Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:47
Şərif AĞ


Uşaqların xatirəsinə - 1 iyun Uşaqlar Günüdür axı


Deməli, səhər-səhər durub ağlaşa-ağlaşa əmilərinə yanaşıblar:
- Atamızla-anamız hanı?
Əmiləri əlindəki ağacı kəndimizlə üzbəüz boy verən dağların haçalanıb dikələn yerinə uzadıb:
- Odu e… o yaldan aşıb getdilər.

Uşaqlar – iki oğlan bir qız əl-ələ tutub həmin haça dağ deyin yola düzəliblər. O gedən, bu gedən… Onlardan bir xəbər-ətər yoxdu hələ də.

Kəndimizdə bu əhvalatı kim danışırdısa ardınca dərindən köks ötürməli, arvadlar hökmən ağlamalı, kişilər bir eşmə yandırmalı idi. Çünki doğrudan da bu əhvalat şəxsən mənim eşitdiklərimin ən dəhşətlisi idi.

Söhbət 41-45-dən gedir. Ac uşaqlarını hər gün bir bəhanə ilə yola verən valideynlər bir gün dözməyib evdən qaçırlar. Səhər uşaqlar (ən böyüyünün 10 yaşı, adı Kərim) əmilərinin ətəyindən yapışır. Əmi isə heç öz qarğaşasını çəkə bilmir. Ona görə uşaqlara ağacının ucu ilə həmin haça dağı göstərir. Bahar fəslində kəndimizə günəş həmin haça dağdan doğurdu. Bu əhvalatdan 50 il sonra (1992) çərxi-fələk bütün kəndimizə zopasının ucu ilə həmin haça dağı göstərəcək, rədd olun deyəcəkdi: «Kərimin arxasınca!»

Amma bu 50 ildə Kərim və qardaş-bacısı haqqında çox şeylər danışacaqdılar. Guya üçü də sağdı, kefləri də kökdü. Sadəcə kənddən inciyiblər deyin üzə çıxmırlar. Amma mən bu ehtimallara heç cür inana bilmirdim. Çünki kəndimizlə həmin o haça dağın arasında dərin dərələr, keçilməz meşələr, böyük bir çay, hündür qayalar vardı.

Ədəbiyyatdan öyrənmişik ki, uşaqlarla bağlı faciəvi əhvalatları adi bir detal o faciənin özündən daha təsirli ifadə edə bilir. Elə məni düşündürən də Kərimgillə bağlı maraqlı detallar olub həmişə. Kənd adamlarının da, Allah atalarına rəhmət eləsin, yüzdə-mində biri danışdığı əhvalatda bir-iki əhəmiyyətli material işlədər, ya işlətməz. İş qalır fantaziyaya.

Məsələn, görəsən Kərimin əmisi sifətcə necə adam olub? Mən həmişə eybəcər sifətli təsəvvür eləmişəm onu. Məsələn, «Cəsur ürək» filmində Volosun sevgilisinə sataşmaq istəyən ingilis əsgəri kimi… Görəsən bacısı necə olub? Kozettanın («Səfillər») uşaqlığını xatırlamaq olar. Kərimin yəqin ki, bir az Vaqifə («Şərikli çörək» filmi) bənzəri varmış. Ağıllı, tədbirli… Ağlayanda göz yaşı sifətinin kirini üzünə dağıdan, şirin, toppuşsifət bir uşaq. Çox yəqin ki, əl-ələ tutub kənddən çıxanda üçü də ağlayırmış. Vallahi, bir kənddə ki, bu uşaqları itirib-axtaran bircə nəfər başıpapaqlı tapılmayıb, o kəndin qanı halaldır! Necə ki, oldu...

Bəlkə mən emosiyaya qapılıram, doğrusunu siz deyin. Bəlkə başqa söz də tapıb demək olar bu barədə. Bəlkə elə Kərim də Qavroş kimi mübariz, faciəsini balaca duduşuna almayan, ölümün üstünə oxuya-oxuya gedən cəsarətli uşaq olub. İnanmıram! Axı Qavroş daha çox romantik düşüncənin məhsuludur. Bizi onun varlığına inandıran sadəcə yazıçı qələminin qüdrətidir. Yox, ədəbiyyatsevərlər inciməsin, Kərim nə Qavroşun tayıdır, nə də Dostoyevskinin əsərlərinə səpələnən balaca-bədbəxt qız uşaqlarının… Kərim Azərbaycanın faktıdır. Sadəcə Kərimləri və onun çöl-biyaban ümidinə qalan qardaş-bacılarını romana köçürən, ədəbiyyatın tarixinə həkk edən yazıçılar yoxdur.
Hər şey bir yana, görəsən o uşaqlar o dərinlikdə çayı necə keçiblər. Bəlkə elə çay aparıb onları.

Və nəhayət ən vacib məsələ: bu gün Azərbaycanda kərimgil kimi Allah ümidinə qalan azmı uşaq var?

"QAFQAZİNFO"

Günün bütün mövzuları

XS
SM
MD
LG