Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:56

Fəzail Ağamalı: «İsa Qəmbər bu gün bu cür danışa bilirsə...»


Fəzail Ağamalı
Fəzail Ağamalı
Bu il Müstəqillik haqda Konstitusiya aktının imzalamasının 20 ili tamamlanır.
AzadlıqRadiosu həmin dövrün şahidlərindən müsahibələr götürür. Növbəti müsahibimiz də xalq hərəkatının iştirakçısı, deputat və iqtidaryönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır. O, həmin günü fəxrlə xatırladığını deyir. Danışır ki, 1990-ci ildə sovet tankları Bakıya girsə də, xalqın əzmini qıra bilmədi.

«SOVET HÖKUMƏTİ DAĞILMAMIŞDAN ÜÇ AY ƏVVƏL...»

- Ümumxalq hərəkatı milli azadlıq mübarizəsinə keçdi. Nəhayət müstəqillik haqda Konstitusiya aktının qəbulu kimi son dərəcə əhəmiyyətli hadisəylə sonuclandı. Unutmaq olmaz ki, sovet hökuməti dağılmamışdan üç ay əvvəl Azərbaycan xalqının iradəsi ilə parlament müstəqillik aktını qəbul etdi. Həmin dövrdə Xalq Cəbhəsindən və xalq hərəkatından çıxan deputatların bu təşəbbüsü xalq tərəfindən dəstəklənirdi. Mən çox şadam ki, həmin hadisələrin iştirakçılarından biriyəm.

FƏZAİL AĞAMALI NİYƏ HİRSLƏNDİ?

- Bu tarixə müxtəlif yanaşmalar var. Kimi düşünür ki, bu tarixi zərurətin gətirdiyi müstəqillik idi. Kimi də düşünür ki, bu ümumxalq hərəkatının bəhrəsiydi və Siz də belə dediniz bir qədər əvvəl. Ancaq iqtidar təbliğatında Heydər Əliyev müstəqilliyin memarı kimi təqdim olunur.

- Azərbaycanda başlamış milli azadlıq hərəkatı sovet məkanındakı ümumi mübarizənin, dəyişiklərin fonunda gedirdi. Bunu yaddan çıxarmaq olmaz. Yəni tarixi şərait Azərbaycanın milli istiqlalını qazanmasında mühüm rol oynayır. Qaldı Heydər Əliyevə, o Azərbaycanın müstəqilliyinin əldə olunmasında, qorunub saxlanmasında son dərəcə mühüm rol oynayıb.

Fəzail Ağamalı

- Amma siz söhbətin əvvəlində dediniz ki, bu xalq hərəkatının nəticəsiydi...

- Xalq hərəkatı olmasaydı... Əlbəttə Heydər Əliyev də Azərbaycan xalqının sosial sifariş kimi ortalığa qoyduğu və dünyada gedən, SSRİ-də gedən proseslərin məntiqinə söykənərək müstəqillik uğrundakı mübarizədə fəal iştirak edib. Mənim üçün bu, adi məntiqdir. Siz sadəcə olaraq bu cür çaşdırıcı suallar qoymaqla vadar edirsiz ki, bir də sizə müsahibə verməyim. Heydər Əliyevə mənim münasibətim dəyişməzdir...

(Mübahisəni uzatmadan başqa suala keçirik)

20 YAŞLI DÖVLƏTİN NƏYİ YOXDUR?

- 20 yaşlı Azərbaycanın müstəqilliyi də var, milyardlarla büdcəsi də. Nəyi yoxdur?

- Azərbaycanın güclü iqtisadiyyatı da var, beynəlxalq nüfuzu da var, güclü ordusu da. Nəyi yoxdur? Hələlik Qarabağ bizim deyil.

- Bəs demokratiya? Beynəlxalq qurumlar, müxalifət deyir ki, Azərbaycanda demokratiya yoxdur, siyasi azadlıqlar tam təmin olunmur. Müsavat Partiyası başqanı İsa Qəmbər deyir ki, Azərbaycan son 18 ildə bir qrup şəxs tərəfindən işğal olunub.

- Bu, təzə fikir deyil. İsa Qəmbər bu gün bu cür danışa bilirsə, məhdudiyyət yaradılmırsa, təzyiq göstərilmirsə, bu, elə demokratiyanın göstəricisidir. Azərbaycanda qəzetlər çıxır, insanlar fikrini ifadə edir. Nədən İsa Qəmbər və onu himayə edən beynəlxalq təşkilatlar bir neçə gün əvvəl Gürcüstanda baş verənlərə qiymət vermədi? Deməli, orda dövlətçilik baxımından bu addımları atmağa ehtiyac vardı. Aprelin 2-də Fəvvarələr Meydanında törədilmiş vəhşiliyə görə təşkilatçılar və ya iştirakçılar cəzalandırılırsa və bu kiminsə xoşuna gəlmirsə bunlarda ya hüquqi nihilizm var, ya da həqiqətləri bilmirlər.

DEPUTATIN YAXIN 15-20 İLƏ VƏD ETDİKLƏRİ

- Azadlıq, müstəqillik uğrunda mübarizəyə qalxan xalqın bir qismi bu gün güzəranından, ölkədəki vəziyyətdən narazıdır. Bu narazılara sözünüz.

- Azərbaycan xalqı, dövləti müstəqillik uğrunda mübarizəsini davam etdirir. Məmməd Əmin Rəsulzadənin çətinliklərə baxmayaraq Azərbaycanın gələcəkdə müstəqilliyinə bəslədiyi ümidlər, «bir daha yüksələn bayraq daha enməz» kimi fikirlər mütləq əksəriyyətin yaddaşında yaşamaqdadır. Azərbaycan bayrağı dalğalananda düşünmürəm ki, kiminsə ürəyi daha şiddətlə döyünməsin. Ya da dövlətin uğurları ilə bağlı, elə «Eurovison»da Nigarla Eldarın uğurları müstəqilliyin bəhrəsidir. Mən əminəm ki, 15-20 ilə Azərbaycan xalqının yaşayışında, həyat tərzində, onun şüurunda sıçrayışlar olacaq. Bu gün Azərbaycanın nefti Azərbaycanındır. Neftdən gəlirlərə əsasən infrastruktur yenidən qurulur və bunun üstünə kölgə salmaq ədalətsizlikdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG