Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:58

Elnaz Eyvazlı. Zorlanmış qürur



Elnaz Eyvazlı

ZORLANMIŞ QÜRUR
(yenidən işlənmiş variant)

Yanındakı kişiyə baxanda, ona elə gəldi ki, atası rəhmətə gedəndə elə bu yaşda imiş. Bir az söhbətdən sonra:

- Neçə yaşınız var?” - deyə soruşdu.

- Qoca kişiyə oxşayıram, hə?

- Yoox, ancaq elə bildim məndən bir xeyli böyüksünüz.

- Həə, kasıblığın üzü qara olsun... Sevdiyim qızı ərə verirdilər, iki ayağımı bir başmağa dirədim ki, evlənirəm. Evləndim, iş yox, güc yox. Ata da nə qədər saxlayar adamı? Rəhmətə getdi, yük düşdü üstümə. İndi anam, iki uşağım, yoldaşım – hamısı mənim üstümdədi, - deyib bayaqdan bəri əlində əzişdirdiyi siqareti yandırdı. Gözlərini qıyıb ləzzətlə acı tüstünü ciyərlərinə çəkdi. Sanki bütün yaşadığı acıların heyfini ciyərlərindən alırdı.

Bu vaxt uğultu ilə tormoz verib qarşılarında dayanan qara rəngli maşının pəncərəsindən boynuyoğun bir oğlan diqqətlə səkidə dayananları seyr edib:
- Ey, balaca, bura bax, - dedi.

Rabil ətrafına boylandı. Oğlanın kimi çağırdığını aydınlaşdırmaq istədi. Özündən “balaca”sını görmədi. Oğlan maşından düşüb onlara yaxınlaşdı. Altdan yuxarı mal alırmış kimi müştəri gözü ilə Rabili süzdü.

Əllərini şalvarının cibinə salıb çiyninin üstündən arxaya boylandı, yenə Rabilə tərəf döndü:

- Gedirsən bizimlə?

- Hara? Niyə?

- Niyə durmusan burda?

- İş axtarırıam.

- İş axtarırsan, lap yaxşı. Yaxşı pul verərəm, gedək.

- Nə işdi elə?

- Gedək, görərsən.

Rabil ilk günün belə uğurlu başlanmasına sevindi. “Deyəsən, bəxtim gətirdi,” – deyə öz-özünə düşündü. Bayaqdan onunla söhbət edən kişiyə baxıb göz vurdu.

Getdim, - deyib əlini ona uzatdı. Kişi qabarlı əli ilə Rabilin əlini elə sıxdı ki, sanki biləyini qoparacaqdı. Rabil barmaqlarının ucunda qalxıb düşdü. Boynuyoğun əlini Rabilin çiyninə qoyub:

- Nə incə-mincə şeysən, ağrıtdı əlin deyəsən?

- Hə, bir balaca, - Rabil utana-utana cavab verdi.

Boynuyoğun maşının arxa qapısını açıb Rabilə “keç” işarəsi verdi. Rabil bayaqdan sükan arxasında oturan oğlanı indi gördü. Boynuyoğun maşına oturub yanındakına göz vurdu:

- Getdik.

Maşın yerindən güllə kimi götürüldü. Rabil bir irəli bir geri gedib arxası üstə oturacağa yıxıldı. Əvvəl utandısa da, yerinin rahatlığını görüb tərpənmədi. Radioda səslənən musiqinin sədaları altında başını arxaya söykəyib gözlərini yumdu, belə bir maşının heç yuxuda da qismət olmayacağını fikirləşib müvəqqəti də olsa, rahatlığın dadını çıxarmaq istədi. Hara getdiyi, kiminlə getdiyi onun vecinə də deyildi, onu düşündürən bu idi ki, yaxşı pul versələr, Aytənə gözzəl bir hədiyyə alacam, bəlkə də, qızıl aldım.

Gözlərini açanda ona elə gəldi ki, neçə saatdır yuxudaymış. Boynuyoğun yanındakından him-cimlə : “Necədir?” – soruşdu. Yanındakı oğlan gözucu güzgüdə Rabilə baxıb: “Pis deyil,”- dedi. Rabil söhbətin ondan getdiyini başa düşdü. Ancaq özünün niyə müzakirə olunduğunu anlamadı.

Maşın hündür bir binanın qarşısında dayandı. Boynuyoğun oğlan geri çevrilib:
- Düşək? – dedi.

Rabil sualın ona verildiyini anlayıb:

- Siz bilərsiz, - dedi.

O, hara getdiyini bilmir, qabaqda nəsə pıçıldaşan tanımadığı oğlanların dalınca düşüb gedirdi.

Ev çox gözəl təmir olunmuşdu. Hansısa imkanlı adamın evi olduğuna şübhə yox idi. Rabil özlüyündə: “Yəni bu evin təmirə-filana ehtiyacı vaar?” – deyə düşündü. Birdən ağlına gəldi ki, heç bu adamlar məndən nə iş bacardığımı soruşmur, nə iş görəcəyimi demirlər axı. Rabiln bir anlıq halı dəyişdi.

