Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:32
"Yad dildə" romanı Milli Kitab Mükafatının onluğuna düşmüş yazıçı Pərviz Cəbrayılın "Zerkalo" qəzetinə müsahibəsi.


- Nə vaxtdan yazmağa başlamısınız və buna nə təkan verdi?

- Deyəsən 8-ci sinifdə oxuyurdum. Bir gün eşitdim ki, məndən iki yaş böyük əmim oğlu mənsur şeirlər yazıb. Heyrətə gəldim.

Yəni adi adam nəsə yaza bilər? Onu tapdım, soruşdum, aydın oldu ki, xəbər doğrudu, aldım, oxudum; Gülhüseyn Hüseynoğlunun mənsur şeirlərinin imitasiyası idi.

Dedim, mən də yaza bilərəm. Ancaq mənə elə gəlirdi, daha doğrusu, bizə müəllimlərimiz hardasa elə təlqin eləmişdilər ki, şair-yazıçılar nəsə xüsusi adamlardı, göydən zənbillə düşürlər.

Hətta ilk dəfə rayon qəzetində şeirim çap olunanda kimya müəllimim çox qəmgin halda mənə dedi ki, səndən şair olmaz, şair anadan şair doğulur.

Gəmilərim qərq oldu kədərdən. Və o qərq olan, bu qərq olan – hələ də o dəryanın içində əl-qol atmaqla məşğulam.

- Bu gün Azərbaycan yazıçısı hansı çətinliklərlə üz-üzədir?

- Bizim yazıçının qarşılaşmadığı hansısa bir çətinlik varmı ki, qarşılaşdığını deyim? Birincisi, yazıçı da vətəndaşdı, insandı, bu ölkədə yaşayır, bu ölkənin havasından udub, çörəyindən yeyir, bütün başqa adamlar kimi addımbaşı haqsızlıq, ədalətsizliklə üz-üzə gəlir, övladları varsa övladlarının problemlərini yaşayır, yoxsa, necə evlənmək, ev-eşik sahibi olmaq haqda düşünür.

Onu da, adi vətəndaşı da eyni polis “qoruyur”, eyni JEK-lərdən arayış istəməli olurlar və s. Amma yazıçının problemi bununla bitmir.

Mənə görə, yaradıcı proses bir trans halıdı. Amma deyək ki, şeir üçün kiçik və qısa müddətli trans tələb olunur, bu isə istənilən məkanda, istənilən şəraitdə mümkündü.

Nəsr isə uzun-uzadı prosesdi – bunun üçünsə son dərəcə ideal şərait gərəkdi ki, formada qala biləsən. Sosial və ictimai problemlər məngənəsində boğulan şəxsin isə bu transda qala bilməsi Azərbaycanda az qala imkansız görünür.

- 5 il sonrakı ədəbi prosesi necə təsəvvür edirsiniz. Onun inkişafı üçün nə lazımdır?

- Ədəbi proses təbiət hadisəsi kimi bir seydi. İnsan təbiəti idarə oluna bilmədiyi kimi, ədəbi proses də idarə oluna bilməz. Yaradıcı sahələrin idarə edilməsi cəhdini biz sovet dövründə və indiki istənilən totalitar quruluşlarda görürük.

Bu cür idarə olunan prosesin bəhrəsi isə heç vaxt uzunömürlü və keyfiyyətli ola bilməz. Ədəbiyyatın inkişafı da eləcə, nə həddən artıq sürətləndirmək, nə də qarşısını almaq olar. Burda subyektiv təsir demək olar ki, sıfıra yaxındı.


Elə ola bilər ki, bundan on illərlə sonra da Azərbaycan ədəbiyyatında dişə vurmalı heç nə olmasın, ola da bilər ki, sabah bir şedevr çıxsın ortaya. Bəlkə də elə indi o əsər yaranmaqdadı.

Ümumiyyətlə mən ədəbi prosesə kütləvi bir hal kimi deyil, fərdi akt kimi yanaşıram. Ədəbiyyat kollektiv məhsul deyil. İndi bir canlanma, bir axın var ki, bunu da selə bənzədə bilərik. Sel isə həmişə kötük gətirmir ki...

Ədəbi təsərrüfatın inkişafı ayrı, ədəbi inkişaf ayrı-ayrı şeylərdi. Yazıçının yazmaq üçün normal şəraiti olmayana qədər nəsə gözləmək mənasızdı, məncə.

- Necə düşünürsünüz, əsərinizin onluğa düşməsi nəylə bağlıdır? Əsərin güclü tərəfləri hansılardır?

- Məncə, bu sualı MKM-in ekspertlərinə vermək daha doğru olardı, ya da deyək ki, oxuculara. Hər halda 120 kitabın içindən “Onluq”a düşmək özü-özlüyündə nəsə deyir.

- Bəs ümumilikdə onluğu necə qiymətləndirirsiz?

- Orada oxuduğum kitab yoxdu. Hətta öz kitabımı da oxumamışam... Müəlliflər haqda ayrıca nəsə demək istəmirəm, çünki, qısa siyahıya düşən müəlliflər yox, əsərlərdi.

Ekspertlər öz seçimində buna üstünlük veriblər. Münsiflər də bu cür yanaşa bilsə, məncə, hər şey qaydasında olacaq.

- Bu gün oxucular arasında ən çox hansı mövzular populyardır? Hansı janr və temalar çağdaş ədəbiyyatdan çəkilməkdədir?

- Mövzu əsas məsələ deyil. Heç bir yerdə və heç bir zaman. Təbii ki, ictimai gerçəkliyin önəmini heç saymaq da olmaz. Belinski yazıçını öz zəmanəsinin övladı adlandırırdı.

Bu mənada bəzi ədəbi müsabiqələrdə münsif olmuş biri kimi deyə bilərəm ki, indi ictimai-siyasi mövzuya yazıçı marağı daha güclü hiss olunur. Bunu təbii hesab eləsəm də, deməliyəm ki, əsas olan nə yazmaq yox, necə yazmaqdı.

Janr məsələsinə gələndə isə, çağdaş ədəbiyyat daha çox roman janrına köklənib. Dünyanın hər yerində nəsrə oxucu marağı poeziyaya marağı üstələyir.

Bunu kitab satışı da sübut eləyir. Çağdaş oxucunu anların təəssüratından çox, qlobal proseslərə obrazlı yanaşma maraqlandırır. Bu isə ancaq bütün janrları özündə birləşdirə bilən romana məxsusdu.

- Bestseller fenomeninə münasibətiniz necədir? Bu yaxşıdır, yoxsa pis? Oxucuya nə verir?

- Hərfi mənada yanaşsaq, onda ən çox satılan kitablardan danışmalıyıq. Bu sırada başda iki kitab gəlir – Bibliya və Quran. Tiraj milyardlarla ölçülür. Onların isə dolayısıyla olsa da, ədəbiyyata birbaşa dəxli yoxdu.

Ginnesin Rekrodlar Kitabının məlumatına əsasən, bu milyardlardan sonra gələn sıralamada siyahıya düşən və sonuncu iki yeri tutan ən ciddi iki kitab –Nabokovun “Lolita”sı və Ekonun “Qızılgülün adı” romanları 50 milyon nüsxəylə satılıblar.


Böyük Britaniyada tərtib olunmuş “XIX-XX əsrlərin ən yaxşı 100 kitabı” içində isə birinci yeri ən az oxunan və o birilərlə nisbətdə çox az satılan Coysun “Uliss” romanıdı.

Həmin siyahıda nə Aqata Kristinin, nə Koelyonun adına rast gəlməzsiniz. Bu mənada mənimçün bestseller “Uliss” və o tip ciddi ədəbiyyat nümunələridi.

Hərfi mənada bestseller olan əsərlər vaxtı öldürməyə, həqiqi bestsellerlər isə vaxtı anlamağa xidmət eləyir.

- İnternet ədəbiyyatı fenomeninə necə yanaşırsınız? Onun güclü və zəif tərəfləri hansılardır?

- Bu gün Azərbaycanda demək olar ki, ədəbi jurnal və qəzetlər yox səviyyəsindədi. AYB-nin bir neçə jurnal və qəzeti var, lakin onların ədəbiyyata nə qədər dəxli olduğunu demək çox çətindi.

Nə yaxşı ki, bəzi saytlar var və ədəbiyyata da müəyyən qədər yer ayırırlar.

Bu sırada “Azadlıq” radiosunun "Oxu zalı"nı, Kultaz saytının adını çəkmək olar. Bu tip saytlar bu gün az qala ədəbiyyatın unudulmasının qarşısını alır, hətta müəyyən təkan da verirlər.

Lakin kitab və başqa yazılı nəşrlərin yeri, estetik yönləri tam ayrıdı, zənnimcə, internet heç bir zaman o estetikanı, o həzzi oxucuya tam yaşada bilməz. İnternetin zəif cəhəti kimi kimin nə gəldi yaymasını deyənlər var, yəni hərə özü özün bir elektron nəşriyyatdı.

Mən isə buna qarşı deyiləm, çünki oxucuya nə verirsən ver, o özü hansını seçməyi çox gözəl bilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG