Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:40

Astarada YAP-a bina tikməyə müəllimlərdən pul yığılır?


Əli Məmmədli
Astara rayon Qapıçıməhəllə kənd məktəbin müəllimi Əli Məmmədli deyir ki, pedaqoji işçilərdən pul toplanır. Ona da bu barədə xəbərdarlıq edilib:

«Mən pul verməkdən imtina etdim. Dedim ki, yaşıma görə məni müəllimlikdən çıxardacaqlar. Nə üçün pul verim? Müəllimliyə görə ayda 160 manat əməkhaqqı alıram. Bu nə puldur ki, bundan da haqq istəyirsiniz?».

«KORRUPSİYA VƏ RÜŞVƏTXORLUĞA QARŞI MÜBARİZƏ APARILDIĞI BİR VAXTDA...»

Ə.Məmmədli müəllimlərin bundan narazı olduqlarını, lakin susmağa üstünlük verdiklərini deyir:

«Qorxurlar ki, iş yerlərindən olacaqlar. Kim səsini çıxardır ona müxtəlif adlar qoyurlar. İşdən çıxardırlar. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıldığı bir vaxtda Astara rayonunda pul toplama kampaniyasını prezidentin özünə arxadan vurulan zərbə hesab edirəm».

«PUL VERMƏYƏNDƏ...»

Adının çəkilməsini istəməyən başqa bir müəllim isə deyir ki, məktəbin direktoru onlara pul barədə heç nə deməyib. Sadəcə, onun deməsinə görə, direktorun əlaltılarından biri elan edib ki, hər müəllim 10 manat verməlidir:

«Soruşduq ki, bu nə üçündür? Dedilər YAP üçün bina tikirlər. Elə bildik ki, bizimlə zarafat edirlər. Dedilər pul verilməlidir. Biz də razı olduq. Pul verməyəndə problem yaranır. Kimdə nöqsan yoxdur ki? Direktor müəllimlə düşünüşdü, işi bitdi. Əslində, müəllimlərin 80-90 faizi YAP-ın üzvüdür. Buna necə etiraz etmək olar? 10 manat da bir şey deyil. Maaş alanda verərik».

«YAP RAYON TƏŞKİLATI ÜÇÜN BİNA İNŞA ETMƏYİ PLANLAŞDIRIBLAR»

Asən Həşimli
İctimai Palatanın Astara rayon şöbəsinin əlaqələndirmə şurası da bu barədə bəyanat verib. Bəyanatda deyilir:

«Astaranın yeni icra hakimiyyəti başçısı büdcədən maliyyələşən idarə və təşkilatlardan, sahibkarlardan pul toplamaq barədə göstəriş verib. Təkcə təhsil şöbəsindən 80 min manat pul tələb edildiyini deyirlər. YAP rayon təşkilatı üçün bina inşa etməyi planlaşdırıblar. Yığılan vəsait binanın inşasına sərf olunacaq. Əslində icra hakimiyyəti başçısı öz səlahiyyətlərini aşır».

Bəyanatı imzalayanlardan biri Müsavat Partiyası rayon təşkilatının sədri Asən Həşimli bu barədə onlara çoxlu müraciət olunduğunu deyir:

«ELƏ İDARƏ MÜDİRLƏRİ VAR Kİ, BU BARƏDƏ İŞÇİLƏRİNƏ HEÇ NƏ DEMİR»

«Bizə deyirlər ki, adımızı çəkməyin. Buna görə də adlarını açıqlamırıq. Müəllimlər xahiş edir ki, onlara kömək edək. Rayonda 63 orta məktəb var, məktəblərdə 2000 min nəfərdən çox pedaqoji işçi çalışır. Hər məktəbə görə pul müəyyənləşdiriblər. Elə məktəb var ki, 1000 manat, eləsi var ki, 500 manat verməli olacaq. Öz növbəsində məktəblər də bu pulu müəllimlər arasında bölüb. Orta hesabla hər müəllimə 10 manat düşür. Digər büdcə təşkilatlarında da bu kampaniya gedir. Elə idarə müdirləri var ki, bu barədə işçilərinə heç nə demir, məsələni özü həll edir. Çox acınacaqlı bir vəziyyət yaranıb».

«GÜNDƏLİYƏ GÖRƏ YIĞILAN PULDAN SÖHBƏT GEDİR»

Qapıçıməhəllə kənd məktəbin direktoru Təbriz Məmmədov isə müəllimlərdən pul yığılmadığını deyir:

«Ola bilsin ki, gündəliyə görə yığılan puldan söhbət getsin. Başqa məqsədlərlə pul toplanmır».

Vaqif Ağayev
Astara Təhsil Şöbəsinin müdir müavini Fayıq Həsənov da məsələ ilə bağlı onda məlumat olmadığını söylədi.

«YAP-IN KİFAYƏT QƏDƏR PULU VAR»

YAP Astara rayon təşkilatının sədr müavini Vaqif Ağayev də büdcə təşkilatlarından pul toplanmasını absurd sayır:

«Düzdür, YAP-ın rayon təşkilatın yerləşdiyi bina dövlət əmlakıdır. Oradan gec-tez çıxmalıyıq. Astaradan deputat seçilmiş Aslan Ağayev də söz vermişdi ki, yerli təşkilat üçün qərargah inşa edəcək. Görünür, binanı inşa etmək qərarına gəliblər. Binanı inşa etmək üçün YAP-ın kifayət qədər pulu var. Bunun üçün kimlərdənsə pul toplamaq məntiqə sığışmır».

Astara rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Natiq İbadov isə AzadlıqRadiosuna bildirib ki, belə bir göstəriş olmayıb və bu, mümkün də deyil.

«MÜƏLLİMLƏR MÜBARİZƏ APARA BİLƏRLƏR»

Hüquqşünas Elman Hüseynov isə qeyd edir ki, hər nə olur-olsun müəllimlərdən pul toplamaq qanuna ziddir:

«Müəllimlər məhkəməyə müraciət edə bilərlər. Təhsil naziri məktəblərdə pul toplanmasına dəflərlə münasibət bildirib və qanunsuz hesab edib. Təhsil Nazirliyin də «qaynar xətt»i var. Müəllim bununla bağlı aidiyyəti qurumlara müraciət etmirsə, günah özündədir. Müəllimlər mübarizə apar bilərlər. Lakin idarə müdirləri yuxarıdan ona verilən tapşırığı yerinə yetirmək məcburiyyətindədir. Əks halda, vəzifəsi ilə vidalaşmalı olacaq».

Şərhləri göstər

XS
SM
MD
LG