Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:39

Yunis Novruz. Belə getsə...



Belə getsə

Bu dünyanın sonu hələ uzaqdı,
Geriyə də qayıtmağa yolum yox.
Bu illərin üzərindən uçmağa,
Ürəyim yox, qanadım yox, qolum yox.

Küləkləri mehdi, şehdi, sazaqdı,
Düşub eldən, obalardan dərbədər.
Bu dünyanın sonu hələ uzaqdı
Əvvəli də yaxın deyil o qədər.

Yol gəzirəm külək olub əsməyə,
Çiçək olub açılmağa halım yox.
Bu dünyanı qarış-qarış gəzməyə
Icazəm yox, qanadım yox, qolum yox.

Gün ötdükcə mənə çətin görünür,
Yarpaq kimi payızlaşmaq, saralmaq.
Belə getsə əvvəl-axır görünür
Çətindən də bizə çətin olacaq
Axıracan bir arzuya vurulmaq.


Gəlməz ki gəlməz

Çoxalar günbəgun qayğımız bizim,
Həyət-baca üçün daşımız artar.
Gün üstə gün gələr, il üstünə il,
Boyumuz uzanar, yaşımız artar,
Başımıza ağıl gəlməz ki, gəlməz.

Hər dağdan əsən yel üşüdər bizi
Hər ləkəli işdən bizə kir gələr.
Başımıza gündə yüz oyun gələr
Ağlimiza gündə yüz fikir gələr
Başımıza ağıl gəlməz ki, gəlməz.

Ömrü hər tərəfdən bürüyər anlar
Nəs aylar ötüşər, nəs illər gələr.
Dünyadan dəstəylə köçər nəsillər
Dünyaya dəstəylə nəsillər gələr
Başımıza ağıl gəlməz ki, gəlməz.

Uzaqdan əl elə, şirnikdir , ya da
Harayla, lap çağır, gəlməz ki, gəlməz.
Dünyaya nə qədər xeyir-şər gələr
Gündə neçə-neçə xoş xəbər gələr,
Gündə neçə-neçə bəd xəbər gələr,
Başımıza ağıl gəlməz ki, gəlməz.


Qayıdır

Dan sökülür yavaş-yavaş
Ağlım özümə qayıdır.
Bir əlim başıma qəlir
Biri dizimə qayıdır.

Soyuq yellər, coşan çaylar,
Çətin keçən günlər-aylar,
Xəcalətli hay-haraylar,
Mənim izimə qayıdır.

Ömür keçir yolu kəsə,
Ləngimir ışığa, səsə.
Ürəyimsə təzə-təzə
Səbrə, dözümə qayıdır.

Küləksiz-mehsiz əsirəm,
Özümü sıxıb əzirəm.
Dünyada düzlük gəzirəm
Dünya üzümə qayıdır .


Qardaş

Dünya belə getməz qardaş,
Yoxuş bir gün eniş olar,
Hər dərdi qəlbinə salma
Adam qəlbi geniş olar.

Dünyanın quyruğu uzun,
Üstü mamır, altı yosun.
Hələ yatır, qoy uyusun,
Vaxtsız dursa min iş olar.

Bir gün olar yel gətirər,
Bir gün olar sel gətirər,
Bir gün olar, əl gətirər,
Dünya belə getməz qardaş.

Indi köç qayıdan vaxtdı,
Irəli düşən axsaqdı,
Bu da bir qəribə baxtdı,
Dünya belə getməz qardaş.

Gələcək günlərin biri,
Köç təzədən dönər geri,
Ruhdan düşmə yeri, yeri
Dünya belə getməz qardaş.


Göz yaşı

Payız yenə gəlib çıxar
O dağların başındadı.
Düşünmə ki getdi bahar
O həmişə qarşındadı.

Yola-izə düşər yarpaq,
Yarpaqlara dönər torpaq,
Sevinc də var, qəm də var bax,
Hamısı göz yaşındadı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG