Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:08
Tənqidçi Cavanşir Yusifli yazıçı Əli Əkbərin "Amneziya" romanının ("Qanun" nəşr.) Azadlıq Radiosunun "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.

"Mən Əli Əkbərin bu romanını bəri başdan deyim ki, mükəmməl əsər yaratmağa göstərdiyi cəhd kimi qiymətləndirmək istərdim"...

"Necə deyərlər iplərdən birinin ucundan tutub azacıq dartan kimi, bütün “mətn” dağılır, heç olmamış kimi"...

“Doğma Azərbaycan dili” bəzən elə tanınmaz hala düşür ki, ürəyindən hönkür-hönkür ağlayıb ağı demək keçir"...


Cavanşir Yusifli

Xəlbir saman içində...

Romanın annotasiyasında qeyd edilir ki, “utopiya və antiutopiya janrında qələmə alınmış “Amneziya” romanında avtoritarizmin tüğyan etdiyi bir ölkədə yaşayan Murad adlı stomatoloqun bir neçə cəbhədə apardığı mübarizədən bəhs olunur, baş qəhrəmanının məişətdən siyasətə, romantizmdən sərt realizmə qədər həyatının bütün qatları əhatə edilir.

Avtoritar üsul-idarəyə son qoyan inqilabın xəyallarda, yaxud gerçək həyatda beş verdiyi sona qədər anlaşılmayan əsərdə yalnız mübarizə xətrinə mübarizə aparan tənha və yorğun savaşçının həyat hekayəsi təqdim olunur...”


Mən Əli Əkbərin bu romanını bəri başdan deyim ki, mükəmməl əsər yaratmağa göstərdiyi cəhd kimi qiymətləndirmək istərdim.

Özü də bütün imkanlarını səfərbər edərək yaratmaq istədiyi bədii mətn nümunəsi kimi.

Və yenə bəri başdan deyim ki, müəllifin təqdim etdiyi mətndə xüsusi məqsədlə mütaliə etdiyi kitablardan yığdığı və özünün şəxsən qazandığı təcrübə arasında balans sonda əsərin mükəmməl alınmaması ilə nəticələnib.


Yəni, roman boyu şahidi olduğumuz keçidlər, hadisədən hadisəyə adlama, süjet poetikasında hadisə və detalları yerbəyer edən gedişlər doğrudan da müəllifin mətnə ciddi yanaşdığını bəlirləyir, müəllif doğrudan da bu kitabı ilə oxucuya həm sosial, həm də digər həssas qatlarda (plastlarda) bir neçə ideya təklif edir və bununla paralel olaraq onun nəzərində “müasir roman” anlayışının tənqidini verir – bu, romanla oxucu, oxucu ilə müəllifin birgə (şərikli) və fərqli (aşıqlanmayan) fikirlərinin səsləşməsi və toqquşması kontekstində baş verir.

Hər bir bədii mətn nümunəsinin belə bir funksiyası da mövcuddur – oxucunu ələ almaq və onun əksinə getmək, daha doğrusu bu hərəkəti eyni zamanda, eyni bir ideya qəlibində gizlətməklə oxucu zövqü ilə oynamaq.

Mətnə “nifrət yaradılması”, bu əsasda meydana gələn “bezdirici ovqat” (bu nədir, Rafiq Tağı demişkən, böyük roman yazmaqdansa, kiçik hekayə yaxşıdır...) oxucunun bədii mətn nümunələrinə həssaslığını artırmaq məqsədi güdür, ideyanı ona qarşı yürüşlə qəbul etdirmək, yaxud ən azı nümayiş etdirmək niyyəti xalis nəsr mətninin başlanğıcıdır.

Beləcə, “tənqid atmosferində” baş tutan mütaliə mətnin daha dərinliklərinə baş vurmaq ehtirası doğurur, ancaq... ard-arda təqdim edilən nümunələrdə hələlik belə bir dərinlik ölçüsü yoxdur.

Post-modernizmin kollaj stixiyası tətbiqi asan, ancaq nəticəsi idarə edilə bilməyən bir nəsnədir.

Bu gün bizdə postmodernizmə xaotik və bir az da izaholunmaz meyl var, bu gün bizim ədəbiyyatda bir “şantaj” stixiyası yaşanır - bu, həm də “yaddaşın itirilməsi” hadisəsini (amneziya-!) xatırladır.

Qələm adamları ədəbiyyatdan daha çox özləri ilə məşğuldurlar, bədii mətndə onlara qarşı demək olar heç bir maraq yoxdu, - fikrimizcə, məsələnin ən ciddi tərəfi elə budur.

Müasir sənətdə sözün məkanı daralır, işarə yükləndikcə yüklənir, hər şey, hər bir ifadə vasitəsi, üslub yönü ifrat işarəvilik keyfiyyəti qazanır, belə olduqda qədim zamanlardan bəri formalaşan ənənələrin yeni mətnlərdə dolanma, nüfuz etmə imkanlarının rakursu dəyişir, baxırsan ancaq müəyyən konturları görürsən, ancaq yeni tipli mətnlər təkcə baxmağı, oxumağı və dərk etməyi tələb etmir, burada sənin mətnə və əksinə mətnin oxucuya münasibətinin tipi dəyişir.

Bir fransız yazıçısının belə bir deyimi var: günlərin bir günü dünya yerlə-yeksan olsa, yerdə ancaq mətnlər qalsa, nəyəsə ümid etmək olar.

Ancaq yalnız mətnlər məhv olsa, bu dünyada bircə gün də yaşamağa dəyməz.

Bu anlamda hər yeni cərəyan, hər yeni üslub hadisəsi əslində bu köhnə ənənələrin saxlanması üçün bir fürsətdir.

Yəni, bədii mətndə istədiyin ideyanı, texniki-texnoloji vasitəni ... yerləşdirmək üçün məkan təsəvvür eləmədiyin dərəcədə genişdir, ancaq bu, necə deyərlər, sapanda qoyulan daş deyil ki...

Mətnin müəllifi şüurlu şəkildə əvvəldən axıra kimi hamıya məlum, az qala hamının başının üstündə asılan lövhədəki yazıya bənzər ehkamlarla oynamır, bundan əvvəl müzakirə edilən romandan fərqli olaraq oxucunun təsəvvürlərini zorlamır, onu uşaq bilib əlindən tutaraq bələdçilik etmir, xatırlatdığımız kimi, əksər hallarda onun əksinə gedir.

Bir də: mətnin müəllifi bu mövzuda ona qədər yazılan təcrübənin içində görünmək, onu azca da olsa təravətləndirmək, dolğunlaşdırmaq istəyib, həm də: doğma Azərbaycan dilində bu əhəmiyyətli mövzunun bədii həllinə can atıb.

Əli Əkbər

Ancaq “doğma Azərbaycan dili” bəzən elə tanınmaz hala düşür ki, ürəyindən hönkür-hönkür ağlayıb ağı demək keçir.

Göründüyü kimi, Əli Əkbər qarşısına böyük vəzifələr qoyub, bundan əlavə, bu vəzifələrin öhdəsindən gəlmək üçün texniki və poetik improvizasiyalara xeyli enerji sərf edib.

Ancaq bu cəhdlər niyə küll halında baş tutmayıb? Şübhəsiz, ona görə yox ki, ortaya bu qədər qəliz və fərqli mətləblər qoyulub.

Fikrimizcə, ona görə ki, hər şeyin təzə olduğu bir ortamda metod köhnədir.

Necə deyərlər iplərdən birinin ucundan tutub azacıq dartan kimi, bütün “mətn” dağılır, heç olmamış kimi...

Hətta hadisələrin kifayət qədər maraqla nəql edilməsi, hadisə kontekstində artıq təfərrüatlara yol verilməməsi də mətnin parçalanmasının qarşısını ala bilmir. Fikrimizcə, bütün bunların bir əsaslı səbəbi var.

Müəllif mətni yox, daha çox texnikanı təsvir edib.

Bəzi hissələr redaktəsizdir, dil kasıbdır, dilin bütün səviyyələrində kasadlıq necə deyərlər “üzə vurur”. Müəllif təsvirlərdə dəqiq ifadələr seçmək üçün mətləbə sanki başqa bir dildən gəlir.

Yazı texnikasının təsvir və ya imitasiya edilməsi ard-arda təqdim edilən bütün yeni ideyaların həll edilməməsini, havadan asılı qalmasını şərtləndirir.

Mətnin qurulmasında texniki baxımdan bir sürəklilik var.

Və bu elə improvizə edilir ki, ortaya atılan detalların üstündə dayanıb müzakirə aparmaq lüzumu avtomatik aradan qalxır.

Mətn boyu oyun qurula-qurula gedir, passajların, mətnaltı mətnlərin çarpazlaşması doğrudan da maraq doğurur, qəhrəman bəzən hər şeyi imitasiya edir, onun ciddiləşməsi ilə gülüşünün başlayıb bitməsinin sərhədi itib-batır – məişətdə, sevgidə ... özünü çox sərbəst aparan insan əslində komplekslərinin əsiridir və bu ziddiyyət onun müvəqqəti ölümünü sürətləndirir.

Ömrü boyu arzuladığı dəyişikliyi görməməsi burdan qaynaqlanır.

Bu qədər azad, liberal, “geniş dünyagörüşlü” bir insanın düşüncəsi bəsit və məhduddur. Yuxu ilə reallığın, real gerçəkliklə utopik gerçəkliyin sərhədi haradadır.

Mətnin içində, ömür adlı mətnin yazılan və yazıldıqca pozulan sətirlərinin arasındadır.

Müəllif bu hadisələri sadəcə maraqlı təsvir etmək cəhdi göstərib, ancaq təsvir, yanaşma, münasibət və sair ciddi mətləbləri şərtləndirən metod köhnədir, Əli Əkbərin oxuduğu və rəhbər tutduğu kitablardan gəlir, halbuki, mətni yaradan, mövzunu bədii baxımdan həll edən müəllif bu metoddan başlamalıdır.

Bu məqaləni “müəllifin ölümü” də adlandıra bilərdik, ancaq deyəsən, bunun da vaxtı keçib, dünyada maraqlı olan ən qədim sözü onun mayasına qoyulan şövqlə tələffüz etmək bacarığıdır, çünki enerji buradadır.

Həmçinin oxu
Nərmin Kamal. Düymə qoparan
Tehran Əlişanoğlu. Amneziyadan ayılanda
İradə Musayeva. Ədəbiyatımızda travmatik amneziya sindromları
Çingiz Hüseynov. "Amneziya"ya dair
Əli Əkbər "Amneziya" (Romandan parça)

Günün bütün mövzuları

XS
SM
MD
LG