Boynuyoğun oğlan əlindəki içki şüşəsini stolun üstünə qoydu. Rabil nə soruşmağa ürək edir, nə gözləməyə səbri çatırdı. Oğlanlar ikisi də oturdular. Rabil hələ də ayaq üstə idi. Boynuyoğun oğlan Rabilə:

- Otur da, balaca,- dedi.

Onun bu müraciəti Rabilin heç xoşuna gəlmədi. Ancaq bir söz demədi. Oğlan işini başa düşdü. Gülə-gülə:

- İncimə, qaqaş, bizdən balaca olduğun üçün belə dedim, - dedi, - gəl, gəl otur bizimlə boğazını yaşla.

- Yox, içmək istəmirəm, nə iş görəcəm, onu bilmək istəyirəm.

- Əşi, iş qaçmır ki, gəl otur görüm. Elə də çətin işin yoxdu, qorxma, gəl bəri.
Rabil divanın bir küncündə iynə üstündə oturubmuş kimi oturdu.
O, qarşısına qoyulmuş dolu qədəhi əvvəl qorxa-qorxa, sonra birnəfəsə başına çəkib üz-gözünü turşutdu.

Bir azdan içki və siqaret qoxusu otağı başına götürəcək, Rabil yanındakılara qoşulub ömründə gülmədiyi qədər güləcəkdi. Bir anlıq ona elə gələcəkdi ki, bu super təmirli ev də, onu bu evə gətirən xarici markalı maşın da elə onundu.

Bu məclisin nə qədər davam etyini xatırlamayacaqdı. Son yadına gələn o idi ki, harınlamış oğlanlar gözləri qızana qədər özləri də içdilər, onu da içirtdilər. Sonra da yekəpər oğlan ayağa qalxıb səndələyə-səndələyə:

- Arxamca! - deyə əmr verdi.

Rabil də o biri oğlanla qol-boyun olub onun dalınca getdi. Otaqlardan birinin qapısını açıb içəri keçən oğlan geri dönüb:

- Gəlin, - dedi, - utanmayın, öz evinizdi.

Oğlan Rabili qabağa ötürüb geniş yataq otağının qapısını bağladı...

******

Rabil əlindəki qutunu sinəsinə sıxıb qapının zəngini çaldı. Qapını açan Aytən onu görən kimi boynuna atıldı.

- Bilirdim ki, gələcəksən! – deyə sevincindən qışqırdı. Rabilin əlindən tutub çəkə-çəkə qonaqlar olan otağa apardı.

- Dadadadammm! Bu da mənim gələcək nişanlım!

Hamı onlara sarı döndü. Rabil yad baxışların altında sıxıla-sıxıla salam verdi. Ancaq, deyəsən, özündən başqa eşidən olmadı.

Aytən Rabilin qolundan tutub rəqsə dəvət etdi. Rabil etiraz etmək istəsə də, qəbul olunmadı. Aytən qollarını onun boynuna dolayıb sinəsini Rabilin sinəsinə sıxdı. Gözlərini düz oğlanın gözlərinin içinə dikdi. Rabil dizlərinin necə titrədiyini hiss etdi.

- Məni çox sevirsən?- Aytən ehtirasla pıçıldadı.

- Çox ...

- Necə sübut edərsən?

- Məncə sübut etmişəm, - dedi və yadına həmin gecə düşdü. Gözləri Aytənin boynuna saldığı qızıl boyunbağıya sataşdı. Bədəninə istilik gəldi. İstədi əlini atıb boyunbağını qızın boynundan çıxarsın, “bu da sübut”- deyib yerə çırpsın. Rabilin beyni dumanlandı, heç nə eşitmir, nə gurultusu beyin çatladan musiqi səsi, nə Aytənin dayanmadan gözlərini süzdürə-süzdürə verdiyi suallar, nə də qan-tər içində atılıb düşən adamlar onun fikrini cəlb edirdi.

Qapının zəngi çalındı. Aytən qollarını Rabilin boynundan qoparıb:

- Gəldi ! Gəldi!- deyə sevinclə qapıya sarı qaçdı. Kimisə qarşıladı və dəhlizin o biri başından:

- Rabil, gözlərini yum! - dedi.

Rabil ixtiyarsız olaraq gözlərini yumdu. Aytən kimisə özü ilə sürüyürmüş kimi gətirirdi. Deyəsən, onun da gözlərini yumdurmuşdu. Axır ki, Rabilin yanına çatdılar. Aytən ərköyünlüklə:

- İndi açın! – dedi.

Rabil gözlərini açanda ilan vurmuş kimi dik atıldı. Aytən gah qardaşına, gah da Rabilə baxdı.

- Siz tanışsınız? – qız təəccüblə soruşdu.

Oğlanlar çaşdılar. İkisi də birdən:

- Yoox! - dedi.

- Onda tanış olun, bu Rabildir, bu da mənim gözümün ağı-qarası bircə qardaşım Sərxan.

Bu zaman Aytəni çağırdılar.

Aytən:

- Mən getdim, siz söhbətləşin, - deyib qaçdı.

