Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:46

Namidə Bingöl. Ayaqdan asılı bədən



Düşüncə Sxemi

Bir anlıq bütün həqiqətləri unut.
Əgər gözlərini yumsan,
Zülmətlər içində
Yalanlar dolu həqiqətlər görəcəksən.
Zamanın nəbzini tut.
Ayı Günəşlə qovuşdur.
«Bein aime»
Sənin qəlbində olmaq istərdim.
Titrəyən yarpaqlar,
Əsən küləklər
Bilmirəm, doğrumu, yalanmı?
Röyanı, xəyalımı?
Yox, yox bilirəm.
Heç nə deməyəcək.
Nə məndən sənə
Nə səndən mənə.
«Bein aime»
sənin qəlbində olmaq istərdim.
Yollar da baş alıb gedir.
Dayanacaq n.qtəsi
haradır, bilmirəm.
Şütüyən maşınlar
hara gedir, bilmirəm.
Qəlbimdən keçən hiss
nəyi demək istəyir?
Bunu da bilmirəm.
Bəs nəyi bilirəm?!
Beynim düşünmək,
gözlərim görmək,
qəlbim sevmək, istəmir.
Daxili iztirablarla
yaşanan olaylardan dolayı.
Yaydan çıxan ox
qınına soxulan qılınc
qəfildən açılan atəş
yeni dünyaya gələn körpə səsi
özündə nəyi ehtiva edir görəsən?
«Bein aime»
Sənin qəlbində olmaq istərdim.
London, Paris, İstanbul.
Məni niyə səsləyir?
Mənə nə demək istəyir?
Torpafu sarayından
Viktoriya Albert muzeyinə qədər
qət etdiyim məsafə
düşüncələrimə hakim kəsilə bilərmi?
Təəssüf edirəm, Eyfel qülləsi
Məni bağışla.
Əllərimi sənə uzatmaq istəmirəm,
çünki əllərim boş qalacaq.
Sən onu heç vaxt tutmayacaqsan.
Amma məmləkətimdə,
Ürəyim sevincdən döyünür,
çünki torpağım məni
qoynunda gəzdirir.
İyirmi faizlik torpaq itkisi
məni daha çox yandırır.
Ramin kimi oğulların taleyindən xəbərsiz.
Mübariz kimi mübarizlərin,
qəhrəmanlıq salnaməsi.
Biri torpağın üstündə vətən həsrətilə
alışıb yanır.
Biri torpağa gömülmüş,
adi şəhidlik zirvəsində
dalbalanır.


Ayaqdan asılı bədən

Hindistan kasta quruluşu ilə,
tarixin bir səhifəsini yazmış.
Cır, dağıt bu səhifəni ki, ayrıseçkilik var orda.
Hər şey təzaddan ibarət
Qadın üzərində hökmranlıq edən kişi.
Kişidə əyləncə axtaran qadın.
Bir-birinə bənzəyən səhnənin
bir-birinə bənzəməyən taleyi.
hər şey təzaddan ibarət.
mənim göz yaşlarım da belədir.
Gah sevincdən, gah kədərdən axır.
Biri kasıb sevgisindən saray düzəldir
elə bilir doğrudan da saraydır.
Əslində, Romadakı daxmalı qulların
bir tikə çörəyə görə, qışqırdığı haraydır.
Hər şey təzaddan ibarət
Mənim sevgim sənin kədərinə yaxın
Sənin kədərin mənim sevgimdən uzaq.
Düz xətt boyunca bərabərlik olmayacaq,
çünki mənim sevgim, sənin sevginlə
toqquşarsa,
kor bucaq


BOĞAZA DİRƏNƏN BIÇAQ

Divarda əmələ gələn çat,
açılmamış sirrin xəbər ünvanıdır.
İnsan alnındakı qırışlar da belədir.
həyat boyu acılı-şirinli yaşantıların
Son tamamıdır.
Divarda əmələ gələn çat.
Böyük bir ümmanın,
qırış adlı sakinlər.
Hansına əl uzadırsan, uzat.
Hansına çatırsan çat.
Amma bir yerdə mütləq ayaq saxla
çat virus kimi ürəyinə düşə bilər.
Bu zaman əməliyyat masasında,
Həyəcanla
və həyəcanlı anda
çatı məhv etmək olmayacaq,
çünki masaya uzadılan
divar deyil, ürəkdir
Divardan fərqli olaraq
o daha həssas, daha kövrəkdir.
Qırışlara gəlincə,
bir az düşün, öncə.
İllərdən bəri yığılıb qalan nə varsa
hamısı qırışların üzərinə həkk olunub.
Nə yazıq ki, cərrah bıçağı da
bu qırışları birdəfəlik məhv etməkdə acizdir.
Nə yazıq ki, insan ömrü qısadır. Tarixdə qalansa yalnız izdir.


GÜLLƏDƏN YAĞAN GÜL

Xeyli vaxtdır atəşkəs bərpa olunub.
Amma hələ də səngərin divarları
güllə qoxuyur.
Biz oxuyuruq, oynayırıq,
yeri gələndə.
amma səngərin bu üzündə.
Bir güllə bir cəsəd
bir cəsəd göz yaşları arasında.
Ölüm də belədir.
gözlə qaş arasında.
Dumanlı beyinlərin
dumana oxşar üzü
yer üzü, göy üzü.
Yerdən göyə açılan
atəşfəşanlıq.
Gecənin romantikası,
cazibədarlıq.
Sükutu pozan qəhqəhə.
Qəhqəhənin içində sükut dolu dəqiqə.
Aman dəyişdi hər şey.
Qəhqəhəni qışqırıq
sükutu pozan atəş.
Sən mənimlə birləş.
Əllərimdən bərk-bərk tut.
Boynumda zəncirvari dalğa yarat,
ürəkdən-ürəyə siqnal ötürsün.
çünki müharibənin hədəfi eynidir
sənə dəyən güllə.
İstəyirəm məndən yan keçməsin
Müharibə yırtıcı canavar kimi,
bir tərəfə ulanır.
Müharibəyə tərif demirlər.
amma qurda gəlincə,
qurd üzü mübarəkdir»m deyirlər,
Get sevgilim, dayanma.
Mənim üçün ağırdır.
Sənsiz səni düşünmək,
Sənsiz sənə toxunmaq
Sənsiz sənlə öpüşmək.
Amma vətən...
Silahların səsindən rahat uyuya bilmir.
Düşmənin atəşkəsi pozması isə səngimir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG