş tələbələr qaldırdı...

Fəridə xala işdən çıxmaq haqqında ərizə vermişdi. O, dərdlərini unutmaq, başını qarışdırmaq məqsədi ilə işə düzəlmişdi. Amma əksinə oldu.

Başa düşdü ki, evdə oturub özünün, xəyali rəfiqəsinin, oğlunun, qonşularının, kiçik məhəlləsinin fikrini etmək bütün cəmiyyətin dərdini çəkməkdən daha asandır...

Komendantın ərizəni qəbul edib – etməyəcəyinə baxmayaraq qəti fikrini bildirib yataqxananı tərk etdi.

“Səni görmək üçün burnumun ucu göynəyir, anacan! Sənə qurban olum, özünü qoru!..”

...Qapı döyüldü. Fəridə xala sonuncu cümlələri də bitirməyib, məktubu stolun üstünə qoydu.

Gələn poçtalyon idi. Fəridə xala qapını açdığı üçün peşiman oldu. Daha ondan heç nə gözləmirdi. Amma hər dəfə onu görəndən sonra bir gün özünə gələ bilmirdi.

Bir söz belə demədən qapının kəndarında durub poçtalyonun nə deyəcəyini, indi kimi soruşacağını gözləyirdi. Poçtalyonunsa sanki dili tutulmuşdu. Gözləri od tutub yanır, alov saçırdı. Titrək əlindəki məktubu bir qədər irəli uzadıb:

- Fəridə xala, Fəridə xala, Fəridə xala!.. – səsləndi. Daha bir söz deyə bilmədi. Fəridə xala onun yaşdan dolmuş gözlərinə, əlindəki məktuba baxıb qeyri – ixtiyari bir addım geri atdı:

- Məktub, məktub kimədir?! - xırıltılı səslə soruşdu.

- Nazimdəndir, Fəridə xala, Nazimdəndir!!!

Yerindən tərpənmədi. Çöhrəsində cağlayan sevinc bir andaca ciddi bir görkəmlə əvəzləndi. Sanki adi, hər gün baş verən hadisə baş vermişdi. Sanki poçtalyon daha çox sevinirdi.

- Sağ ol, oğul, sağ ol!.. – quruca dedi.

Poçtalyon məktubu Fəridə xalanın ovcuna qoydu. Uzaq səfərdən qayıdan atasının qarşısına yüyürən uşaq sayağı pillələr boyu sevincək yüyürdü. Fəridə xala qapını da örtməyi unutdu. Sanki Nazimin özünü sinəsinə basırmış kimi məktubu köksünə sıxaraq otağa qayıtdı.

Yetirib divana çökdü. Çiskin havada pəncərə şüşələri boyu üzü aşağı sürünən şəffaf şeh damlaları kimi göz yaşları qapalı gözlərindən süzülüb titrəyən yanaqları boyu axdı...

Fəridə xala ümidini itirməmişdi. Oğlunu nə vaxtsa görəcəyinə, səsini eşidəcəyinə, nə vaxtsa onun yazdığı yeni sətirləri oxuyacağına inanırdı. Amma həmin anları necə yaşayacağını təsəvvür belə etmirdi. Fəridə xalanın fikrincə əsl xoşbəxtliyi də elə onda dadacaqdı.

Xoşbəxtliyin nə olduğunu onda biləcəkdi. Və onu dadmayınca, bütün vücudunda hiss etməyincə xoşbəxtliyin nə olduğunu təsəvvür belə edə bilmirdi... Təsəvvür edə bilmirdi ki, xoşbəxtlik göz yaşları, az qala yerindən qopacaq ürək çırpıntıları, titrəyən dodaqlar, uçunan çəkisiz vücudla yaşana bilər.

O, bu hissləri tamamilə başqa məzmunda, xoşbəxtliyin tam əks mənasında yaşamışdı. Amma təsəvvür etmirdi ki, həmin duyğuları məhz indiki halında, illərlə gözlədiyi xoşbəxtliyin gəldiyi anlarda da yaşaya bilər...

... - Ana nədir, Anacan?

- Ana - insanı dünyaya gətirən, ona həyat verən, süd verən, onu böyüdən, tərbiyələndirən, onun qayğısını çəkən qadın.

- Vətən də qadındır? - Nazim ağaca çıxırmış kimi balaca əlləri ilə anasının çiyinlərindən tutub qucağına dırmandı.

- Yox, oğlum, Vətən Vətəndir. Vətən doğulub boya – başa çatdığımız ölkə, üstündə gəzdiyimiz torpaq, barından, bəhərindən yediyimiz, qanunlarına tabe olduğumuz məmləkətdir! Vətən çox şeydir, oğlum, evimiz də Vətəndir, həyətimiz də Vətəndir, məhəlləmiz də Vətəndir, şəhərimiz də...

- Məktəbimiz də?.. - Nazim anasının sözünü kəsib sual verdi.

- Əlbəttə, Nazim, məktəbimiz də, hətta sinif otağımız da Vətəndir.

- Bəs müəlliməm deyir ki, Vətən anadır? - Bu söhbət hələ Nazim birinci sinifdə oxuyanda olmuşdu. O zaman Nazim gördüyü hər bir şeyə, eşitdiyi hər bir sözə min bir sual qoşar, istədiyi cavabı almayınca anasından əl çəkməzdi. Amma anasının verdiyi cavablarla kifayətlənməz, axşam atası evə gələn kimi eyni suallarla ona da müraciət edərdi. Cavablar müxtəlif olduqda isə “- bəs anam belə deyir, bəs atam belə deyir?”- deyə hər ikisini məşhər ayağına cəkərdi...

- Bəli, oğlum, Vətən də Ana kimi, Ana da Vətən kimi müqəddəs olduğu üçün hər ikisi bir – biri ilə müqayisə edilir. Elə şeylər var ki, onu insana yalnız ana verə bilər, elə şeylər də var ki, yalnız Vətən. Ana sənə həyat, döşündən süd verdiyi kimi , Vətən də sənə köksündə, sinəsində yer verir, hava verir, su verir…

Bax, Vətən də, Ana da buna görə müqəddəsdir, əzizdir. Amma biz onları təmənnasız sevməliyik!..

Fəridə xala bir qədər hissiyyata qapılmışdı. Amma axşam atası Nazimə hər şeyi daha sadə yolla başa salmağa çalışdı…

“Salam, anacan!” - Fəridə xala bu sözü bir neçə dəfə oxudu. Amma gözlərini yaş tutduğundan ardını oxuya bilmədi. Ardı yalnız Nazimin uşaqlıq simasında yenidən gözləri önündə canlandı.

- Anacan, əsgər olmaq yaxşıdır, milis?

- Hər ikisi yaxşıdır, oğlum.

- Bəs alim?

- Alim də yaxşıdır.

- Bəs atam deyir ki, elə hər üçü əsgərdir?

- Düzdür, Nazim, Vətənə hərəsi bir cür xidmət edir. Alim də öz elmi ilə. O da elm sahəsində Vətənin əsgəridir.

- Yox, ana, mən avtomatlı əsgər olmaq istəyirəm! – deyə xəyalında canlandırdığı düşmənləri güllələyirmiş kimi oyuncaq avtomatı ilə atəş aça –aça qaçıb dostlarının yanına getdi.

“ Mən yaxşıyam, anacan. Amma sənin necə olduğundan, sağmı, xəstəmi, acmı, toxmu olduğundan xəbərim yoxdur”.

- Mən yaxşıyam, qurban olum, mən yaxşıyam. Təki sən yaxşı olasan.

“Məni bağışla, anacan, bu məşum dəqiqələrdə yanında ola bilmədiyim üçün, vaxtında səninlə ilgilənə bilmədiyim üçün, göz yaşlarını silə bilmədiyim üçün...”

