Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:33
Eyvaz ZEYNALOV

Vaz keçə bilmədim…

Nə qədər özümü saxlasam da MKM-si haqqında öz fikirlərimi bildirməkdən vaz keçə bilmədim.

Ona görə yox ki, göndərdiyim “Tələ” romanım hətta iyirmiliyə belə layiq görülməyib. Amma elə bu da az şey deyil.

Əvvəlcə onu deyim ki, münsiflər, təşkilatçılar müsahibələrində bəyan edirlər ki, müəlliflərə onların əsərləri haqqında geniş rəy bildiriblər, göndəriblər.

Şəxsən mən belə bir şey almamışam, görməmişəm.

İkincisi, iddia edirlər ki, münsiflər müsabiqəyə göndərilən əsərlərin hamısını bir-bir oxuyublar.

Halbuki elə belə də olmalıdı. Heç olmasa bir əsər haqqında münsiflərdən azı 3 nəfəri rəy yazmalıdı, həm də başdangetdi yox.

Mən iyirmilik elan ediləndən sonra əsərimin münsiflərin neçəsi tərəfindən oxunduğu ilə maraqlandım.

Axırda məlum oldu ki, romanımı münsiflərdən yalnız M. Qarayev nəzərdən keçirib (cavablarından oxumadığı aydınlaşdı) və onun rəyi ilə çıxdaş edilib. Bu adamla tanış deyildim.

Başqasının vasitəsi ilə telefonunu əldə etdim. Soruşdum ki, romanımda onu nə qane etməyib?

Sovet dövründə redaksiyaların müəlliflərə yazıqlarına (“əsəriniz bədii cəhətdən zəifdi...”) oxşar bir cavab aldım. Guya əsər roman yox, hekayə idi, mən onu zorla dartıb uzatmışdım, dialoqlarım da bərbad vəziyyətdəymiş (beləcə də dedi), vəssalam...

Cavaba bir baxın. “Tələ” romanı çoxşaxəlidi. Tək elə jurnal variantı “Azərbaycan” jurnalında 70 səhifədən artıq yer tutub (2010-cu il, 8-9-cu nömrə).

Əsərlərim haqqında az-çox yazanların hamısı bu vaxtacan həmişə onların dilini, dialoqlarını tərifləyiblər.

Mən bunları bildirəndə M. Qarayev fikrində gerilədi, hamısını demirəm ki, dedi... Bir də, müsabiqələr elə bununla qurtarmadı ki və s.

Bütün bunlardan sonra gəl indi inan ki, iyirmiliyə, onluğa düşən əsərlərin hamısı münsiflər tərəfindən oxunub, obyektiv qiymətləndirilib.

Ya da müsabiqənin şərtlərindən birində yazıldığı kimi, əsərlər münsiflərə anonim şəkildə göndərilib, onların kimin əsərləri olduğundan münsiflər xəbərsiz qalıblar...

Mənə elə gəlir ki, birinci növbədə, müsabiqənin, daha doğrusu, oxu və qiymətləndirmə prosesinin vaxtını uzatmaq lazımdı.

Səsverməni yarıbayarı qısaltmaq, lap ləğv də etmək olar. Məncə, bu, cəmiyyətimizdə qətiyyən özünü doğrultmur, formal, lazımsız bir şeydi. Sonra, münsiflərin sayını artırmaq lazımdı.


Çıxdaş edilən, yaxud seçilən hər bir əsər haqqında ətraflı, inandırıcı rəy alınmalıdı. Həm də hər bir əsər haqqında münsiflərdən heç olmasa 3 nəfərin rəyi olmalıdı.

Axı ədəbiyyat zövq məsələsidi.

Ola bilər ki, bir əsəri bir münsif bəyənməz, 2 münsif bəyənər və ya əksinə. Münsiflərin seçimində də çox diqqətli olmaq lazımdı.

Oxşar düşüncəli, dünyagörüşlü, oxşar üslüblü adamların münsif qismində seçilməsi müsabiqənin xeyrindən çox, zərərinədi.

Çünki nəticədə oxşar əsərlər seçiləcək, necə ki, seçilir.

Bir də, mənə elə gəlir ki, münsiflər hər il hökmən dəyişməlidi. Axı bura Azərbaycandı...

Daha iki məsələ haqqında şəxsi fikrimi bildirmək istəyirəm.

Birincisi, rusdilli əsərlər haqqında. Bir çoxları kimi mən də hesab edirəm ki, Milli adlanan müsabiqəyə başqa dildə yazılmış əsərlər buraxılmamalıdı.

Axı onların meydanı daha genişdi. Baxın, rus dilində nə qədər müsabiqələr var Rusiyada...

İkincisi, yaş məsələsidi. Tez-tez deyirlər, müsabiqələrdə cavanlara üstünlük verilməlidi.

Hətta bəziləri cavanlar üçün ayrıca müsabiqə keçirilməli olduğunu iddia edirlər.

Halbuki indi cavanlar üçün bir neçə müsabiqə keçirilir, daha çox güzəştlər edilir. Məncə, normal müsabiqələrdə bu cür söhbətlər olmamalıdı.

Hər yaşda gözəl əsər yazıla bilər. Məgər ədəbiyyat tarixi bu cür sürprizlərlə dolu deyilmi?

Normal müsabiqədə hamıya eyni gözlə baxılmalı, gözəl əsər dəyərləndirilməlidi!..
Bütün bu irad və təkliflərimdən elə çıxmasın ki, MKM-nə dəyər vermirəm.

Bu müsabiqə ədəbiyyatımızın inkişafında öz rolunu oynayır və oynacaqdır. Bunu kimsə inkar edə bilməz.

Həmçinin oxu
MKM-in qalibləri iyunun 4-də elan ediləcək

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG