Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:00
Bu hekayə "Ədəbi Azadlıq - 2011" müsabiqəsinə təqdim edilsə də, onluğa düşməyib. Müəllifin istəyilə onu "Oxu zalı"nda dərc edirik.


Oqtay QORÇU

Abqora sultanı

- Qanlı qızı, maşallah olsun, sabahdan işıq saçırsan. Göz dəyməsin, xanım nənə, göz dəyməsin!

Günəşli Sultanlığının sonuncu hökmdarı, dörd ay öncə devrilən, qurtulmaqdan ötrü inqilabın on doqquzuncu gününün gecəsi mühafizə rəisi Əmir Ünsürün köməyilə ailəsini də götürüb ölkədən qaçan qırx altı yaşlı II Təbrik boynunun ardını qaşıya-qaşıya nənəsi Sürəyyaya zarafatla sataşdı.

Gözünü açıb atası Hanibalın anasını sarayda görmüşdü, nənəsinin otağında yatıb durardı, ürəyindən keçəni ancaq ondan istəyərdi, tez-tez də birlikdə gəzməyə çıxardılar.

Doyunca güldürərdi nənəsini, hərdən oyunbazlığından hirslənərdi də xanım-xatın qadın. Çox istəyirdi nənəsini, ağlı kəsəndən anlamışdı ki, bu mehriban qarı doğma ata-anasından, sarayda görüb tanıdığı hər kəsdən də çox, lap çox yaxşı adamdı.

Təbrikin ingilisdilli, fransızdilli uşaqlarla çənə döyməyisə hərdən təbdən çıxarırdı qadını, nəvəsinin yanından çəkilmirdi, tək Sürəyya xanım idi onu hər gün doğma dildə dindirib danışdıran.

Yadında qalan bayatıları, nağılları, Molla Nəsrəddin lətifələrini də öncə xanım nənəsindən eşitmişdi.

Amma həmişə də bir şeyə heyrətlənərdi, heç vaxt atasının dilindən “ana” kəlməsi çıxmazdı, anasını beləcə də çağırardı: “Qanlı qızı”. Bu sözün tarixçəsini on beş yaşında öyrənə bildi.

Babası Əfsər qiyam zamanı yatdığı yerdəcə öldürülən şah Rübəndin saray qvardiyasının rəisi olmuşdu və hərbi çevrilişdən sonra taxt-taca sahiblənən general az keçmədən özünü sultan elan eləmişdi.

Babasının hakimiyyəti dövründə onun silahdaşı, Hərbi Hava Qüvvələrinin komandanı, qiyamçı general Şıx Polad verdiyi vədlərə xilaf çıxan dostu Əfsərlə başlamışdı düşmənçiliyə.

General xidmətinin əvəzini istəyirdi, baş nazir olmaq keçirdi könlündən.

Sultan tərəddüd eləyir və qəzəblənən general əsgərlərini toplayıb silahlı qiyama qalxır.

Sultan Əfsər onu paytaxtdan uzaqlaşdırmaq əmrini verir, elə həmin gecə Poladın malikanəsinə qoşunuyla hücum çəkən sultanın ortancıl qardaşı Rza atışmada öldürülür.

Səngərlər qurulur, qiyamçıların mövqeləri, generalın evi mühasirəyə alınır.

Vahiməyə düşən əyanlar təcili məşvərət keçirib qərara alırlar ki, bu düşmənçiliyə son qoysunlar.

Nəhayət, danışıqlar baş tutur, sultan Əfsərlə general Polad razılaşıb görüşürlər. Şeyxin evində bir araya gəlib barışırlar, güzəştlərlə səlahiyyət alan Şıx Polad baş nazir postuna yiyələnir.

Az keçmir ki, sultan elçi düşüb, baş nazirin bacısı Sürəyyaya evlənir.

Həmin gündən sultan Əfsər sevimli xanımı Sürəyyanı zarafatla həmişə “qanlı qızı” çağırarmış. Sonra Təbrik də nənəsinə belə deməyə başladı.

Hakimiyyətsiz hökmdar, qürbət ölkədə sığınacaq tapan sultan hamını süfrəyə çağırdı:

- Gecikməyin. Süfrədə abqora da var, əladı ki! Bizə abqoranı həmişə Xeyransa xala hazırlayardı, əla da yarpaq dolması bükərdi, düz deyirəmmi, ay qanlı qızı?

