Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:22
Yazıçı Əli Əkbərin "93 - Tanrıların qürubu" romanı yenidən redaktə edilərək 6 il sonra təkrar nəşr edilib. Romandan bir parçanı "Oxu zalı"nda təqdim edirik.


Əli Əkbər

93 - TANRILARIN QÜRUBU
(Romandan parça)


Meydan dalğalandı, «Ar olsun!»la titrədi, «İstefa» ilə coşdu, «Rədd olsun Vəzirov»la riqqətə gəldi.

Ehtiraslar sel tək böyüyürdü. Səs-səsə, dil-dilə, dal-dala qarışmışdı. Ağız deyəni qulaq eşitmir, qulaq eşidəni, beyin qəbul eləmirdi.

Sanki intəhasız səmada uçuşan durnaların təlaşlı qanad çırpınışlarından doğan titrəyiş, dalğa-dalğa yaşıl zəmilərin üzərinə düşən ay işığının kölgəsini laxladırdı.

İsa Qəmbər də şüarlardan yorulmuşdu, üzü tərləmişdi.

Dəsmal çıxarmaq üçün əlini cibinə atanda, cibindən dəsmal yerinə uzun bir ilan çıxdı! Bərk səksəndi. İlan qıvrılıb, tərs-tərs İsa Qəmbərə baxdı.

***

İsa Qəmbərin ilanlarla dostluğunun qədim tarixçəsi var.

Uşaq vaxtı Fizuliyə dincəlməyə gedən İsaya, qohumları tut ağacının kölgəsində yer düzəltmiş, özləri də dərz bağlamağa getmişdilər.

İsanı yuxu tutdu, ağacın altında uzanıb yatdı. Qohumlar bir müddət sonra su içmək üçün biçinçi barxanasına yaxınlaşıb su çürdəyini götürmək istəyəndə, İsanın sinəsində qıvrılıb yatan gürzəni gördülər.

Qışqırıq, səs-küy düşdü. İsa bu qəfil qışqırığa oyanıb, yerindən sıçradı.

Qohumlardan biri ilanı öldürmək istədi, amma qoca bir nənə qoymadı və dedi ki, ilanlar yeddi qardaş olur, birini öldürsən, digərlərini də öldürməlisən.

İlan qıvrılıb kövşənliyə düşdü və sürünərək qaçdı.

Bir dəfə də kənd doqqazında, uşaqlarla yığışıb gizlənpaç oynayırdılar. İsa əlini gizləndiyi divarın çatına qoyanda hiss elədi ki, burda yumşaq və soyuq nəsə var.

Tənbəllik eləmədi və bu qəribə, sürüşkən şeyi divar çatının arasından dartıb çıxardı. Sən demə, bu ilan imiş, onu tez yerə atıb, uşaqların yanına qaçdı.

Üçüncü dəfə isə, may aylarının birində bağ evində ağaclara, tərəvəzlərə qulluq edib yorulmuşdu.

Oturmaq üçün eyvanda qoyulmuş kresloya yaxınlaşdı, kreslonun üstündə döşəkcə və köhnə jaket qoyulmuşdu.

Yeri daha yumşaq olsun deyə jaketi də götürmədi və yavaşca kresloya əyləşdi.

Az keç­mədi, hiss etdi ki, altında nəsə tərpənir. Durub jaketi götürdü. Sən demə jaketlə döşəkcə arasına girib yatan gürzənin üstündə oturubmuş. O, ilanı ehmalca götürüb yerə qoydu.

İlan isə bu mehribanlığı qiymətləndirib, ona toxunmadı, sürünə-sürünə çıxıb getdi.

İndi də dördüncü dəfə idi ki, İsa Qəmbər ilanla görüşməli olurdu.

İlanlardan qorxmadığını xatırlayıb, onu tribunanın üstündən aşağıya, dalğalanan kütlənin üstünə vıyıldatdı.

15 dəqiqə sonra Hökumət Evinin sağ tərəfində dayanmış təcili yardım maşınlarından birinə, gonbul bir arvadın ağ mələfə ilə örtülmüş cəsədini qoyurdular.

İlan sağ döşünün giləsini sancdığından, qadın dünyasını meydandakı kütləyə bağışlamışdı. Ermənistan qaçqını olan bu qadın, Azadlıq uğrunda dünyasını dəyişən şəhidlərdən biri kimi, tarixə düşdü.

Özündən sonra yüzlərlə, minlərlə qurban üçün yol açdı.
Kiminsə qəribə şəkildə, ilan sancmasından dünyasını dəyişdiyini eşidən xalq (xəbər işıq sürəti ilə yayılmışdı) günahkarı axtarıb tapmağa and içdi.

Təlaşlanan İsa Qəmbər isə, qaş düzəldən yerdə vurub göz çıxardı:

- Yoldaşlar! Onsuz da şəhid verməliyik bu mübarizədə! Narahatçılığa əsas yoxdur!

Onun bu sözlərindən sonra meydan daha da qızışdı. Əsəbiləşən iki kök qadın, bayaqdan məsum-məsum yanlarında dayanan sısqa, bığlı bir kişini yerə sərib qıdıqlamağa başladılar.

Zavallı kişi, əvvəl vəhşi kimi gülürdü, sonra gülüşü xırıltıya çevrildi.

O, artıq yalvarırdı. Qadınlar onun yalvarışlarına məhəl qoymur, yazığı qıdıqlamağa davam edirdilər. Kişinin gömgöy olmuş sifəti əyildi, bir müddət sonra isə səsi tamam kəsildi. O, hikkəsindən ölmüşdü.

Pirojki satan kişi, əlindəki səbəti yerə tullayıb, iki metr aralıda dayanan gənc, intelligent bir qızı, tribunanın düz altına sürüklədi, orda ayaqlarını aralayıb zorlamağa başladı.

Bu vaxt tribunadan xalqı seyr edən xalq şairi Cəlil Rza, gözlərinin önündə cərəyan edən bu dramatik səhnəni görüb, yuxarıdan aşağıya qəzəblə qışqırdı:

- Ay kişi, sən nə edirsən? Utanmırsan?!

Pirojki satan, öz kobud səsiylə qızın çığırtılarını basdıraraq, aşağıdan yuxarıya cavab ötürdü:

- Bu qancıq deyir ki, ermənilərin hamısı pis deyil, aralarında yaxşıları da var. Vallah öz qulaqlarımla eşitdim.

Bu sözləri duyan Cəlil Rzanın əsəbdən ağzı əyildi. O, xalq şairi statusuna arxalanaraq, qəti təlimatını verdi:

- Gəbərt ifritəni! Halaldır sənə o qancığın qanı!

Lambada oynayan bir dəstə adam, rəqslərinə ara verməyərək, meydana torbalarla nəşə gətirən qara geyimli adamlara yaxınlaşdılar.

- Eşq olsun sizlərə! Eşq olsun! Nəşəsiz bir günümüz olmasın!

Bu vaxt, hardansa peyda olan və «Qardaşlar, bəsdirin! Siz nə edirsiniz? Allah göydən baxır! Günah işləyirsiniz!» qışqıran nurani bir qocanın başına qapaz dəydi. Yaşlı, pirani kişi yerə yıxılaraq, ayaqlar altında qalıb əzildi.

Nemət Tənhalı isə xalqın coşaraq nəzarətdən çıxdığını görüb, ikinci nömrəni elan elədi:

- Dostlar, bacılar və qardaşlar! Sizə proqramımızın ən maraqlı hissəsini təqdim edirəm! Aşıqlar!!!

Qaça-qaça tribunaya qalxan yarıçılpaq qadının Telli Borçalı, yanındakı tərəf müqabilinin isə, eşşək həvəskarı Aşıq Baltay olduğunu meydandakı hər kəs dərhal başa düşdü.

Kütlə onları gurultulu alqışlarla qarşıladı və həm də sürəkli fit və alqış səsləriylə bu cür populyar insanları meydana dəvət edən təşkilatçılara öz dərin rəğbətini bildirdi. Fit çalanların səsi meydanı bürümüşdü.

Sazı sinəsinə qoyan Telli Borçalı, aləti bir az sığallayandan və dınqırdadandan sonra Aşıq Baltaya müraciətlə:

- De görüm, ayə, nə demək istəyirsən? – dedi.

Aşıq Baltay sırtıq-sırtıq hırıldadı. Üfüqdə batmaqda olan günəşin son və solğun şüaları, Baltayın altlı-üstlü qızıl dişlərində əks olunub, meydanı işıqlandırdı, xalqın gözləri qamaşdı. Baltay sazı sinəsinə basıb zildən bağırdı:

- İlk dəfə, Telli xanımı görəndə, Telli xanımın bu füsunkar gözəlliyi, sənətinin gözəlliyi, özünün gözəlliyi üst-üstə gəldi, gözəl bir fikir yarandı, bir şeir dedim Telli xanıma:

Yerişi, duruşu qəmzəli gözəl,
Hansı bəxtəfərə pay yaranıfsayn,
Yerdə bərabərin var deyəmmərəm,
Göydə mələhlərə tay yaranıfsayn.

Məni bənd eylədi eşqinin toru,
Gözlərin can alır çeşmədən duru,
Səfilif üstümə günəşin nuru,
Ulduz yaranıfsayn, ay yaranıfsayn.

Borçalı laylası çalanda bildim,
Ağlımı başımdan alanda bildim
Baltayam, o məqam, o anda bildim,
Aşıf-daşan coşqun, çay yaranıfsayn.

Telli, Baltayın bu romantik canfəşanlığını gülə-gülə qarşıladı. Səsində istehza notları sezildi:

Qəndəhərdən gələn oğlan,
Sən get oğlan mən səninqəm,
Aaayə, məni dərdə salan oğlan,
Sən get oğlan, mən səninqəm.
Səhərin dan ulduzuyam,
Aşığın söhbət sazıyam,
Mən də bir paşa qızıyam,
Sən get oğlan, mən səninqəm.

Güllüzaram, ollam dəli,
Dadımıza yetişsin Əli,
Özgəsinə deməm bəli,
Baltay, ayəəə, sən get oğlan,
Sən get, oğlan, mən səninqəm...!

Baltay həcəmət altında qalsa da, söz altında qalan oğlanlardan deyildi.

- Elədisə onda birini də deyəjəm, Telli xanım, - dedi.

Bu bir mələhdimi göylərdən gəlif,
Gözləri çeşmədən duru gözəldi,
Yerişi ceyrandı, baxışı maral,
Günəş çöhrəsindən, nuru gözəldi.

Necə sığal çəkif telə bəxtəfər,
Elə bil bal qatıf dilə bəxtəfər,
Hər kimə yar deyib belə bəxtəfər,
Salsa kəməndinə, toru gözəldi.

Sinəsi bəyazdı dağlar qarından,
İlahi bəziyif naxışlarınnan,
Bir parça od qopuf baxışlarınnan
Yandırsa Baltayı, qoru gözəldi.

Telli qəşş edib güldü. Hiss olunurdu ki, bu sözlər onun ürəyinə yağ kimi yayılıb:

- Baltay məllim, görürəm çox gözəllik xirdarısan, indi qulaq as manqa diqqətlə:

Bir de görüm nədir qəsdin, qərəzin,
Həsrət qoymaxdımı o, xala məni
Ayə, nə çəkmisən çilləsinə kamanın,
Demirsənmi süzüb, ox ala məni.

Yaxşı toxuyursan dərməni sənsən,
Bir dadlı meyvəyəm, dər məni sən, sən.
Soyuxdəymənin ki, dərməni sənsən,
Naziy əllərinnən ovxala məni.

Zikir deyər kömək olsa yaradan,
Tez qutarram bu sağalmaz yaradan,
Mənim sözüm niyə gəlir yara dan,
Əvvəldən öyrədib o xala məni.

- Gedəkmi, ayəəə, Baltay? Bəsdir də daha, camaat yoruluf, əldən düşüf, görmersənmi?

- Yox ay Telli, atalar üçdən deyif, birini də deyim ondan sonra gedərik.

Dağ döşündə bir çiçəksən, icazə ver dərim səni,
Ətrini duymax üçün, sinəm üstə sərim səni.
Telimə dön darağımda, günəşə dön sabahımda,
Dur, gözümün qabağında, gündə min yol görüm səni.

Baltaya bax, getmə dayan,
Həsrətinnən üzüldü can,
Unutmaram heşş bir zaman,
Qara gözlüm, pərim səni.

-Yox eeey, ay Baltay! Sonra deyəjəylər ki, Telli Borçalı uduzdu, yox eeee. Birini də deyəjəm:

Səni sənsiz sevəjəyəm,
Elə sənin ajığınya.
Sənsiz sənin olajağam,
Elə sənin ajığınya,

Üzüyündə qaş olajam,
Gözlərində yaş olajam,
Yolun üstə daş olajam,
Elə sənin ajığınya.

Mən özüm elçin olajam,
Ata-anannan alajam,
Eşqinə sultan olajam,
Elə sənin ajığınya.

Dəm-dəzgahlı toy olajax,
Ayəə! Aşıxlar meydan alajax,
Baltay məllim bəy olajax,
Bax elə sizin ajığınyıza.

Aşıqlar çıxışlarını bitirib, tribunadan düşəndən sonra, Nemət yenidən mikrofonu əlinə aldı:

- Dostlar, bacılar və qardaşlar! Atalarımız yaxşı deyibdir: Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma!

Bineyi-qədimdən, bizdə ağsaqqal deyəndə, ilk növbədə şamanlar yada düşür.

Əlbəttə, bu gün sizləri fəlsəfəylə yükləmək istəməzdim, amma şoumuzun əsas hissəsinə keçməzdən əvvəl, sizi ulu babalarımızın, islamdan əvvəlki inanışlarına səyahət etməyə dəvət edirəm.

Beləliklə, Naxçıvan şamanları, el ağsaqqalları! Qarşılayın!!!

Nemətin sözləri ilə coşan xalq, ekstaza düşdü. Şamanlar tribunaya qalxmağa fürsət tapmamış, hamı rəqs eləməyə başladı.

Cavan bir oğlan yanındakı qoca qarıya barmaq atdı, qarı üzünü ona çevirib gədənin sifətinə bir lomba tüpürdü. Şamanlar tribunaya çıxan kimi, meydana səssizlik çökdü.

Şamanların əynində alabəzək paltar vardı. Boyunlarından rəngarəng muncuqlar asılmışdı. Əvvəlcə xalqı salamladılar:

- Hörmətli bacılar və qardaşlar! Eşq olsun sizlərə! Məlum məsələdir, şaman deyəndə, çoxunuz bizim cadugər olduğumuzu düşünürsünüz. Halbuki bu belə deyil! Bizim oxuduğumuz dualar cadu deyil! Şaman şər ruhlarla əlaqəyə girib onların zərərini aradan qaldıran adamdır. İndi əynimizdə gördüyünüz bu ayin paltarları və əlimizdəki dəflərlə biz şər ruhlarla mübarizə aparırıq. Bizlər gündə üç dəfə əsnəyir, üç kərə də dəf çalırıq. İndi özünüz görəcəksiniz.

Günün bütün mövzuları

XS
SM
MD
LG