Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:22
MƏNİM ADIM DAŞYONAN

Salam, qoca daşyonanım!
Bu kainatın uğruna
Qızıl közlü ocaqlarda,
şərab qoxan tonqallarda
cayır-cayır yananım!

Gəl saçıma bir sığal çək
tikan bitən qart əllərin
deşsin qırışlı beynimi...
Mən ruhi xəstə yazaram
hər ötən gün qələmimlə
yazıram öz taleyimi.

Mən Allahın dərgahında
diz çöküb etdikcə dua...
Sənin o şikəst əqidən
mənim ağlımda yaradır
dolaşıq, cavabsız sual...

İlahi sevgindən danış mənə
Yonduğun heykəl kimi
sən də ovul qarış mənə...
Materiyadan, ruhdan danış,
MÖVCUDATDAN, "YOX"DAN danış,
Yavaş-yavaş zəbt eyləyək bu dünyanı qarış-qarış...

Sənin gücün, qüdrətin var,
Çəkicin var, pərgarın var,
O Salamon məbədinə
daş-qaş düzən zərgərin var...

Nurlandıran piramidada
yatır gizli həqiqətin...
Tövratlardan, Kabaladan
yazır sənin ədalətin...
Sən bir azad bənnasan ki,
ucaldırsan baş sarayı,
sən bir qara buludsan ki,
tutub səmanın üzünü
Nöqtə kimi kiçildirsən
səni nurlandıran Ayı...

Sən 33 mərtəbəni
fəth etmisən iradənlə
Böyük müəmma gizlənir
dünyaya meydan oxuyan
o dəhşətli əqidəndə.
Görürsənmi, hər gün sənə qoşulub
qrimsiz klounların
saxta ibadətlərinə
gülürəm, mən gülürəm...
Şeyx Nəsrullahların
batinini, iç üzünü
bilirəm, mən bilirəm...

Mən nə eşq Romeosu,
nə də ateist Da Vinçi...
Mənim üçbucaqlarım
əsarətə alıbdır
hər bucağı, hər küncü...
Corc Vaşinqtonundan Karl Marksına qədər
neçə ustadlar yaşayıb...
Əzəmətli lojaların
öz bətnində dahi cəlladlar daşıyıb...

Mənim var-dövlətim
Bakı küçələrinə səpələnmiş zibil qutuları...
Sənin varidatın araq, silah,
çətənək otları...
Biz əks qütblərdəyikmi?

Bu illərin əzabından
cıdır atı kimi qaçdım
Köhnə dünya düzəninə
nöqtə qoyub
Ulu Haqqın dərgahına
parlaq, nurlu qapı açdım...
Cənnətimə qonaq gələn
məleykəni qarşılayıb
qulağına pıçıldadım:
Salam xanım! Xoş gəldiniz!
Daşyonandır mənim adım!
...Qardaş sevgilərində...


AQŞİN EVRƏNİN LƏĞV OLUNMUŞ ROMANI

Saatın əqrəbləri hərləndikcə
üzümdəki qırışlar dərinləşir...
Günah alan xislətim
yeni vəzirlər kimi
şeytandan rüşvə alıb
harınlaşır...
Bir neçə qurd, məzlum quzuların
qanını içir gülə-gülə...
Mənim məzlum quzularım
cahil olub şükr eyləyir ölə-ölə...
...Şəhid məzarlarına üfunətli kanalizasiya suları axır
Köhnə məscidin mehrabı
avro təmirli barların qapısına baxır...
Yox cənablar, bu dünya belə qurulmamalı idi...

Varlı cahil cins itini bəsləyir kabab ilə,
Ziyalı öz balasına bir qarın çörək tapa bilmir...
Acından ölür körpə ,
bizim yazıq ziyalı
körpəsini yerdən götürməyə xərək tapa bilmir...
Yox cənablar, bu dünya belə qurulmamalı idi...

Saxta cadugərlər, kələkbazlar
Quran ilə fala baxır,
Ev yıxmaq dəbə minib:
Qayınana öz gəlininə şər atıb ismətinə ləkə yaxır...
Azan səsini batırır
Rihannanın gülünc
nəğmələri...
İlahiliyi əzir buldozer zərbələri:
Məscidlər kilsələr sökülür,
yerində nəhəng göydələn ucalır...
Ehtirasdan kül olan gözəlçə
xəstə atasının aylıq maaşına kosmetika alır...
Yox xanımlar, bu dünya belə qurulmamalı idi...

Nəhəng bir rüşeymdir
dollar fəlsəfəsinin mətni...
Konfutsini də mat qoyub
pul erası, kapital duyğular...
Ədalətsiz kapitalizmdən
doğan maddi qayğılar...
...və
"Ağ saray"ın qızıl qədəhdə viski içən
qara kostyumlu azğınları...
Onlara arxa-dayaqdır
Əxlaqsızlar qitəsinin
əxlaq pərdəsində gizlənən muzdlu pozğunları...
Yox cənablar, bu dünya belə qurulmamalı idi...

Başı əmmaməli “tülkülər”
ziyarət adı ilə
Məkkəyə, Mədinəyə ticarətə gedirlər...
Nadan övladlar öz doğma atalarını, analarını
"Qocalar evi"nə sürgün edirlər,
Bu müasir repressiya...
...Məhəbbətin dərəcəsi
pulun əyarıdan asılı:
Sevgi qiymətdən düşüb,
Bu mənəvi infilasiya...
Yox insanlar, bu dünya belə qurulmamalı idi...


SƏN, MƏN BİR DƏ BƏYAZ QAR...

Günəş də buz bağlasın...
Boz buludlu səmamız
Gecə-gündüz ağlasın.
"Ağ torpağ"a bürünsün,
Uca zirvəli dağlar
Bu dünyada tək qalaq:
Sən, Mən bir də bəyaz qar...

Gözlərinə baxaraq
tutum zərif əlini,
Gecənin zülmətində
qucaqlayım belini,
Hər gecə qoxulayım
Gül ətirli telini...
Səsindən ilham alıb
məhəbbətdən danışsın
susan, titrək dodaqlar
Bu dünyada tək qalaq:
Sən, Mən bir də bəyaz qar...

Müqəddəs abidə tək
uca minarəm ol sən!
Dərdimə şirin məlhəm,
inci inarəm ol sən!
Yaralanmış qəlbimə
xoşbəxtlik kimi dol sən!
Bir ürəkdə qovuşsun
əlvan rəngli duyğular.
Bu dünyada tək qalaq:
Sən, Mən bir də bəyaz qar...

Yanağındakı qəmzə
səsin kimi şirindir,
Gözlərindəki məna
sonsuzluqdan dərindir,
Al ruhumu canımdan
varlığım da sənindir,
Bircə baxışını ver
gözlərimə yadigar
Bu dünyada tək qalaq:
Sən, Mən, bir də bəyaz qar...

Günün bütün mövzuları

XS
SM
MD
LG