Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:24

Sara Bernar və Eleonora Duze üçün... Onlar hər ikisi oktyabrda doğulmuşdular. Onların hər ikisini Afrodita himayə edirdi. Gözəllik, sevgi, seks, pul, şöhrət onların alın yazısı idi.


II QİSMƏT


1844-cü ildə Priamın oğlu ilə adaş şəhərdə - Parisdə Hollandiyalı musəvi bir fahişənin nigahdankənar qızı doğuldu.

Musiqi müəlliməsi və kurtizanka olan Juli Bernarın yoxsulluq içində keçən həyatı yeni doğulmuş körpəylə daha da çətinləşdi.

Həmişə yəhudi əsli ilə fəxr edən Juli 10 yaşı tamam olanda qızını katolik kilsəsində xaç suyuna çəkdirdi.

15 yaşı olanda bir gün qızı özünü Julinin ayaqlarına atır və ağlaya-ağlaya yalvarıb deyir: “İcazə ver özümü monastırda tanrıya həsr edim “.

Qızın “ifa etdiyi” bu səhnəni görən hersoq De Morni heyrətlə dillənir :“İlahi, bu qızın yeri monastır yox, birbaşa səhnədir“.

Elə həmin gecə hersoq De Morni ata Aleksandr Dümayla birlikdə qızı “Komedi Fransez"ə aparırlar.

Sonradan De Morninin və Dümanın havadarlığı ilə onu “Milli musiqi və deklamasiya” akademiyasına qəbul edirlər.

İki illik təhsildən sonra qız “Komedi Fransez”ə qəbul olunur. Lakin truppanın rəhbərliyində onunla bağlı şübhələr də vardı.

...Deyilənə görə Teodor Ruzveltlə görüşdən sonra Sara belə deyib: “Biz bu adamla dünyanı çox yaxşı idarə edə bilərdik! “

Deyəsən Sara haqlıydı. Çünki Ruzveltlə Saranı birləşdirən bir cəhət vardı. Hər ikisi qəbul olunmuş qaydaları qəbul etmirdilər – qaydaları yaradırdılar.

Truppanın rəhbəri onun barəsində deyirdi: “Onda hər şey ifratdı. Həddən ziyadə qabarıq saçlar, ifrat parlaq gözlər. “

O doğurdan da “normadan kənar” idi.

Ala gözlü qızları götürüb qaçan, dəli sellərin kükrədiyi Azərbaycan musiqisinin mistikasından xəbərsiz musiqi müəlliməsi Juli Bernar qızının adını Sara qoymuşdu.

Bəli, əsrlər sonra bir çoxlarına görə dünyanın ilk superulduzu sayılacaq bu qızın adı Sara idi, Sara Bernar!

Qaynar gözlü, solğun üzlü, ruh kimi incə Sara haqqında o dövrdə bir zarafat da varıydı: “Teatrın önündə boş bir kareta dayandı və içindən Sara Bernar düşdü.”

Sara Bernar debütünü “Komedi Fransez”də Rasinin “ İfigeniya Avlidada” faciəsiylə etdi.

O, bu rolun ən gözəl ifaçılarından biri kimi yaddaşlarda qaldı.

Onu populyarlaşdıran əsas ifası oğul Dümanın “Kameliyalı dama” əsərindəki Marqarita Gotye rolu oldu.

Saranın adı yarım əsrə yaxın qəzet və jurnal səhifələrindən düşmədi. Onu qısqananların sayı hesabı yox idi, elə sevənlərin də.

Tamaşalarından birindən sonra Viktor Hüqo ona belə demişdi :

“Madam, siz əzəmətinizlə məni heyran etdiniz. Siz məni, bu qoca döyüşçünü ağlatdınız. Sizə köksümdən qopan göz yaşlarımı hədiyyə verirəm.”

Hüqonun göz yaşları “sözdən ibarət” deyildi. Bu göz yaşları Saranın biləyində parıldayan briliyant idi.

Saraya briliyant hədiyyələr az olmamışdı. Görünür o göz yaşlarını sevirdi və görünür təkcə Hüqo kimi qocalar “ağlamırdı”.

Sara Bernarın ildən-ilə şöhrəti Avropanın hər yerinə yayıldı. Sərhədləri adlayıb Amerikaya çatdı.