Rabil gözləri qanla dolmuş kimi Sərxana baxırdı. Sərxan Rabili birinci dəfəki kimi başdan-ayağa süzdü:

- Necəsən, özünü necə hiss edirsən?

Rabil onun nəyə eyham vurduğunu başa düşürdü, nə edəcəyini bilmirdi. Birdən sıçrayıb qapıya tərəf cumdu. Sərxan onun arxasınca:

- Hara gedirsən, qalıb qonağımız olardın,- deyib hırıldadı.

Ancaq, deyəsən, Rabil onun nə dediyini eşitmədi.

Aytən otağa qayıdıb Rabili görmədi.

- Bəs Rabil hanı? – dedi.

- Getdi, dedi, Aytənə de, məni bağışlasın, vidalaşa bilmədim.

- Vidalaşmaq?- Aytənin səsi titrədi.

- Nə bilim, o, elə dedi.


*******

Şahin gecədən keçməsinə baxmayaraq, yatmamışdı. Rabilin hələ də evə qayıtmaması onu artıq narahat etməyə başlamışdı. Bu vaxta ad günü qalmazdı. Aytənə zəng etmək ayıb olardı, çox gec idi. Nə edəcəyini, kimə xəbər verəcəyini bilmirdi.

Zəngli saatın səsi Şahinin beyninə işlədi. O, elə oturduğu yerdəcə yuxuya getmişdi. Gözlərini açsa da, yuxudan ayıla bilmədi. Rabilin çarpayısına tərəf boylananda, dik atıldı. “Bəs bu axmaq harda qaldı? Yoxsa Aytən qaçırdı Rabili?” – deyə öz-özünə güldü.

******

Şahin Rabilin həm tələbə, həm də otaq yoldaşı idi. Birinci kursdan bir yerdə qalırdılar. Bir-birinin hər sirrini-sözünü bilir, tikələrini yarı bölürdülər. Elə Rabili qul bazarına göndərən də o olmuşdu. Rabilin necə çırpındığını görüb demişdi:

- Nə vaxtacan anan göndərəcək, sən yeyəcəksən? Yazıq dul arvaddı, öz əli öz başına çatmır. Ev pulunu, imtahan pulunu verir, əyin-başını alır, istədiyin qıza hədiyyəni də o alacaq?

- Bəs neyniyim?

- Neyniyəcəksən, iş tap işlə. Camaat gedib qul bazarında iş axtarır. Əlini açmısan göyə, Allahdan buyruq, ağzıma quyruq deyib durmusan.

Bu söz Rabilin ağlına batmışdı...

Həmin gecə də evə səhərə yaxın gəlmişdi. Onda da Şahin, o gəlincə yata bilməmişdi. Səhərə yaxın evin qarşısında səs salan maşının səsinə diksinib qapıya cummuşdu. Rabil həyət qapısından içəri girəndə ürəyi yerinə gəlmişdi.

- Harda qalmısan, sənə demədim ki, səhərə qədər işlə,- deyib gülmüşdü.

Rabil cavab verməyib elə pal-paltarlı üzüqoylu yerinə uçmuşdu. Şahin nə qədər çalışmışdı, Rabilin dilindən bir kəlmə söz qopara bilməmişdi. Öz-özünə fikirləşmişdi ki, yəqin çox işləyib, yorulub. Ona elə gəlmişdi ki, Rabil ağlayır, əyilib üzünə baxanda nəfəsindən içki iyi vurmuşdu. : “Yəqin çox işləyib, yorğunluğunu çıxarmaq istəyib,”- düşünmüşdü.

*****

Şahin ayağa durub hamama keçdi, əl-üzünə su vurub, çaydanı qazın üstünə qoydu. Fikrini cəm edə bilmədi. Ayaqqabısını geydi, gödəkçəsini qolunun üstünə atıb bayıra çıxdı. Qaldıqları evdən bir az aralıda çörək dükanı vardı. Səhər yeməyinə hər səhər o dükandan isti təndir çörəyi alardılar. Şahin düşündü ki, gedim çörək alım, axşam da Allah bilir qarnı doyunca yeyib-yeməyib.

Dükandan bir tin aşağıda bir dəstə adam toplaşmışdı. Təcili yardım və polis maşını da vardı. Şahin ayaq saxladı. Kepkasını gözünün üstünə basıb siqaret çəkən kişiyə yaxınlaşdı.

- Sabahınız xeyir.

- Sabahın, xeyir, bala.

- Burda noolub?

- Nə bilim, deyirlər dalanda bir meyit görüb səhər işə gedənlər. Cavan oğlandı, özünü dalandan keçən qaz borusundan asıb. Bədbəxtin balası...Görəsən, nə dərdi varmış...

- Vay-vay...- Şahin içini çəkdi, - indi ordadı?

- Yox əşi, təcili yardım maşını apardı, polislər gəlib tökülüb, görmürsən?!

Səhərin gözü açılmamış eşitdiyi bəd xəbər kefini bir az da pozdu. Başını bulaya-bulaya: “Birdən Rabil gəlib qapıda qalar, açarı yoxdu,”- deyə iti addımlarla dükana tərəf getdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG