Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 04:46

«Məni tutub döydülər»


«Sahə müvəkkili də onları danlamışdı, bunun əvəzini çıxmaq üçün də məni tutub döydülər»

Şamaxının Sabirli kənd sakini Tahir Quliyev AzadlıqRadiosunun «Qaynar xətt»inə Çarhan kənd bələdiyyə sədrinin müavini və Sabirli kəndi üzrə nümayəndəsi olan Cavanşir Bağırovdan şikayət edib. Tahir Quliyevin sözlərinə görə, bələdiyyə sədrinin müavini öz ailə üzvləri ilə birlikdə onu möhkəm döyüblər. Elə döyülüb ki, xəstəxanalıq olub. Kəndli deyir ki, döyülməsinə səbəb bələdiyyə nümayəndəsinin ailə üzvünün ona məxsus əkin sahəsində heyvan otarması olub:

«ŞİL-KÜT HALDA XƏSTƏXANAYA DÜŞDÜM»

- Maşının qarşısını kəsdilər, yerə düşən kimi tökülüşdülər üstümə, məni ağacla döydülər, böyrəyim də şişib. Cavanşir Bağırov özü də döydü, ailə üzvləri də. Şil-küt halda Şamaxı xəstəxanasına düşdüm.

- Səbəb nə idi ki, döydülər Sizi?

- Ondan əvvəl Cavanşir Bağırovun qayınanası taxıl sahəmə heyvan salıb otarmışdı. Sahə müvəkkilini çağırmışdım ki, gəl bax, mənim taxılımı otarır. Sahə müvəkkili də onları danlamışdı, bunun əvəzini çıxmaq üçün də məni tutub döydülər.

«O HAQQ-HESABDA MƏN BURDA OLMAMIŞAM»

Bələdiyyə sədrinin müavini Cavanşir Bağırov isə deyir ki, hadisə vaxtı Ağsuda olub və Tahir Quliyevin döyülməsindən xəbəri olmayıb:

- Şahidlər də var, gedib izahat da yazıblar ki, mənim xəbərim olmayıb, orda olmamışam. O adam üzünü-gözünü cırıb, gedib girib xəstəxanaya.

- Tahir Quliyev həm qohumlarınızdan şikayətçidir, həm də Sizdən.

- Qohumumun üstünə maşın sürüb, qohumum da maşının açarını əlindən alıb, gedib polisə şikayət edib. Bu da eşidən kimi üzünü-gözünü cırıb gedib polisə ki, məni döyüblər.

- Həmin adamla Sizin ailəniz arasında münaqişəyə səbəb nə olub?

«SÜBUTU YOXDUR Kİ, ONU KİM VƏ NƏ ƏSASLA DÖYÜB»

- Heç bir problem olmayıb. Energetika Nazirliyindən gəliblər həmin əraziyə, yüksək gərginlikli elektrik naqillərinin dirəklərini dəyişirlərmiş. Bu, bələdiyyə torpağıdır, mən də bu kəndin bələdiyyə nümayəndəsiyəm. Tahir gəlib orda söyüş söyüb, camaatın üstünə maşın sürüb, deyib bu yeri mən biçəcəyəm. Ondan soruşan lazımdır ki, sənin müqavilən yox, torpağın yox. Nə əsasla biçəcəksən o sahəni.

- Şamaxı polis şöbəsində təhqiqat aparılır, Sizdən də izahat alınıb?

- Hamı izahat verib, mən də. Onun bircə şahidi, sübutu yoxdur ki, onu kim döyüb və nə əsasla döyüb.

Tahir Quliyevsə deyir ki, hadisə baş verən gün torpaq sahəsinin yaxınlığında heç bir nazirliyin işçisini görməyib. Hadisə onunla bələdiyyə nümayəndəsi və ailə üzvləri arasında baş verib. Torpaq sahəsinə gəlincə isə, sənədlə özünə və qardaşına məxsusdur, vaxtlı vaxtında da vergisini ödəyir.

Şamaxı rayon Polis Şöbəsindən AzadlıqRadiosunun «Qaynar xətt»inə verilən məlumata görə, Tahir Quliyevin bələdiyyə sədrinin müavini və ailə üzvlərindən verdiyi şikayət əsasında araşdırma aparılır.
XS
SM
MD
LG