Gözləri yol çəkdi nənənin, sonra nəvəsinə cavab verdi:

- Hamımızdan seçilərdi gözəl-göyçək Xeyransa, uzun, qara hörükləri vardı. Rəhmətlik atası, vilayətin axundu Mənsur əmi hörmətli, mömin bir zat kimi tanınardı. Bəyazlıda onlarla qonşu idik. Bir məktəbdə oxuyurduq, yayda atam gəldi, bizi köçürtdü şəhərə. Xeyransadan ayrıldığıma görə elə ağlayırdım ki... Yaxşı adamdı bizim Xeyransa, əl-ayağı təmiz, ağzı dualı, sirr saxlayan... Atan rəhmətlik həmişə zarafat eləyərdi onunla, deyərdi: “Aləmsən, ay Xeyransa! Süleymanın Bilqeyisi təki hamını ayağına gətirirsən. Bişirdiyin yeməyin qoxusunu alınca az qalıram havalanım, hamını ovsunlamısan, əhsən sənə, ey mömin zənən!”. Abqora xeyirli olduğundan çalışardı ki, yeməkdə tez-tez istifadə eləyəsiniz. Əvvəllər sən də bəyənmirdin abqoranı, sonra Xeyransa qılığına girib səni də dilə tuta bildi. Nəysə... Bismillah!

Ailə günorta yeməyinə başladı. Mühacirətdə yaşayan sultan tələsə-tələsə yeyirdi, süfrədən qalxan kimi internetlə yeni ideyasını reallaşdıracaqdı.

İnanırdı ki, qürbətdə də yenə ona “böyük hökmdar” deyənlər tapılacaq. Hamıdan tez süfrədən qalxan Təbrik oturanlardan üzr istədi:

- Məni bağışlayın, işim var, nuş olsun!

Kabinetinə keçdi. Oturan kimi kompyuteri qoşdu, öncə nədən başlayacağını götür-qoy elədi.

Pəncərədən çölə baxdı, boz-bulanıq London ona yenə dumanda azmış kimi göründü.

Bura mutant yığnağından dikələn qondarma, gələcəksiz bir məkana bənzəyirdi.

Siqar yandırıb damağına qoydu, bir stəkan İrland viskisi də içdi ki, rahat işləyə bilsin, ləngimədən saytını açdı.

Qürbətdə yaşayan Təbrik klassik ingilis memarlığı üslubunda tikilmiş malikanənin üçüncü mərtəbəsində, iş otağında həvəslə yeni Abqora Sultanlığını təsis eləyirdi. Vəcdə gəlmişdi, yorulmadan elə hey yazırdı.

Monarxiya konstitusiyasını yazmaq onun üçün su içimi təki asan idi. Tez-tez dodağının altında pıçıldayırdı: ”Abqora sultanı II Təbrik. Əla səslənir!”. Əlini saxladı, işinə ara verib xidmətçidən südlü qəhvə istədi.

Gözü dikildi divardakı ailə fotolarına, huşa getdi, sarayın bağçasında nənəsiylə birlikdə çəkdirdiyi şəklə baxanda Sürəyya xanımın oxuduğu laylanı xatırladı:

Layla deyim həmişə,
Karvan gedər enişə,
Yastığında gül bitsin,
Döşəyində bənövşə.


Öncə bayatı, layla eşidəndə bezərdi, söylənənlər də yadında qalmazdı, amma bu laylanın özgə bir rəngi, başqa ovqatı vardı.

Hər dəfə bu layla yadına düşəndə göy qurşağının altında durub dünyanın ən böyük quşunu gözləyən uşağa bənzəyərdi, hər dəfə də sanki yaşıl yaz bürüncəyindən sevincək boy verərdi, gözləyə-gözləyə ağaclar ürəyindən qol-budaq atıb sinəsində, çiynində yarpaqlardı, üzündə-gözündə güllər açardı, layla oxuyardı, beləcə xoşbəxt olardı Təbrik.

Dalğınlıqdan qopdu, qərara aldı ki, ideyasının ardınca işə başlasın.

Bu gün ilk dəfə Abqora sultanı kimi internet istifadəçilərinə, oxuculara müraciət eləyəcəkdi.

Müraciətini yazmağa başladı. II Təbrik mühacirətdə sultanlıq yaratdığını bəyan eləyirdi, tezliklə Abqora Sultanlığının vətəndaşlarının sayının çoxaldılmasını istəyirdi və hər gün onları yeməklə, əlavə xərcliklə təmin eləyəcəyinə zəmanət verirdi.

O, sultanlığa vətəndaş olacaq şəxsləri inandırmağa çalışırdı ki, proses sürətlənərsə, mütləq BMT Abqora Sultanlığının müstəqilliyini tanıyacaq və onlar böyük bir əraziyə də sahiblənəcəklər. Gəncləri ətrafında daha çox görmək istədiyini arzulayan Təbrik sözardı repə, avtomobil yarışına olan sevgisindən də söz açırdı.

Sonra düşüncələrini bölüşən sultan radikal dinçilikdən uzaq olduğunu xüsusi diqqətə çəkirdi və filosoflardan da söz açmağı unutmurdu.

Klassiklərdən gətirdiyi sitatlar bitincə o, Pikassonun, Dalinin sənətindən danışırdı. II Təbrik hətta narkotiklə, modelyerlərlə bağlı qalmaqallarını da danmırdı, səmimi olmağıyla öyünürdü: “Hər şeyi olmasa da, çox şeyi dadmaq lazımdı ki, sonra aldanmayasan”.

Abqora sultanı II Təbrik müraciətin mətnini internetdə yerləşdirəndən sonra “Facebook” şəbəkəsində yaymaq üçün videoların, çıxışların hazırlanması barədə qayını Muxtara tapşırıqlar verdi.

Tezliklə yaradılan təbliğat kampaniyasının işçi qrupu mətbuat üçün məqalələrin, müxtəlif reklam çarxlarının hazırlanmasına qərar verdi.

Üç gün ötdü, Hollivudun iki kino ulduzuyla telefon əlaqəsi də quruldu. Amerikalılarla da danışıb, razılığa gəldilər.

Reklamların çəkilişlərinə qatılacaq məşhur aktyorlar kamera önündə sultanın heyranı olduqlarını deyəcəkdilər.

Məktub yazanların sayı günü-gündən çoxalırdı. Axşam kiçik zalda tək oturub filmə baxanda qulluqçu qız xəbər verdi ki, onu bir adam görmək istəyir və Abqora sultanının təbəəsi olduğunu söyləyir.

Qonaq çox gözləmədi, cavanı ötürdülər Sultan II Təbrikin kabinetinə. Hökmdar otağa girən kimi cəld ayağa qalxan qonaq baş əyib özünü təqdim elədi: ”Əlahəzrətin ömrü uzun olsun, amin!

Həşəmətli sultanım, təbəəniz, miskin Qreqora iltifat eləyib məni qəbul elədiyinizə görə sizə təşəkkürümü bildirirəm”. Eşitdiyi sözlər yağ kimi yayıldı canına, əlini qonağa uzatdı, Abqora vətəndaşı öz hökmdarının əlini öpdü, sonra Təbrik oturmağa yer göstərdi, əyləşdilər. Qapı örtüldü.

Bir saat ötər-ötməz içəridən möhkəm tappıltı, sonra atəş səsləri eşidildi. Aləm qarışdı, malikanədəkilər təşvişə düşüb tələsik qalxdılar yuxarıya.

Kabinetin qapısını açıb içəri girənlər dəhşətə gəldilər, iki nəfər qan içində yerdə uzanıb qalmışdı. II Təbrik də, onun çağırılmamış qonağı da ölmüşdü.

Tapançadan atılan güllə ürəyindən dəymişdi mühacir hökmdarın, qatil özünü də başından vurmuşdu. Az keçmədi ki, polislər özünü yetirib başladılar ilkin araşdırma aparmağa.

Kamikadze qonağın cibindən bir vərəq tapdılar, üstündə yazılmışdı: ”Manyak, xəstə deyib məni axtaran əclaflar, it uşağı!

Mən xəstə, adicə manyak olsaydım, belə böyük adamı öldürməyə cəsarət eləməzdim. Hökmdar təklif elədi ki, onun şəxsi killeri olum, ancaq razılıq vermədim, general rütbəsi almaq istəyirdim.

Bu əclaf xəsislik eləyib məni qəzəbləndirdi. Mən böyük adamam, Abqora sultanını öldürən mənəm! Kennedini öldürən Osvald barədə indi də danışırlar, mənim barəmdə ondan da çox danışacaqlar”.

Hökmdarına asi çıxıb onu öldürən Abqora təbəəsinin kimliyi də araşdırıldı.

Keçmiş dustaq Qreqor iki il bir ay öncə zorlamaya görə həbs olunub, azadlığa çıxandan sonra da dinc durmayıb, beş ay öncə soyğunçuluq və qətl törətdiyinə görə onun barəsində axtarış verilibmiş. Abqora Sultanlığının saytını axtaran polis istintaqı elə hadisə yerindəcə müəyyən elədi ki, vətəndaş olmaq istəyənlərin, demək olar, hamısı canilər, pozğunlarmış. Sultan II Təbrik onu ziyarət eləyən ilk Abqora vətəndaşından öncə sifarişlə öldürməyə vərdiş eləməsini istəmişdi və yəqin ki, söhbət maraqlı olduğundan o, hüzuruna gələn təbəəsinə yemək, pul təklif eləməyi unutmuşdu.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG