Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:13

Rəşad Məcid: "Milli Kitab Mükafatında sürpriz nəticə də ola bilər"


(soldan sağa) Şahbaz Xuduoğlu, Rəşad Məcid və Elçin Şıxlı "Pen klub"da. 2 iyun 2011

(soldan sağa) Şahbaz Xuduoğlu, Rəşad Məcid və Elçin Şıxlı "Pen klub"da. 2 iyun 2011

"Onluqdakı əsərləri oxumaq çətin idi. Orada Azərbaycan dilində 8 əsər var. Təəssüf ki onların böyük əksəriyyəti bir tanışımın işlətdiyi ifadə ilə desəm, "pinti redaktə olunub". O baxımdan onları oxumaq çətin idi. Əsərlərin çoxu süjetə az aidiyyatı olan epizodlarla, xatirələrlə doludur".

Milli Kitab Mükafatının Münsiflər Heyətinin üzvü, "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı belə deyir.

Azadlıq Radiosunun "Pen klub" verilişindəki müzakirəyə onunla yanaşı münsiflər heyətinin digər üzvləri - "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də qatılıblar.

Müsabiqənin qalibləri iyunun 4-də elan ediləcək.

E.Şıxlı deyib ki, əgər münsif olmasaydı, onluqdakı əsərlərin böyük bir qismini oxumazdı:

- Məcburiyyət qarşısında qalıb oxumuşam. Baxırsan əsərdi. amma nə hadisə var, nə qəhrəman var. Elə miskin obrazlar yaradılır ki... O kitabları oxuyanda məndə belə bir sual yarandı ki, bu adamlar- müəlliflər niyə bu işlə məşğuldur? Hər bir əsərin bir mənası olmalıdır. Sən əsəri yazanda insanlara, cəmiyyətə bir ismarıc yolayırsan ki, ay insanlar, belə edəndə belə olur və s. Ona qalsa məktəbdə də uşaqlar inşa yazır ki, ailəmizlə dağa getdik, alaçıq qurduq, dincəldik, sonra da qayıtdıq. Hə nə olsun? Əgər bir bədii əsər də bu formada yazılırsa, onun mənası nədir?

R. Məcid isə hesab edir ki, onluqdakı əsərlər yetərincə sanballıdır. "Məsələn, bir çoxları Natiq Rəsulzadəni ittiham edir, amma mənim fikrimcə. orda ən yaxşı əsər elə Natiq müəllimindi. Düzdü, mənim proqnozuma görə, o, qalib gələ bilər. Amma bu il münsiflər heyəti 17 nəfərdən ibarətdir, jüri elə müxtəlif zövqlü insanlardan ibarətdir ki, onların ortaq rəyi tamam sürpriz nəticə də ola bilər".

Ş. Xuduoğlu da onluğa düşən yazıçıların hamısına hörmətlə yanaşdığını deyib. Onun sözlərinə görə, onluqdakı yazarların hər birinin əsərini əgər ona müraciət edilsə, məmnuniyətlə çap edə bilər. Ş.Xuduoğlu deyir ki, müsabiqənin 20-liyinə. yaxud 10-luğuna başqa yazarlar da düşə bilərdilər, amma düşməyənlər gərək səbəbi birinci özlərində. öz əsərlərində axtarsınlar.

Afaq Məsud

"Pen klub"da münsiflər heyətinin üzvü, yazıçı Afaq Məsudla əvvəlcədən yazılmış müsahibə də səsləndirilib.

Afaq Məsud deyir ki, onluqdakı əsərləri oxusa da, "onu heyrətləndirən, ona toxunan, onda nəyisə dəyişən əsərə" rast gəlməyib:

- Amma bəzi əsərləri nisbətdə götürdükdə, digərlərindən daha üstün adlandırmaq olar. Mənim fikrimcə müsabiqədə ən yüksək bal 10 yox, 4 olmalı idi. Mən iki nəfərə 7 bal vermişəm, amma burda da bir şişirtmə var. Amma orda çox əsərlər var ki, böyük ədəbiyyat prizmasından baxanda onlara heç sıfır bal da da verilməməlidir. Amma məsələnin o biri tərəfi də var. Mən onluğu seçən ekspertlərə inanıram. İndi bunlar belədirsə, görün onluğa düşməyənlər nə gündə olub".

E.Şıxlı isə deyir ki, A.Məsuddan fərqli olaraq balların tam amplitudasından istifadə edib.

- Amma ballar arasında fərq kəskindi. Böyük qisminə 4 bal vermişəm, 5,6,7 də var. 10 bal verdiyim əsər də var. Amma adları indidən açıqlamaq istəmirəm. Mənim ən çox bəyəndiklərim arasında Natiq Rəsulzadənin "Xunxarlar" və Pərviz Cəbrayılın "Yad dildə" əsərləri var. Emosional cəhətdən "Yad dildə" mənə daha çox təsir etdi. Hər iki əsərə yüksək bal vermişəm. Natiq Rəsulzadə bişmiş yazıçıdır, amma Pərvizin romanını xırda redaktələrlə daha çevik etmək, cilalamaq olardı. Amma əsas ideyadı, ideya mənə ləzzət elədi.

Rəşad Məcid:

- Məndə ballarda elə kəskin fərq yoxdur. Natiq Rəsulzadədən başqa Məqsəd Nur, Etimad Başkeçidin əsərlərini də çox bəyənmişəm. Bir nəfər 10 bal, bir neçə nəfər də 9. daha sonra 8,7 ballar alıblar. Yuxarı 10, aşağısı isə 6, yaxud 7 baldır məndə.

Şahbaz Xuduoğlu:

- Mən adlar çəkməyəcəm. Amma öz yanaşma tərzimi deyim. Hamı roman, hekayə yaza bilər, amma mən həyatımıza daha yaxın olan əsərə üstünlük vermişəm. Gündəlik
(soldan sağa) Elçin Şıxlı, proqramın aparıcısı İlqar Rəsul

olaraq hansı ağrıları yaşayırıq, hansı sevincləri duyuruq? Amma mənim üçün gözlənilməzliklər də oldu. Məsələn, Mirmehdi Ağaoğlunun yazdıqları mənim üçün gözlənilməz dərəcədə maraqlı idi. Amma görürsən ki, bir başqası usta yazardı, amma ədəbiyyatın ritmini bilmir. Bilmir ki, bu gün dünyada nədən yazırlar, elə öz ustalığına güvənib yenə nəsə yazıb.

Mənim ən çox xoşuma gələn... Yox ad çəkməyəcəm...

Rəşad Məcid:

- Hər halda deyilənlərdən bəlli olur. Məsələn Afaq xanım deyəndə mən bildim ki, o 7 balı Nəriman Əbdürrəhmanlıya verib, halbuki o əsər mənə ağır göründü. Şahbaz bəyin dediklərindən isə belə anladım ki, ən yüksək balı Pərviz Cəbrayıla verib.

Şahbaz Xuduoğlu:

- Hər halda mən qəddarlıq etməmişəm, xallarımda kəskin fərq, ziqzaqlar yoxdur. Ordakı yazarların hamısına hörmətlə yanaşıram.

Rəşad Məcid:

- Hər halda nəticə gözlənilməz də ola bilər. Bilinmir ki, məsələn Nərgiz Cəlilova kimə səs verəcək, yaxud Elnur Baimov və yaxud da Balaş... Qaldı ki, Mirmehdinin əsərinə, mən onun başqa bir əsərini də əvvəllər bəyənmişdim. Amma onun əsərində çoxlu vulqarizmlər, qeyri-estetik məqamlar var, bu ona mane ola bilər - əsərinin qiymətləndirilmısinə mane ola bilər. Mən arzulamazdım ki, cavan bir oğlan belə yazsın.

Şahbaz Xuduoğlu:

- Amma bütün əsər elə deyil, yalnız bəzi yerlərdə...

PROQRAMA TAM ŞƏKİLDƏ BURDA QULAQ AS

Burda proqramın videoyazısına bax



Verilişin aparıcısı İlqar Rəsul
Prodüsser: Maarif Çingizoğlu
XS
SM
MD
LG