- Canım oğlum!., - Fəridə xalanın bu yaşına qədər ağladığını, gözlərindən yaş axdığını, hətta nədənsə gileyləndiyini belə görən olmamışdı. Çoxları onu daş ürəkli qadın kimi tanıyır, kişi kimi möhkəm iradə sahibi, buz kimi soyuq olduğunu zənn edirdi. Fəridə xala ən kədərli anlarında belə özünü möhkəm tutar, dəmir iradə nümayiş etdirərdi. Иndi isə oğlunun hər cümləsini oxuduqdan sonra bulaq kimi çağlayan gözlərinin yaşını silməyincə məktubu davam etdirə bilmirdi.

“Hər şeydən xəbərim var, anacan, hər şeydən. Bakının küçələrində axıdılan qanlardan, Qarabağda günahsız azərbaycanlılara qarşı erməni silahlıları tərəfindən törədilən terror aktlarından, dinc sakinlərin yurdlarından, yuvalarından didərgin salınmalarından, ermənilərin mənim də xidmət etdiyim rus ordusunun köməkliyi ilə Vətənimə qarşı işğal siyasəti aparmasından,..ümumiyyətlə, Vətənimdə baş verən bütün hadisələrdən...”

- Bilirsən, oğlum, bilirsən. Amma, nədənsə, gümanı təkcə sənə gələn bədbəxt ananın yol çəkməkdən saralmış gözlərini hələ də yollardan yığışdıra bilmirsən. Hələ də ürəyi səksəkədə, qulağı səsdədi. Hər qapı döyüləndə, hər ayaq səsləri eşidiləndə, bəlkə bu gələn sənsən, deyə, könlü intizardadı.! - Hönkürdü. - Bununçünmü oxutdu səni, Nazim?! - Hıçqırıqlarını boğmağa çalışdı. - Bununçünmü əsgər olmaq istəyirdin, oğlum?! – Titrək barmaqları ilə ağzını qapadı. - Dilin lal olsun, ay qız, dilin lal olsun!

– Sanki kimdənsə utanırmış kimi məktubla sifətini örtdü, kimlərinsə onu gözüyaşlı görməsini istəmirmiş deyə gözlərini oğlundan aldığı kağızın arxasında gizlətdi:

- Mənim əsgər balam, dərdimi çəkər balam!.. – Hıçqırıqları kəsildi. Amma məktubu sifətindən ayırmadı.

“Mən yazı çox sevirəm. Amma yaydan da xoşum gəlir. Payız da pis deyil. Amma payızı sevmirəm. Çünki payızdan sonra qış gəlir. Qışı isə heç sevmirəm. Çünki qışda əsgərlərimizin əlləri donur.

Üşüdükləri üçün Vətəni yaxşı qoruya bilmirlər.”- Bu inşanı Nazim dördüncü sinifdə oxuyanda “Ən çox sevdiyim fəsil” mövzusunda yazmışdı. Amma bu fikirlərinə görə inşadan üç almışdı. Sonra da ağlaya – ağlaya evə gəlib anasına şikayət etmişdi.

Anası etirazını bildirəndə müəlliməsi Nazimi mövzudun kənara çıxmaqda, bütün inşalarda mövzunu əsgərlə bağlamaqda qınamışdı…
“Buna görə də mən də, digər azərbaycanlı zabitlər də rus ordusunda xidmətdən imtina etmişik, anacan. Amma bizim Azərbaycana dönməyimizə müəyyən əngəllər törədirlər.

Heç nəyə baxmayaraq dönəcəyik, anacan, mütləq dönəcəyik! Tezliklə hamımız dönəcəyik. Və Vətənimizi düşməndən xilas edəcək, torpaqlarımızı azad edəcəyik!”

Dərdi, kədəri gözlərindən axan yaş kimi axıb azalır, yüngülləşir, rahatlanırdı. Və sevinir, qürur hissi keçirirdi.

Oğlunun onu duymasından, dərdini bilməsindən, yanına gəlmək, onu görmək, yarasına məlhəm qoymaq arzusu ilə yaşamasından qürurlanırdı. Fəxr edirdi, fəxr edirdi ki, Nazim kimi oğul böyüdüb. Fəxr edirdi ki, oğlu onu darda qoymayacaq.

“Salamat qal, anacan, bircə arzum gəlib səni sağ –salamat, gümrah görməkdir, anacan! Özünü qoru, ana! İnşaallah, tezliklə görüşəcəyik. Oğlun Nazim.”
Xəfif, yüngül külək hiss etdi. Ardınca isə qapının çırpıldığını. İndi yadına düşdü ki, poçtalyondan məktubu alandan sonra qapını örtməyi unutmuş, eləcə də açıq qoyub içəri tələsmişdi. Qapını bağlamaqçün ayağa qalxarkən qəfil səbir gətirdi.
- Sağlam ol. - deyə yenidən kresloya çökdü.

- Sağ ol. - Ikincini gətirmək məqsədi ilə düyünləmiş ovcunu sinəsinə döyməyə başladı. Gətirə bilməyincə arxalıgının cibindən dəsmalını çıxarıb sifətini, burnunu sildi. Qalxıb qapını kilidlədi. Otağa kecəndə hamam otağından su şırıltısı eşitdi. Dərhal Nazimin uşaqlıq və gənclik illərinin böyüdülmüş şəkillərinin arasında evin yuxarı başından asılmış divar saatına baxdı. Altı tamam idi. Fəridə xala evdə olanda kranı həmişə açıq qoyardı ki, su gələn kimi şırıltısını eşitsin. Və qalxıb əvvəlcə qab – qaşığı, paltarları yuyar, sonra isə demək olar ki, hər gün özü də yuyunardı. Hamam otağına keçdi. Çox üşəgən olmasına və adətən qaynar su ilə yuyunmasına baxmayaraq soyuq suyu açdı. Tələsmədən soyuq suyun altında yuyunub qüsul verdi. Hamamdan çıxan kimi həmişə ilk növbədə fenlə saçlarını qurulayar, sonra isə qaynar çay içərdi. Bu dəfə isə saçlarını yüngülcə dəsmalla qurulamaqla kifayətləndi. Çay içmək isə yadına belə düşmədi. Qayçını götürüb ayaq və əl dırnaqlarını tutdu. Yataq otağına keçdi. Yatağını açıb ağları dəyişdirdi. Qonaq otağına qayıtdı. Ailə albomunu gətirib jurnal masasının üstünə qoydu.

- Bu, rəhmətlik atamdır! - Kimisə ailə üzvləri ilə tanış edirmiş kimi bir – bir bütün yaxınlarını təqdim etməyə başladı: - Bu isə rəhmətlik anam! – Salavat çevirib pıçıltı ilə dua oxudu: - Allah ruhlarını şad eləsin. - Allah kəlamını bitirən kimi ucadan səsləndi: - Bu da bədbəxt qardaşım!.. – Doluxsundu. Fəridə xalanın böyük qardaşı hələ yeniyetmə ikən dünyasını dəyişmişdi. Sonra isə Gəncədə yaşayan qardaşını və onun ailə üzvlərini təqdim etdi. Növbə qaraşın, nazikbığ və gülərüz, ortayaşlı bir kişiyə çatanda xəfifcə gülümsəyib başını silkələdi. Nazimin şəkilləri ilə bərabər divardan asılmış həyat yoldaşının portretinə baxdı. Həmin portret indi əlində tutduğu şəkildən köçürülmüşdü. Fəridə xalanın həyat yoldaşı Nazim hələ tələbə olarkən dünyasını dəyişmişdi. Nazim də onun ildönümünə qədər portretini çəkdirib divardan asmışdı. Fəridə xala albomu varaq – varaq çevirib bütün yaxınlarını tanıtdı. Vidalaşırmış kimi onlarla bir – bir söhbət etdi. Sonra yenidən Nazimin məktublarını götürüb hər birini bir neçə dəfə oxudu. Şəkilləri səliqə ilə albomun içinə yığıb servantın siyirtməsinə, məktubları da albomun üstünə qoydu...

Saat artıq on ikini keçmiş, ömrünün bir günü də dünəndə qalmışdı. Fəridə xala nə edəcəyini bilmirmiş kimi otaqda, mətbəxdə bir xeyli dolaşdı. Sonra yataq otağına keçdi. Çarpayının başında durub ani olaraq xəyala daldı.

- Gəl, gəl, qız, gəl, - deyə giriş qapısına tərəf qayıtdı: - qapını açıq qoysaq yaxşıdır. – Kimisə gözləyirmiş kimi qıfılı açdı. Amma qapını açmayıb eləcə örtülü saxladı. Qayıdıb mətbəxə keçdi. Pəncərənin qarşısında durub qaranlıq həyəti seyr etməyə başladı. Və bu xeyli çəkdi.

- Gəlirəm, gəlirəm! – deyə kimsə onu səsləyirmiş kimi qəfil fikirdən ayıldı. Alnını soyuq şüşədən aralayıb arxaya çevrildi.

- Gəlirəm, gəlirəm indi! - dönüb bir daha həyətə baxdı. Pərdələri daha geniş aralayıb eləcə də saxladı.

- Gəlirəm,.. gəlirəm!.. - Gözlərini pəncərədən ayırmadan arxaya bir addım atdı. Pəncərədən sifəti sap –sarı saralmış, sanki dərin bir quyudan baxan, əzab və rahatlıq, qorxu və arxayınlıq, həsrət və məhəbbət ifadə edən gözləri düz gözlərinin içinə zillənmiş bir qadın boylanırdı. Ağappaq gecə köynəyi ilə seyrəlmiş dümağ saçları bərq vuran bu qadın Fəridə xalanın pəncərədəki öz əksi idi...

Otağa keçdi. Nə etmək lazım olduğunu yadına salırmış kimi bir xeyli ortalıqdaca vurnuxdu. Servantın gözünü açıb kiçik aptek qutusunu götürdü. Yataq otağına qayıtdı.

“... Bircə arzum gəlib səni sağ – salamat, gümrah görməkdir, anacan”. - Oğlunun yazdığı son sətirləri dodaqaltı pıçıldadı. Əllərini Allahın dərgahına qaldırib : - Mərhəmətini oğlumdan əsirgəmə, Ya Rəbbim! Günahlarından keç! Ona oğul kimi özünü təsdiq etməyə rüsxət ver!!! –deyə yalvardı. Nazimi qarşısında görürmüş kimi irəli bir addım atıb dayandı. Güclə eşidiləcək səslə: - Məni bağışla, oğlum! – pıçıldadı: - Bağışla ki, arzunu yerinə yetirə bilməyəcəyəm. - Gözlərini yumyb əllərini sinəsinə sıxdı: - Bağışla ki, qıvrım, şəvə kimi qap-qara saçlarını bir daha tumarlaya, məsum gözlərini bir daha öpə bilməyəcəm, mənim körpə əsgərim!..

Ustufca qalxıb qibləyə tərəf qoyulmuş yatağının içərisində oturdu:

- Rəhmət qapısını üzümə aç, Ya Rəbbim! – Əllərini qaldırıb yenidən dua etdi. Axtarıb dolabın üstünə qoyduğu aptek qutusunun içərisindən tənzif bükməsini tapdı. Ayaqlarını yapışdırıb baş barmaqlarını möhkəm - möhkəm bir – birinə bağladı. Kürəklərini yüngülcə üzünü indicə dəyişdirdiyi yupyumşaq döşəyə endirdi. Gözlərini qapayınca kiprikləri arasından bir damla yaş süzülüb gicgahlarından üzü aşağı diyirləndi. Ağappaq balınca düşüb dərd kimi böyüdü. Dümağ saçlarına , ağappaq gecə köynəyinə , yasəmən çiçəyinin ətrini verən qar kimi yatağına bəzək verirmiş kimi qızılgül ləçəklərinin şəklini cızdı... ”Biz rus ordusunda xidmətdən imtina etmişik, anacan. Amma bizim Azərbaycana dönməyimizə müəyyən əngəllər törədirlər. Heç nəyə baxmayaraq dönəcəyik, anacan, mütləq dönəcəyik. Tezliklə hamımız dönəcəyik. Və Vətənimizi düşməndən xilas edəcək, torpaqlarımızı azad edəcəyik...” - güclə eşidilə biləcək səslə pıçıldadı. Dərindən köks ötürdü. Oğlunun sözlərinə cavab verirmiş kimi: -Üstümü ört, oğlum! – deyə xırıldadı. Yorğanı sifəti örtülüncə başına çəkdi. Əllərini yorğan üstündən sürüşməsin deyə örtüyün altında sinəsi üzərindən ehmalca aşağı sürüşdürdü. Böyürlərinə yapışıq vəziyyətdə yanlarına qoydu. Titrək, xırıltılı bir səs xəfif musiqi sədaları kimi otaqda əks – səda verdi:

- Əşhədu ənla ilahə illəllah,

Əşhədu ənnə Muhəmmədun Rəsulullah,

Əşhədu ənnə Əmirəl mumininə Əliyyən Vəliyyullah!..

***

Bakıya az təsadüf olunan quşbaşı qar yağırdı. Amma yerə düşən kimi də əriyirdi. Təkcə səkilərdə adda – budda qar örtüyü nəzərə çarpırdı. Tahirə ağır çantalarını qoya – götürə , sürüşməmək üçün ehtiyatla Fəridə xalagilin həyətinə tələsirdi…

…Nəfəsini belə dərmədən bankaları çıxarıb bir – bir səkinin qırağına düzdü. Əlini alnına qoyub üzü yuxarı, beşmərtəbəli binanın balkonlarına boylandı. Heç kəs gözə dəymirdi. Deyəsən bugünkü qar məhəllə sakinlərinin yuxusuna da yağmışdı. Gözləməyi qərara aldı. Onsuz da hamı artıq onun gəldiyini bilirdi. İndicə bir – bir düşüb dünən götürdükləri bankaları qaytaracaq, yenisini götürüb mənzillərinə tələsəcəkdilər. Amma Tahirə hamıdan çox Fəridə xalanın pəncərədə görünməsini gözləyirdi. O, bu gün heç nə almayacaqdı. Amma pəncərədə mütləq görünməliydi. Sonuncu müştərisini yola saldıqdan sonar “yəqin evdə yoxdur”- deyə ürəyindən keçirdi. Boş bankaları çantasına yığıb artıq xeyli yüngülləşmiş yükünü götürdü. Avtobus dayanacağına tərəf yeridi. Amma bir neçə addım atdıqdan sonra dayandı. Yoxluğuna əmin olmaq məqsədi ilə qanrılıb bir daha Fəridə xalagilin pəncərələrinə boylandı. O, orada idi. Ağ gecə köynəyində , başıaçıq pəncərənin arxasında dayanıb qatıqçıya baxırdı. Tahirə çantaları yerə qoyub Fəridə xalaya tərəf çevrildi. O, boynu azca bükük, qolları qoynunda eləcə də durmuşdu. Tahirə təəccüb etdi. Onun adəti üzrə dinib – danışmadığına, pəncərəni açıb kimisə acılamadığına inana bilmədi. Sanki bunu Fəridə xala da hiss etdi. Sağ əlini ehmalca yuxarı qaldırdı. Köynəyinin qolu sürüşüb dirsəyinə düşdü. Xəfifcə əlini havada yellədi. Tahirə Fəridə xalanın onu yuxarı çağırdığını zənn etdi. Çantalarını həyətdəcə qoyub rəfiqəsinin mənzilinə tələsdi...

***

Hava təzəcə işıqlaşırdı. Hərbi səhra formasında olan bir əsgər iki – bir , üç – bir pillələri qalxıb Fəridə xalagilin qapısında dayandı. Gözləri sevincdən yaşarmış əsgər əlini tələsik zəngin düyməsinə basdı.

Amma qapını açan olmadı. Əsgər Fəridə xalanın hələ yataqda olduğunu zənn edib qonşuları narahat edəcəyini belə düşünmədən qapını döyməyə başladı. İçəridən isə nə səs, nə də soraq gəldi.

Peşimancasına çiyin çantasını sürüyə - sürüyə həyətə düşdü. Səkinin qırağında durub dördüncü mərtəbədəki pəncərəyə boylandı.

Pəncərənin şüşələri qapqara idi. Elə bil arxa tərəfdən qara pərdə asmışdılar. Adətən Günəş çıxan kimi birinci həmin pəncərədə əks olunardı. Günəşin çıxmasına isə hələ vardı...

... - Nə şəkli çəkirsən, Annam?

- Bu şəklin adını “Fəridə nənəgilin pəncərələri” qoymuşam. - Qızcığaz cəkdiyi ev şəklini atasına uzatdı.

- Axı sən heç Fəridə nənəgilin evini görməmisən, qızım! - Təəccüblə uşağın cəkdiyi şəklə baxdı.

- Görmüşəm, ata. - Başını yırğalayaraq sifətinə dağılmış saçlarını kənara elədi. Gördüklərini bir daha xatırlayırmış kimi gözlərini qıyıb nəzərlərini məchul nöqtədə cəmlədi: - Mən onu yatanda görmüşəm. –“ Görmüşəm” sözünü uzadaraq elə dedi ki, sanki həmin pəncərələr bu dəqiqə də gözləri qarşısında idi.

Atası susub heyrətlə gah qızının hərəkətlərini izləyir, gah da çəkdiyi şəklə baxırdı. Uşağın çəkdiyi şəkil eynən Bakıdakı evlərinin əksi idi. Qız yolçəkən nəzərlərini uzun – uzadı yığışdıraraq məsum baxışlarını atasının gözlərində cəmlədi:

- Sən mənə danışmışdın axı, atacan! - Atasının dizlərinin üstünə cıxıb çəkdiyi şəklə boylandı: - Oxşayır?

- Oxşayır, qızım, çox oxşayır! - Uşağı ehmalca dizlərinin üstündən endirdi. – Amma bu dəmir бarmaqlıqlar artıqdır. – Barmağını ev şəklinin fonunda geniş planda verilmiş pəncərələrin üstündə gəzdirdi. Sanki öz doğma evini görürmüş kimi xəyala daldı.

- Bəs bu kimdir, qızım? - Əli qoynunda, incikcəsinə pəncərədən ona boylanan ağ paltarlı qadını göstərdi.

- Kim, ata, burada hec kim yoxdur. - Uşaq təəccüb etdi. O, həmin şəkildə ev və pəncərədən başqa heç nəyi təsvir etməmişdi.

Nəzərlərini şəkildən ayırıb heyrətlə qızının sifətinə baxdı...

Иndi həyətdə durub dördüncü mərtəbədəki mənzillərinin pəncərələrinə baxdığı kimi... O, orada idi. Dümağ gecə paltarında olan anası pəncərənin arxasında dayanıb yolcəkən, incik gözlərini ona dikmişdi... Bu, həmin qadın idi. Qızının “Fəridə nənəgilin pəncərələri” adlandırdığı şəkildən boylanan qadın...

10.01. – 21.01.2005

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG