Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:05

Əvvəlcə Katerinanın ölümü haqqında məlumatlarda yalnız quru faktlar yer alıb. Lakin iki gün sonra bəzi rus saytları daha sensasion və yalan məlumat yayıblar


Mayın sonunda rusdilli mətbuatda Krımda Katerina Korin adlı qızın müsəlman sevgilisi tərəfindən daş-qalaq edilərək öldürülməsi xəbəri yayılmışdı. Sonradan bu xəbər Avropa mediasında da gen-bol müzakirə edildi.

“Radikal islamçılar gənc qızı öldürüblər” başlıqlı xəbərlər nəinki rus və Ukrayna, hətta aparıcı Avropa KİV-lərini də dolaşdı. Gazeta Po-Kievski, Svobodnaya Pressa, Mail-Online (Britaniya), hətta “The Daily Mail" də məsələyə münasibət bildirdi.

“ADİ CİNAYƏT İŞİ”

Yayılan xəbərlərə görə, 19 yaşlı Katerinanın yerli gözəllik müsabiqəsində iştirak etməsi sonra onun müsəlman sevgilisinin acığına gəlib. Radikal islamçı olan gənc oğlan sevdiyi qızın bu hərəkətinə acıqlanıb və onu daşlayaraq qətlə yetirib.

Lakin AzadlıqRadiosu bu sensasion xəbərin tamamilə yanlış olduğunu üzə çıxarıb. Əslində Krım hüquq-mühafizə orqanları bu qətli “adi cinayət” işi kimi xarakterizə edirlər. Sən demə, Katerina Korin daş-qalaq, yaxud da şəriətin digər cəza növünə məruz qalmadan qətlə yetirilib.

Ukrayna Daxili İşlər Nazirliyinin Krım üzrə nümayəndəsi Ola Kondraşova deyib ki, bu qızın qətl hadisəsinin kökündə heç bir dini, etnik, milli zəmin yoxdur.

Qızın qətlində günahkar bilinən 16 yaşlı Bilal Qaziyev mərhumə ilə eyni rayonda yaşayıb, bir sinifdə oxuyublar. Onu bir tatar ailəsi uşaq evindən övladlığa götürüb. Sadəcə sonuncu dəfə Katerinanın yanında məhz Bilalı gördüklərinə görə, qətldə təqsirləndirilən şəxs kimi onu həbs ediblər.

QIZI MEŞƏDƏ BOĞUBLAR

AzadlıqRadiosu Ukrayna xidmətinin Krım üzrə müxbiri Vladimir Pritula xəbər verir ki, Katerina Korin mayın 12-də itkin düşüb. Bir həftə sonra onun meyiti meşədən tapılıb. Polisin ehtimalına görə, qızı boğublar, sonra isə başına daşla zərbə endiriblər. Şahidlər Katerinanın Bilalla birlikdə meşəyə tərəf getdiyini görüblər. Bilal qızın dostu imiş.

İttiham olunan şəxsin dini mənsubiyyəti isə işin bu cür şişirdilməsinə gətirib çıxarıb. Bəziləri hesab edir ki, bu hadisədən Krımda üstün olan etnik qrup - tatar müsəlmanlarına qarşı nifrət hissini gücləndirmək üçün istifadə ediblər. Ukrayna KİV-ləri bu işdə rus mediasının xüsusilə canfəşanlıq göstərildiyini vurğulayır.

Çünki əvvəlcə Katerinanın ölümü haqqında məlumatlarda yalnız quru faktlar yer alıbmış.
Lakin iki gün sonra bəzi rus saytları (Novoross.info və Rusnovosti.ru) daha sensasion və yalan məlumat yayıblar. Bu xəbərlərdə iddia edilib ki, Qaziyev vəhhabi imiş və o, din yoldaşları ilə birlikdə Katerinanı ölənə qədər daş-qalaq edib. Səbəb də qızın şəriət qanunlarına zidd olaraq gözəllik müsabiqəsində iştirak etməsi olub.

İNFORMASİYA DİVERSİYASI

Saytlardan biri “Zvezda” adlı yerli kazak təşkilatının rəhbəri Yuri Perşikova istinad edib. Perşikov deyib ki, hətta yaxınlıqda yerləşən mədrəsəyə gələn islam ekstremistləri rus uşaqlarını öldürürlər.

Doğrudan da 2010-cu ildə bu rayonda etnik tatar tərəfindən iki qətl hadisəsi qeydə alınıb. Amma həmin şəxs psixi xəstə olubmuş. Və qətllərin məhz islam ekstremizmi ilə əlaqələndirən heç bir fakt olmayıb.

Maraqlısı budur ki, silsilə məqalələrdə heç kim faktlarla maraqlanmayıb. Krım tatarları icmasının rəhbəri Rüfət Çubarov bunu informasiya diversiyasına bənzədir:

“Son günlər bu informasiya bir çox media orqanı tərəfindən yayılıb. Ona görə tələb edirik ki, milli təhlükəsizlik orqanları məlumatın hansı mənbə tərəfindən yayıldığını araşdırsın”.

AzadlıqRadiosunun Krım üzər müxbiri Vladimir Pritula yerli əhalinin bu cinayətdən narahat olduğunu bildirir. Müxbir qeyd edir ki, bu vaxta qədər Krım kəndlərində İslam radikalizmi ilə bağlı heç bir problem yaşanmayıb. Amma Pritula hesab edir ki, KİV-lər bu qızışdırıcı taktikanı davam etdirsələr, vəziyyət dəyişə bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG