Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:37
İsveçdə yaşayan Ozan Araz Elsəs 28 May—İstiqlal Günü şərəfinə Bakıda şadlıq saraylarının birində konsert verdi. Fürsəti yaxalayıb Araz bəyi konsertdən öncə AzadlıqRadiosunun «Can Bakı» proqramına qonaq çağırdıq. Araz Elsəslə söhbəti həm oxuya, həm də dinləyə bilərsiniz.

- Araz bəy, xoş gördük! Həm Bakıya—Azərbaycana, həm proqramımıza xoş gəlmisiniz... Proqramımızın bir ənənəsi var. Öncə bir «Can Bakı» deməzsiniz?

- Can Bakı! (Gülüşmə)

O ZAMAN DA GÖZƏL İDİ...

--Araz bəy, bir halda ki, Can Bakı—söylədiniz, lütfən yaddaşınızı qurdalayın. Bakının adını kimdən duydunuz və Bakını ilk dəfə nə vaxt gördünüz?

--Bakının adını ilk dəfə Güney Azərbaycanda olanda duydum. Bakı öncə röyalarımda, xəyallarımda olub. Bakını görmədən onu xəyalımda yaratmışam. Azərbaycan ədəbiyyatı ilə uşaqlığımdan maraqlanırdım. Bakı ilə ilk tanışlığım da kitablardan başlayıb. Xəyalımda bir Bakı qurdum, böyüdüm, başa çatdım, gənc yaşlarında Bakıya gəldim. 1992-ci il idi. İndiki halıyla müqayisədə çox fərq vardı. Amma o zaman da gözəl idi Bakı, indi də. Gələcəkdə daha gözəl olacaq.

-- Bakı arzularınızın, xəyallarınızın şəhərinə nə dərəcə uyğun gəldi? Bizlərdə belə bir deyim var—Moskva göz yaşlarına inanmır. Bakı göz yaşlarına inanır, ya inanmır?

--Dediyim kimi, xəyalımda bambaşqa bir Bakı vardı. Oxuduğum kitablardan, baxdığım filmlərdən yaranmışdı. Gəldim, gerçək Bakını gördüm.

BAKI AVROPANIN ƏN GÖZƏL ŞƏHƏRİ OLACAQ

--Onda sualı bir az dəyişim. Gerçək Bakı arzularının şəhərinə nə dərəcədə bənzəyirdi?

--(Gülür) Gerçək Bakı bir az fərqli idi. Amma Bakıda doğmalıq gördüm. Mən Tehrana getdiyim zaman özümü qürbətdə hiss edirdim. Qəribçilik məni basırdı. Amma Bakıda bir an, bir saniyə belə özümü qərib hiss etmədim. Bu şəhərdə sevgi gördüm, məhəbbət gördüm. Mən kimsənin tanımadığı bir gənc oğlandım. Para-pulum yoxdu. Millət məni bağrına basdı, balalarından ayırmadı. Ailələrdə yaşadım, öz uşaqlarından seçmədilər. Sizin vasitənizlə o ailələrə sevgilərimi-sayğılarımı sunuram. Nə gözəl ki, Bakımız var. Nə gözəl ki, Təbrizimiz var. Nə gözəl ki, Bakı bağımsız, müstəqil Azərbaycanın paytaxtıdır. İnanıram ki, Bakı Avropanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

BAKIDA ƏLLƏRİMİN YERİ QALDI...

-Nədən Bakıda həmişəlik qalmadınız? Nə Sizi özündən itələdi? Nəyinə dözə bilmədiniz? Nəyindən ayrılmaq istəmirdiniz?

--Aradabir qaçaraq gedib-gəlirdim Sulduza. Amma orada qala bilməzdim. Yaşamaq mümkün deyildi. Mən Bakını buraxmadım. Zaman, dövran sanki sıyırdı əllərimi. Əllərimin yeri qaldı Bakıda, Azərbaycanda. Getməyə məcbur oldum. Pasportum yox, işim yox... Bakıda yaşamaq çətin... Siyasi problemlər də var idi. O vaxt arıq gənc idim. Amma bir ruhum var idi, o, məni yaşadırdı. İndi düşünəndə ən gözəl xatirələrim Bakı ilə bağlıdır.

«Vətənsevər mahnılar ifaçısı olmaq üçün ən birinci vətən sevgisi olmalıdır»
HƏR YERƏ UÇURAM, DOĞULDUĞUM ŞƏHƏRDƏN BAŞQA...

-- Qürbət Sizi necə qarşıladı? Nələr yaşadınız? Heç geri dönmək, nahaq gəldim dediyiniz zamanlar oldumu?

-- (Gülür). Oh-oh-oh... Onu hər zaman demişəm. İndi də deyirəm. Bir çoxları kimi, «Ah Avropa, Avropa!» söyləmirəm. Getdim, yaşadım, pasport da var, vətəndaşlıq da. İstədiyim yerə uçub gedə bilirəm—öz doğulduğum yerdən başqa... Rahatam. Amma ora Vətən deyil! Həmişə deyirəm: Üstündə gəzdiyin torpaq nə qədər gözəl də olsa, İsveç gözəl ölkədir, amma Vətən deyil, yurd deyil... O gün konsertdə mənə Təbriz torpağı verdilər, qoxuladım. O, mənim doğma torpağımdır. Elə Bakı da. Ancaq İsveç nə qədər məni bağrına bassa da, içində soyuqluq var. Ona görə də, indi mahnılarla yurda dönməyə can atıram. Ara-sıra Bakıya gəlirəm. Bakıdan Təbrizin qoxusunu alıram, Sulduzumun qoxusunu alıram... Nə yaxşı ki, sizlər varsınız!

AZADLIQ YA VAR, YA YOXDUR!

- Azadlığı sevməyən insan deyil. Azadlıq bir gerçəkdir, bir haqdır. Azadlığın qarşısına çıxanlara yazıqlar olsun. Haqq heç zaman batmaz. Bu millət azadlığa layiq millətdir. Güneyli-quzeyli yüzdə-yüz haqqına çatacaq. Hər şey yüzdə-yüz olmalıdır. Sevgi də belədir. Ya var, ya yoxdur! Düzdür. Dünyanın bir çox ölkələrində Azadlıq yoxdur. Amma insanlar ona can atır. Biz də can atmalıyıq. Çünki azadlıq boşuna verilmir. Yetər ki, yorulmadan-usanmadan gedəsən. Bunu mən Güney Azərbaycan türkü olaraq deyirəm. Oradan döndüyümdə, çayı keçdiyimdə mənim mahnılarımı heç kimsə bilməzdi. Amma indi yüz minlər bağırır ki, «Haray-haray, mən türkəm!», «Azərbaycan var olsun--bir olsun!». Bu, gerçəkdir, haqdır, zaman –zaman yerini tapacaq.

ALMAS İLDIRIMIN ÇƏKDİYİ «OYYY!» —MƏNİ YANDIRAN OYYY!

--Araz bəy, vətənsevər mahnılar ifaçısı olmaq üçün ən birinci nəyə sahib olmalısan? Onun adi sənətçidən fərqi nədir?

--(Susur) Nə olmalıdır? Yəqin ki, ən birinci vətən sevgisi olmalıdır... Mən acı çəkmişəm. Vətənsizliyi yaşamışam. Almas İldırımda var o. Niyə var? Çünki Almas sürülmüş... Mən də sürülmüşəm. Bilmirəm, onun çəkdiyini nə dərəcədə çəkmişəm? Hələ də çəkirəm, çəkəcəyəm də--başı uca...Almasın içindəki «oyyy!» var ha—deyir «Azərbaycan, mənim baxtsız anam, oyyy!», bax, məni yandıran da həmin «oyyy!»dur. Bir də, səmimilik olmalıdır. İçdən gəlməyəndə, nə Vətənə yaraşır, nə də insanlara çatır. Onu söylədiyin zaman təpədən-dırnağa söyləməlisən. İndi mahnılarla yurda qoşuram. Ən böyük arzum yurduma dönmək, yurdumda yaşamaqdır. İndi Alması düşündükdə, Məhəmməd Əmin Rəsulzadəni düşündükdə, belə fikirlər dolaşır ağlımda. Düzdür, Türkiyə də mənimdir, amma hər kəsin bir doğulduğu yer var. Sulduzda doğulmuşam. Ora üçün burnumun ucu göynəyir. Bir ovuc torpağa dönsəm də, ora qovuşacağam. Almas da elə. Arzum odur ki, torpağa qarışmış Almas Bakıya dönsün, kəndində yatsın. O, öz kəndinə dönməklə buranı şərəfləndirəcək, insanların başı ucalacaq. Arzum budur Rübabə dönsün Güney Azərbaycana. Bu insanlar yurdumuzun ağırlığıdır.

SEVGİ DOLU BİR ÜRƏYƏM...

--Yeri gəlmişkən, Araz bəy, konsert verdiyiniz məkanı bəyəndinizmi? Əvvəlcədən bir istəyiniz, bir şərtiniz vardımı, yoxsa konsertdə dediyiniz kimi, Vətənin ən pis guşəsində oxumaq da Sizə ləzzət edir?

«Yer mənim üçün önəmli deyil, önəmli olan insanlarla görüşdür»
--Yer mənim üçün önəmli deyil, önəmli olan insanlarla görüşdür. Konsertdə səmimi dedim. Yurdumun küllüyü də mənim üçün doğma torpaqdır. Təki tez-tez görüşək. Nə yaxşı ki, bu görüş baş tutdu. Orada səs problemləri var idi. Bu, musiqiçilərə də təsir edirdi, mənə də. Amma mən oraya sevgi dolu ürəyimi gətirmişdim. Konsertə gələnlər də sevgi dolu ürəklə gəlmişdilər. Çalışdım ki, elə texniki səbəblər mənim səmimiyyətimə təsir etməsin. Sağ olsunlar, yaxşı da qarşıladılar. Onlar hər şeyin gözəlinə layiqdir. Mən də istərdim ki, gözəl konsert salonu olsun. Orada hər şey qaydasında olsun. Amma olmadı. Əskikliklərimiz var idi. İnşallah, gələn konsertlərimiz daha uyğun məkanda olsun.

--Sizcə bir ozandan, bir oxuyandan niyə çəkinirlər ?

--Bilmirəm. Mən millətimi fərq qoymadan sevirəm. Mən heç bir partiyaya bağlı deyiləm. Bütün partiyalar mənim ürəyimdədir. Ola bilsin ki, kimsə mənim dediklərimlə razılaşmasın. Bu da normaldır. Amma demokratik cəmiyyətdə hər kəsə söz demək imkanı verilməlidir. Başqaları kimi mən də burada oxumaq istəyirəm. Sağ olsun təşkilatçılar, amma daha gözəl konsertlərin olacağına inanıram.

    • Diaspor təşkilatları Araz Elsəsi niyə xatırlamırlar, nədən tədbirlərinə çağırmırlar?
    • Araz bəy türk mediasından niyə gileyləndi?
    • Araz Elsəs bir gününü necə təsvir etdi? Məsələn, gün necə başlayır - necə qurtarır?
    • Araz Elsəsin diskləri Azərbaycanda niyə satışda yoxdur?
    • Araz bəyin şəxsi həyatı ilə maraqlanan dinləyici hansı cavabı aldı? Araz bəy niyə özünü Ginnesin Rekordlar Kitabına namizəd saydı?
    • Ozan Araz bəstələrini necə yazır? Onu nə tutur? Nə təbə gətirir? Nə haldan-hala salır?
    • Araz Elsəs «Dar ağacı»nın müəllifi Rüstəm Behrudinin son şeirini—«Azadlıq, torino kəfəni və zəvvarlar»ı studiyamızda dinləyib necə qiymətləndirdi?
    • Behrudini nəyə görə sevdiyini bildirdi?
    • Ona hansı mesajı çatdırdı?
    • Araz Elsəs «Azərbaycanda demokratiyanın inkişafına hansı töhfələriniz var» --deyə soruşan dinləyiciyə nə cavab verdi?
    • Araz bəy «Can Bakı» proqramında niyə canlı oxumadı?
«Can Bakı»nı dinləsəniz, həm Ozan Arazın azadlıqsevər, vətənsevər mahnılarını eşidəcək, həm də onun üçün hazırladığımız kiçik hədiyyədən xəbər tutacaqsınız.

Şərhləri göstər

XS
SM
MD
LG