Sara Bernar kraliça rolunda
Sevənləri ona “ Müqəddəs Sara” ləqəbini vermişdilər və bu müqəddəs xanım kişi rollarını da ifa edirdi.

Onun bioqraflarının ortaq fikri budur ki, Sara qeyri-adiliyin, ifratın, məhsuldarlığın, sərhədsizliyin təcəssümüdür. Çünki o, təkcə aktrisa deyildi.O rəssamlıqla, heykəltaraşlıqla, müğənniliklə, yazıçıqla da məşğul olurdu.

Sara çilik-çilik olmuş, amma bütün parçaları bərabər qalmış güzgüydü. Üzünə nəyə tutsa, ona çevrilirdi.

Sara Hamlet də olmağı bacaran Janna Dark idi.

Sara Kafkanın bir cümləsi kimiydi : “Yara da mənəm, bıçaq da”.

***

Sonralar müxtəlif illərdə 3 dəfə turnedə olacağı Rusiyada bu “yubkalı Napoleonun” gəlişini səbirsizliklə gözləyirdilər.

Sara Bernar kraliça rolunda

Rusiyada onu çox sevdilər, amma tənqid edənlər də tapıldı. Məsələn, Turgenev. Polonskiyə məktubunda yazırdı: “ Bu qadın istedadsızlığın təcəssümüdür. Səsindən başqa heç nəyi maraqlı deyil. Yəni doğurdanmı heç kim mətbuatda həqiqəti yazmayacaq ? “

Turgenevin əksinə olaraq Stanislavski Saranı ustalığın kulminasiyası hesab edirdi : “Gözəl səs, bəlağətli nitq, plastiklik, bədii zövq.“

Teatr bilgini knyaz Sergey Volkonski də Sara Bernarı çox yüksək qiymətləndirib demişdi :

“O səhnədə bir hissdən digərinə keçidi – sevincdən kədərə, xoşbəxtlikdən bədbəxtliyə, nəvazişdən yırtıcılığa - heyrətamiz dərəcədə gözəl idarə edir. O, ustalığın sonuncu mərhələsidi...”

Səhnədə bu qədər usta və dəqiq olan Saranın evində deyilənə görə dəhşətli bir xaos hökmranlıq edirmiş.

Hər tərəfə səpələnmiş xalçalar, ayaqqabılar, adamın ayağına dolaşan itlər, meymunlar və ilanlar. Yataq otağında dişlərini ağardan skeletlər və bir tabut.

Sara bəzən rollarını bu tabutun içinə uzanıb əzbərləməyi sevərmiş.

Bəlkə də Sara hər dəfə bu tabuta uzanıb Sara Bernarı “öldürdükcə”, cansız kağızdakı ölü personajlar həmin otaqdakı skeletdə ətə-qana dolur və Sara Bernarın bədənində zühur edirdilər. Bəlkə də o, aktrisa yox, cadugər idi...

Özü barədə belə yazır: “Evimə kimsə qonaq gələndə sevinirəm, amma qonaq getməkdən zəhləm gedir.

Məktub almaqdan xoşum gəlir, cavab yazmağa isə nifrət edirəm. Çox adam olan yerlərdə gəzməyi sevmirəm, tənha yolları sevirəm.

Məsləhət verməyi sevirəm və məsləhət almağa dözə bilmirəm.“

Məsləhət verməyi sevən müqəddəs Sara Emil Zolyaya da bir məsləhət vermişdi. Demişdi ki, kapitan Dreyfusu haqsızca həbs ediblər,ona yardım gərəkdi*.

Zolya razılaşmışdı və məşhur “Mən ittiham edirəm” məqaləsini yazmışdı.

Bu yazıdan sonra Zolyanın evinin önündə əsəbi manifestantlar yığışmışdı, amma hardansa uzaqlardan Sara Bernar görünmüşdü.

Onun avtoriteti o qədər böyük idi ki, manifestantlar sükutla dağılışmalı olmuşdular.

Dəhşətli dərəcədə şaxtalı keçən qışlardan birində Sara iki min frank xərcləyib dilənçilərə və şəhər qarğalarına çörək alır.

Fransa-Prussiya müharibəsində isə öz teatrını hospitala çevirir və həm aktrisa, həm də tibb bacısı kimi orda fəaliyyət göstərir.

Onun şöhrəti artdıqca bütün teatrlar onu öz səhnəsində görmək istəyirdilər. Sara Bernarın şöhrəti bəlkə bütün sənət tarixində bənzəri olmayan bir şöhrət id.

ABŞ-da olduğu qastrollardan birində afişada belə yazılmışdı : “Dünyanın ən qədim qadınını izləməyə gəlin! “

...Deyilənə görə Teodor Ruzveltlə görüşdən sonra Sara belə deyib: “Biz bu adamla dünyanı çox yaxşı idarə edə bilərdik! “

Deyəsən Sara haqlıydı. Çünki Ruzveltlə Saranı birləşdirən bir cəhət vardı. Hər ikisi qəbul olunmuş qaydaları qəbul etmirdilər – qaydaları yaradırdılar.

O, həyatın hər anını sonuna qədər içinə çəkirdi, yaşayırdı. Dayanmaq, yorulmaq, məyus olmaq onun lüğətinin sözləri deyildi.

Sara Bernar qədim bir sirri fəhmlə faş etmişdi. Carpe diem – yəni “ bu anı yaşa!”.
Jül Renar buna işarə edərək yazır:


Sara Bernar
“Saranın sabahkı günü düşünməmək haqqı var. Sabah nə olur olsun, onsuz da sonu ölümdür. O hər anı istifadə edirdi. Heyrətamiz bir görməmişlik!”

Onun səhnədəki tərəf müqabilləri adətən sevgililəri olurdu. Amma bu məhəbbət macəraları yalnız pyesə quruluş verilənədək çəkirdi.

Sara nimfomankaydı.O, nimfa Kallipsonu qısqandıracaq qədər ehtiraslıydı.

İstənilən yerdə, istənilən vaxt odlana bilərdi. Lakin heç vaxt özünü heç kimə tam verməzdi.

Sara Bernar

Həmişə özündə özündən nəsə saxlayardı. Axı məktəb keçmişdi. Anasının məktəbini...

Sara Bernarın bir şüarı vardı : “Nə olursa olsun”. Nə olursa olsun Sara məqsədinə çatmalıydı, adamları sehrləməliydi, diqqəti özünə çəkməliydi.

Karyerasının sonlarında ciddi bir zədədən sonra ayağı amputasiya olundu. Amma protez ayaqdan istifadə edərək, əlil arabasında səhnəyə çıxdı və rollar ifa etdi.

Elə bil dünyamı, talemi, fələkmi onun yıxılmazlığını, əzəmətini laxlatmaq, sarsıtmaq istəyirdi.

Qocalıq gözlənilməz bir zədəylə onun ayağını dəryazlasa da, Sara Bernar yıxılmadı. Nə olursa olsun yıxılmadı.

1923-cü il martın 26-da dünyanın ən gözəl səsli qadını Sara Bernar əbədiyyən susdu.

O vaxtdan Fransadakı Pere Laşe məzarlığında ən narahat ruhlar belə Saranı narahat etməmək üçün susur.

***

Sara Bernarın 14 yaşı olanda İtaliyanın Vidcevano şəhərciyində Alessandro və Anjelika Kappelettonun Eleonora adlı bir qızları dünyaya göz açır.

Alessandro və Anjelika hər dəfə rollarını ifa etmək üçün səhnəyə çıxanda, gəzərgi furqonlarında dünyanın necə olduğundan xəbərsiz körpə Eleonora gözlərini qaranlığa alışdırıb böyüyürdü.

Eleonora ilk dəfə səhnəyə 4 yaşında çıxır. Ona Hüqonun “Səfillər”ində balaca Kozetta rolu verilir.

Hələ teatrın nə demək olduğundan xəbərsiz qızcığazı səhnədə ağlatmaq üçün aktyorlardan kimsə onun ayağını çimdikləyir.

Sonralar ağlı kəsəndə anlamağa başlayır ki, incəsənət ağrıdır. Anlayır ki, aktrisa səhnədə oynamalı deyil, yaşamalıdır.

Eleonora Duze ömrünün sonuna qədər 4 yaşında onu ağladan çimdiyə sadiq qalır.

1860-ci ildə Haribaldi İtaliyanın xilası uğrunda işə başlayır və bütün feodal knyazlıqları vahid dövlət ətrafında birləşdirir.

Sonra məşhur bəyanatını verir : “ İtaliyanı yaratdıq, indi də italyanları yaratmalıyıq !” Buna görə də yazıçılar, rəssamlar, musiqiçilər, aktyorlarıa çağırış göndərir.

Artıq 4 yaşında səhnənin tozunu udmuş Eleonora sonrakı illərdə parlamağa başlayır. 12 yaşlı Eleonora xəstələnmiş anasının rollarını ifa edir.

Sonralar o hər dəfə tamaşa bitəndə özünə necə çətinliklə gəldiyini belə xatırlayır : “İndicə mən səhnədə ağladım, çığırdım, dəliyə döndüm, zəhərdən, ya da xəncər yarasından öldüm.

Və indi mənim qulaqlarımda özgə səslər var.Ruhumda əsarətindən qurtula bilmədiyim yad biri var. Elə bil kimsə mənim ayaqlarımla yeriyir, mənim əllərimlə oynayır.“

Bir gün ona səhnədəcə bir teleqram gəlir : “ Anan öldü.” Eleonora bütün gücünü toplayıb pyesi bir damcı da göz yaşı tökmədən bitirir. Teatrda işlərin pis getdiyi günlərdə Eleonora bəzən naharda kukuruzla kifayətlənməli olur.

Bəlkə də elə buna görə, yəni uşaqlıqdan davamlı maddi sıxıntılara görə o həmişə balaca qaldı. Onun üzü solğun idi.

Xüsusi gözəlliyi ilə seçilmirdi. Yalnız qara saçları və böyük faciəvi gözləri möhtəşəm idi.

15 yaşı olanda atasının teatr truppası dağılır və o çətinliklə venesiyalı Luici Pedzananın yanında iş tapır. Luici aktyorları sözəbaxan kukla hesab edirdi və Duzenin çılğınlığı, səhnədə həyatdakı kimi olmaq ehtirası onu əsəbiləşdirirdi.

Həmişə onun üstünə çığırırdı: “Səndən heç vaxt aktrisa çıxmayacaq ! “ Taleyin ironiyası ilə Luicinin bacısı məşhur aktrisa Cançita Eleonoranın talantını görüb qiymətləndirir və onun öz truppasına gətirir. Çox keçmir ki, İtaliya teatr üfüqlərində Duzenin talantı görünməyə başlayır.

Sara Bernar

Tezliklə qəzetlərdə bir-birinin ardınca resenziyalar çap olunmağa başlayır : tamaşaçılar heç vaxt bu qədər incə Ofeliya, bu qədər kədərli Dezdemona, bu cür faciəvi Tereza Raken görməyiblər.

22 yaşında Eleonora atası ilə birgə məşhur aktyor Çezare Rossinin truppasında işləməyə başlayır.

Eleonoranın qarşısında qəhrəman-sevgili ampluasını iki gözəl aktyor bölüşürdü – Tebaldo Kekki və Flavio Ando.


Sara Bernar
Onların hər ikisi təkcə səhnədə yox, elə həyatda da Eleonoranın qəlbini fəth etmək üçün döyüşürdülər.

Duze Kekkiyə ərə gedir və ondan Enrikette adlı bir qızı olur. Amma bir müddət sonra başqa aktrisayla evlənmiş Ando Eleonoraya daha maraqlı görünür və onların arasında gizli məhəbbət macərası başlayır.

Bundan xəbər tutan qəzəblənmiş Kekki xəyanətkar həyat yoldaşını atıb gedir. Onun ardınca isə Ando da Eleonoranı tərk edir. Şəxsi həyatındakı bu faciələr Duzeni sarsıtmır.

Eleonoranın fikri-zikri səhnə idi.

İlk xarici qastrolunda o, uzaq Cənubi Amerikaya gedir. Alışmadığı iqlim onda uşaqlıqdan olan ciyər xəstələyini artırır, qayıdandan sonra isə Rossi ilə münasibətləri korlanır.

Duze Rossi barədə deyirmiş : “O heç cür anlamaq istəmir ki, mən insanam, əşya yox. “

Tezliklə Eleonora özünə yeni sevgili tapır.

Bu, Cüzeppe Verdinin yaxın dostu, onun operalarına librettolar yazan, dövrün məşhur şair Arriqo Boyto olur. Arriqo məktəbdə cəmi üç sinif oxumuş Duzeyə həm də müəllimlik edir.

Onun zövqünün formalaşması, xarici dilləri öyrənib klassik əsərləri oxuması istiqamətində Boyto xeyli çalışır. Onun təhrikilə Duze Şekspirin pyesində Kleopatranı ifa edir və bu ona böyük şöhrət gətirir. Milan teatrı “ Madzoni”də səhnələşdirilən bu tamaşanın şöhrəti onun İspaniyaya, Fransaya, hətta, Misirə dəvət olunmasına səbəb olur.

1891-ci ildə Duze Sankt-Peterburqda qastrolda olur.

Duzenin adını bilməyən tamaşaçıların gərginliyi elə tamaşadaca dağılır. Publika onu çox sevir. Tamaşalardan birində olmuş gənc Çexov bacısına məktubunda yazır:

“Mən Kleopatra rolunda italyan aktrisası Duzeni izlədim. İtalyanca bilməsəm də, o öz rolunu elə gözəl ifa edirdi ki, mən elə bildim ki, italyanca hər sözü başa düşürəm. Möhtəşəm ifadı! Həyatımda beləsini görməmişəm. “

Həkim Çexovun diaqnozu dəqiq idi və bunu təkcə o demirdi. Bir dəfə Parisdə onun tamaşasına prezident For gəlir.

Tamaşadan sonra Duze prezidentdən üzr istəyir ki, bağışlayın ki, səhnədə özgə dildə danışırdım. Prezident For təəccüblə dillənir:

“Madam, necə, yəni siz səhnədə fransızca danışmırdınız ki ? “

Həmin ilin sonunda Duze yenə Rusiyaya gəlir, amma bu dəfə klassik tamaşayla yox. Bu dəfə o çağdaş əsərlər – İbsenin “ Kuklalar evi” və Zudermanın “ Vətən” tamaşalarında rollar ifa edir.

O dövrdə norveçli İbsenin əsərləri bütün Avropada məşhurlaşmışdı. Onun dramları qeyri-adi dərəcədə aktual idi.

İbsenin qəhrəmanları güclü xarakteləri ilə cəmiyyətə mesaj ötürürdülər.

Duze İbsenin yaradıcılığına vurulmuşdu. Osloda qastrolda olanda Duze bir saata yaxın şaxtada İbsenin evinin önündə dayanır ki, onunla görüşsün.

Lakin dramaturq xəstəydi və heç kimi qəbul etmirdi. Bir həftədən sonra isə İbsen gözlərini dünyaya əbədi olaraq yumur.

İllər ötdükcə Duzenin bu köçəri həyatdan və hətta aktyor dostlarından zəhləsi getməyə başlayır.

Deyir: “Bu gicbəsərlər gözlərini bərəldir, sir-sifətlərini əcaib hala salırlar və elə bilirlər ki, bu həyatı olduğu kimi göstərməkdir. “

Sonralar get-gedə o repertuarları da bəyənməməyə başlayır. Onu get-gedə İbsenin realizmi də bezdirir.

O antik dövrə qayıtmaq, lojalardan, gecə paltarlarından uzaq açıq səma altında oynamaq istəyirdi.

Onun bu istəyinə dayaq duran bir nəfər tapılır. Bu məşhur yazıçı Qabriele Danunsio olur.

Danunsio da Duze kimi incəsənəti burjuaziyanın əsarətindən qurtarmaq istəyirdi.

Venesiyada Duze səhərəcən qandolada onunla söhbətləşir. Eleonoraya elə gəlir ki, həyatda Qabrieledən yaxşı heç kəs onu anlaya bilməz. Danunsio ona söz verir ki, onun üçün pyeslər yazacaq və onun üçün açıq səma altında teatr tikdirəcək. Sadəcə bir qədər maddi vəsaitə ehtiyac olur. Bunun üçün onlar Amerikaya turnelər təşkil edirlər.

Eleonora Duze

Amerikada Duze açıq şəkildə “qadın köləliyinin” əleyhinə çıxışlar edir və bu yeni ideyalarına görə onu çoxlu reklam edirlər. Vaşinqtonda onu prezident Klivlend qəbul edir,

Tomas Edison isə onun “ Kameliyalı dama” əsərindəki ifasını fonoqrafa yazdırır. Təəssüf ki, həm val xarab olur və Duzenin səsi gələcək nəsillərə gəlib çat bilmir.

Bu çox sivmolikdi. İyirminci əsri görsə də, Eleonora Duze XIX əsrdə doğulmuşdu və onun fonoqrafda səsinin itməsi labüd idi.

Çünki bir əsr əvvəlin insanıydı və necə ki, o yeni tenikaya alışa bilməmişdi, yeni texnika da möhtəşəm kədərli səsi öz yaddaşında saxlamaq istəməmişdi.


Eleonora Duze
Amerikadan dönəndə Duze görür ki, Danunsio doğurdan da onun üçün bir pyes yazıb : “Ölü şəhər “. Amma... həmin pyesi Sara Bernara bağışlayıb.

Eleonora buna qəzəblənsə də sükutunu pozmur. Bir neçə ildən sonra Danunsio öz teatrını açır və Duze orda rollar ifa edir.

Lakin onu tənqid edirlər ki, o, təbiiliyini itirib və onun monoloqları geridəqalmış təsir bağışlayır.

Amma axır ki Duzenin səbr kasası daşır. Çünki Danunsio yeni pyesini Duzenin tələbəsi gənc aktrisa İrme Qramatikaya verir.

Təbii ki Danunsionun bu gənc aktrisayla həm də sevgi münasibətləri varıydı. Bunu bilən Eleonora qısa bir məktub yazır : “Hər şey bitdi. “

Bu hadisədən sonra Duze bütün kişilərə nifrət etməyə başlayır və o, əsrin ruhuna uyğun olaraq qadınlara meyl salır.

Eleonora Florensiyada gənc feminist Lino Poletti ilə qalmağa başlayır. Publika onların münasibətini dartışmasın deyə o bir müddət səhnəni tərk edir.

1913-cü ildə Birinci dünya müharibəsi başlayır və xarici qastrollara getmək mümkünsüz olur.

Bu zaman Duze bir qrup aktyor truppası ilə cəbhəyə gedir. Cəbhədə qan, ölüm görən aktrisaya teatr heç vaxt olmadığı qədər süni görünür. Hər gün ölümlə üzbəüz qalan əsgərin əzabları real idi, düşünülmüş yox.

Duze cəbhədə qalır.

Aktrisa kimi yox, tibb bacısı kimi. Xəstələrin, yaralıların dərdinə çarə olmağa çalışır. Deyilənə görə əksər yaralı əsgərlər belə deyirmiş : “ O danışanda mənə elə gəlir ki, mənim kəsilmiş əlim yerindədir“.

Müharibədən sonra qızının yanına İngiltərəyə qayıdan Duze daha səhnəyə çıxmır. Amma onun pərəstişkarları saysız-hesabsız məktublarla onun yenidən səhnəyə qayıtmasını xahiş edirlər.

O, pərəstişkarlarının və gənc aktrisaların aramsız xahişini nəzərə alıb yenidən teatra qayıdır və öz truppasını yaradır. Amma fələyin çərxi yenə öz bildiyi kimi fırlanır.

Ölkədə faşist çevrilişi baş verir. Mussolini rejiminə teatr yox, silahlar gərəkli olur, hisslərin tərbiyəsi yox, İtaliya uğrunda ölmək vacib olur. Duze İtaliya ilə vidalaşır.

Vida turnesində onu kraliça kimi qarşılayırlar. O, gəmiylə İngiltərəyə gedir. Ordan isə Amerikaya gedib 10 il orda qalır.

Amerikada o yenidən səhnəyə çıxır. Son rolu Marko Praqanın “Bağlı qapı” pyesində olur. Duzenin qəhrəmanının pyesdəki son sözü belədir : “ Tənha, tənha! “.

Bu həm də Eleonora Duzenin son sözləri olur. Bir gün sonra ona sətəlcəm diaqnozu qoyulur və 21 aprel 1924-cü ildə o dünyasını dəyişir. Vəsiyyətinə əsasən onu öləndə vətəninə qaytarıb, sevdiyi Toskana təpələri arasında Azoloda dəfn edirlər.

***

...Eleonora Duze Turində olarkən Sara Bernarın ifasında “Kameliyalı dama” tamaşasını baxır. Sara öz istedadının zirvəsində olur və Eleonora onun ifasından sarsılır. Duze onun haqqında belə deyir : “Budur kütləni incəsənət qarşısında baş əyməyə məcbur edən kəs! “.

Sara da iti gözləriylə ilk sırada əyləşmiş tipik italyan xanımını görmüşdü. İki məşhur aktrisanın rəqabəti beləcə başlayır.

O gündən Duze bütün varlığıyla çalışır ki, Saranın oynadığı rollarda oynasın.

Onların müqayisə edən kritiklərin ortaq rəyi belədir ki, Sara möhtəşəmdi, amma hər yerdə ancaq özünü oynayır.

Eleonora Sara qədər parlaq deyil, amma hər pyesdə fərqlidi, hər dəfə oynadığı qəhrəman olur. Sara qocalmaqdan imtina edib qrimi sevirsə, Eleonora ömrünün sonunadək qrimdən imtina edib.

Klassik təzadın bir qütbündə Sara, o birində Eleonora uzun illər bir-biriylə rəqabətdə olublar. Eleonora – intuisiyanın, ilhamın, sadəliyin, Sara isə ustalığın, texnikanın, virtuozluğun təcəssümü olub.

Sara yüksək texnikası ilə bircə jestlə səhnədə lazım olanı edib, hamını heyran edirdi.

Eleonoranın səmimiliyi, yaşantını olduğu kimi ifadə etmək bacarığı onu hamıya sevdirirdi.

Tənqidçilərə görə onların əsas fərqi kürəkləri və çiyinləri idi. Əsas vacib fərq burda aşkara çıxır. Saranın korpusu və əlləri arxası səhnəyə də işləyirdi.

Əllərinin biri o birindən artıq hərəkət etmirdi. Bu ideal kontrast idi.

Eleonoranın əlləri bədənin dilini ifadə eləyən mətn idi. Onun əlləri məkanın intəhazıslığı içində üzürdü.

Kosmosun içində xaos idi, qaranın içində ağ, bəyazın içində siyah idi.

Sara Bernar bütün boşluqları özüylə doldurmaq istəyən sellər kimiydi. Amma sellərin Saraya gücü çatmırdı.

O, tikanlı məftillə ayrılmış sərhədləri darmadağın etmək istəyən, kişiylə qadını, qocayla cavanı özündə birləşdirmək istəyən qeyri-adi bir qadın idi.

Sara Bernar sıfır kimiydi – onu nəyə vururdunsa cavab Sara alınırdı.

Eleonora antik çağların açıq səmaa altında oynamaq arzusunda yanıb-odlanarkən bəlkə də heç özü də bilmirdi ki, onu içində qədimlərdən gələn həqiqətlər qaynaşır. O, qədim yunan miflərindəki Fetidaya bənzəyirdi.

Teatr ona toxunan kimi o , müxtəlif cildlərə düşürdü.

Gah Kleopatra olurdu, gah Marqarita. Amma teatrın gücü çatmırdı ki, onu qollarının arasında sıxsın ki, Duzenin əsl üzünü görə bilsin.

Üzlərini ağ-qara rəsmlərdən gördüyüm bu iki aktrisanın arasına nifaq ilahəsi Erida üstündə “ən gözələ” yazılmış bir alma atsa və məndən də Paris olmaq tələb olunsa, mən neyləyərəm ?

Kimi Afrodita seçərəm görən? Bilmirəm.

__________

* Fransada hərbi sirləri Almaniyaya ötürməkdə, vətənə xəyanətdə təqsirli bilinən yəhudi əsilli Dreyfusun bir neçə il sonra günahsızlığı üzə çıxmışdı. Bu hadisə Fransada böyük debat doğurmuş və antisemit çağırışlara rəvac vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG