Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:32

İş qurmağa asan və çətin ölkələr


 Mayın 25-də Rusiyanın xırda biznes nümayəndələrinin etiraz nümayişi

Mayın 25-də Rusiyanın xırda biznes nümayəndələrinin etiraz nümayişi

Dünyada yeni biznesə başlamaq üçün ən rahat ölkələr İndoneziya, ABŞ, Kanada, Hindistan və Avstraliyadır. Kolumbiya, Misir, Türkiyə, İtaliya və Rusiya isə innovasiya və sahibkarlığa daha az açıqdır.

Belə bir nəticəyə BBC üçün sorğu keçirən GlobeScan beynəlxalq sorğu təşkilatı gəlib. 24 ölkənin 24 mindən artıq vətəndaşından soruşublar ki, ölkələrində biznesə başlamaq çətin olubmu, ölkələri yaradıcılıq və innovasiyalara açıqdırmı, sahibkarlığı dəyərləndirirmi, ideyalarını gerçəkləşdirə bilirlərmi?

Nəticə belə olub ki, İndoneziya, daha sonra isə ABŞ sahibkarlıq üçün ən əlverişli ölkələrdir. Rəyləri soruşulanların əksəriyyəti – 24 ölkədən 23-də bir çoxları biznesə başlamağın onlar üçün çətin olduğunu deyiblər. Braziliyada vəziyyət daha məyusedici olub, respondentlərin 83 faizi ölkənin sahibkarlıq fəaliyyəti üçün əlverişsiz olduğunu deyib. Almanların 48, avstraliyalıların 51 və kanadalıların 55 faizi biznesə başlamağın çətin olduğunu düşünür.

GlobeScan təşkilatının prezidenti Doug Miller hesab edir ki, sürətlə inkişaf edən iqtisadiyyatlarda sahibkarlıq mədəniyyəti arasında böyük fərq onların iqtisadi göstəricilərinə də təsir edə bilər. “Məsələn, pozitiv köklənmiş İndoneziyanın daha pessimist əhvalda olan Braziliyanı ötəcəyini görmək maraqlı olardı”.

TÜRKLƏR VƏ RUSLAR NİKBİN DEYİL

Dünyanın ən böyük iqtisadiyyatına malik ABŞ və Çin (75 faizi) innovasiya və kreativlik, yəni yeni kəşflər və iqtisadi yaradıcılıq üçün ən münasib ölkələrdəndir. Türkiyə, Rusiya, Misirdə isə bu vəziyyət əksinədir.

Sorğunun nəticələri göstərir ki, biznesə başlamağın çətin olduğu düşüncəsi geniş yayılmış olsa da bütün ölkələrdə mütləq əksəriyyət yaxşı ideyaların gerçəkləşməsini mümkün sayır. Bu baxımdan indoneziyalılar daha nikbindir (79 faiz), ən az nikbinsə türklər və ruslardır.

Respondentlərdən soruşanda ki, şəxsi biznesə başlamaq barədə heç düşünüblərmi? Sənaye ölkələri ilə müqayisədə inkişaf etməkdə olan ölkələrin əhalisinin daha çox biznes qurmağa maraq göstərdiyi aydınlaşıb. Nigeriya, Keniya, Peru, Ekvador və Qana əhalisi avropalılardan fərqli biznes qurmağı daha çox istəyir. Biznesə başlamaq ideyası ən az ruslardadır. (27 faiz)

Digər aparıcı dövlətlərə baxanda britaniyalılar ölkələrində biznesə başlamağın daha çətin olduğunu düşünür. Əgər almanların 48, avstaliyalıların 51 faizi bu fikirdədirsə, rəyi soruşulan britaniyalıların 2/3-ü – 65 faizi biznesə başlamağın asan olmadığını deyir.

Bununla belə onlar ölkələrində sahibkarlığa qiymət verildiyini hesab edir.

Sayt üçün hazırladı: Sevinc Hüseynzadə

Günün bütün mövzuları

XS
SM
MD
LG