Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:16

Araz Elsəs bu dəfə doğrudan oxuyacaq!


Araz Elsəs
Araz Elsəs
İsveçdə yaşayan Ozan Araz Elsəs Bakıda Cümhuriyyət Günü şərəfinə konsert verəcək. Konsertin təşkilatçısı- Dünya Azərbaycanlıları Konqresinin humanitar və mədəniyyət işləri üzrə sədr müavini Xəzər Eminlə söhbətimiz 3 gün sonra baş tutacaq konsert barədə oldu.

- Xəzər bəy, deyəsən, çoxdandır gözlənilən konsert, axır ki, gerçəkləşəcək?

- Gözlənilən konsert bu günlərdə doğrudan da, baş tutacaq.

- Lütfən daha geniş bilgi verin bizə. Harada, necə, nə vaxt?

- Ötən konsertin “Monte Karlo” Şadlıq Sarayında keçirilməsi nəzərdə tutulmuşdu. Təəssüf ki, Novruz Bayramında biz bu konserti gerçəkləşdirə bilmədik. Həm maddi, həm də texniki problemlər üzündən. Amma 28 May- Cümhuriyyət Günü şərəfinə mayın 29-da həmin restoranda, düzənləməyi planlaşdırdıq.

- Belə çıxır, biletlər satışdadır...

- Biletlər satışdadır. Artıq 50 faizi satılıb. Dəvətnamələrimiz də var- xüsusi qonaqlarımız üçün. Təəssüf ki. bizim tamaşaçılar öz ifaçılarımıza qarşı diqqətsizdir. Kənardan gələn müğənnilərin 100-200 manatlıq biletləri daha tez satılır. Belə bir sənətkarın, aşığın, ozanın- təpədən-dırnağa Azərbaycançı, türkçü bir Vətən oğlunun konsertinə gəlməyə xəsislik edirlər.

- Xəzər bəy, etiraf edək ki, dediyiniz müğənnilər yaxşı reklam olunur. Bax, 3 gün sonra Araz Elsəsin konserti olacağını kim eşidib? Harada səsləndirmisiniz?

- Doğru deyirsiniz...Amma indi reklam da maddiyyata dirənir. Bütün radio-televiziyalarda bizdən pul gözləyirlər. Qarşımıza kağız qoyurlar ki, bu qədər verməlisiniz. Ona da bizim imkanımız olmur. Nə təşkilat kimi, nə də fərd kimi...

- Araz bəyin özü necə, reklam üçün təşəbbüs göstərmirmi?

- Onun əvəzindən deyə bilmərəm. Araz bəy İsveçdə yaşayır- mühacirətdədir. İnanmıram ki, istənilən vəsaiti ayırmağa imkanı olsun.

- Yeri gəlmişkən, Araz bəy konsert üçün Azərbaycana nə vaxt gələcək?

Araz Elsəs

- Araz bəyin bayram günü- mayın 28-i Bakıya gələcəyi gözlənilir.

- Xəzər bəy, konsert keçiriləcək məkan Araz Elsəsin ruhuna, türkülərinə, aurasına uyğundurmu?

- Biz oranı kinoteatr formasına uyğunlaşdırmaq istəyirik. Dünən Sabir Rüstəmxanlı ilə (DAK-ın həmsədri—S.İ.) bərabər həmin şadlıq evinə baş çəkdik. Müdiriyyətlə də danışdıq. Ora bizə salon kimi lazımdır. İstədiyimiz şəklə salacağıq. Bayraqlar asacağıq və s. Haradasa, 500-600 tamaşaçı qarşılamaq imkanı olacaq.

- Hansı türkülər söylənəcək? Araz bəy yəqin ki, yeni bəstələr oxuyacaq? Bəs hamımızın sevdiyi məşhur hitlər səslənəcəkmi?

- Araz bəyin repertuarı çox zəngindir. Amma bizə bildirib ki, ilk dəfə Bakıda oxunacaq bir neçə bəstəsi var. Qoy bu, sürpriz olsun.

- Sirr deyilsə, biletlərin qiymətini də açıqlayın...

- Biletin qiyməti 20-30 manat civarındadır.

-Xəzər bəy, son sual- AzadlıqRadiosunun dinləyicilərinə, saytımızın oxucularına nə demək istərdiniz? Hansı mesajı çatdırardınız?

- AzadlıqRadiosu bizi təpədən-dırnağa milli ruhda böyüdən radiodur. İllərdən bəri adı kimi Azadlıq carçısıdır. Mən radionuzun əməkdaşlarını, bütün dinləyicilərini, saytınızın istifadəçilərini qarşıdan gələn Cümhuriyyət Bayramı münasibətilə təbrik edirəm. Bizim böyük bayramımızdır. Sənətkar o zaman xoşbəxt olur ki, dolu tamaşa salonunda oxuyur. Buyurub gəlin. Araz bəyin sizin dəstəyinizə- tamaşaçı alqışına ehtiyacı var.
XS
SM
MD
LG