Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:50

Kəsin ətlərimi, sizin olsun


Dalğa XATINOĞLU


Hanı başımdakı nəşə?


Hanı başımdakı nəşə?
Hanı ömrümü sonduğum peşə?
Hanı Anam kimi sevdiyim fahişə?
Hanı polislər,
kişi sümüyündən yonulmuş çomaq bellərində
Qadın saçından hörülmüş şallaq allərində
Hansı dilə gəlməz söyüş dillərində
Hanı hökümətdən qorxum?
Mənim heç kimim olmadı
Anam olmadı
qoynuna girəmədim ki
Babam olmadı
Cəsarətini görəmədim ki
Heç bir qadını sevmədim
Birisini sevdim,
Nə yazıq, özümü ona sevdirəmədim ki!
Heç bir oğlum olmadı
Su içmədi ovuclarımda
Heç bir qızım olmadı
Saçlarını hörəmədim ki
Tanrımı fəlsəfə küçələrində itirdim bir gecə
yanlızam
ömrümü bitirdim bir gecə,
yanlızam
Boşluğa yetirdim bir gecə
yanlızam
Ənənədə insanlıq var, insan yox
Modernitədə insan var, insanlıq yox
Heç bir məktəbə erəmədim ki!
İmansızlığa iman gətirdim bir gecə
yanlızam
Hanı başımdakı nəşə?
Hanı darısqal küçələr
Hanı qaranlıq gecələr
Hanı gözlərinə vurulduğum fahişə,
Hanı?


Bəbək qız

Gözləri yerə dikilmiş
xiyabandakı işıq dirəkləri kimi, dilənir bəbək qız
dişləmək istərdim gözlərindən saçan işıq şüasını
gözləri duzludur, sankı dəniz
Kim ovucuna qəpik qoyacaq günəşi?
kim ətəyinə çörək qoyacaq ayı?
Ah, bəbək qız,
kimsə bilmir, əldən tutmaqla ruhu zincirləmənin incə fərqini
Dur da gedək,
götür qarşındakı çanağı,
"Şahdəniz" yatağıdır sənin
alaq payını versələr,
üşüyürsən,
ama od düşür canıma günəş,
baxırsan,
ama daş düşür başıma ay,
susursan...


Tanqomuz

İki addım irəli və üç addım geri
bizimki bir Tanqo, ulaşamadıq nə qədər çevik fırlansaq da
küskünlər Valsıdır sarışmamız
Düşmən kimi baxdın ayıqlığıma
zatən qadınlar ayıqlığı sevməz
…Haqlısan,
röyamdın, ayıldım bitdin
Beynimə isırır şeirlər, kitablar və nifrət etdiyin hər şey
Üstümə gəlir
Haqlısan,
o gəlirsə sən getdin…


Süleymanoğlu üçün

Adımı sorsanız,
mənim adım Heçkim
Günəş kölgəsi də deyə bilərsiniz
bəri bax, bəri
gözlərinizə göstərdim bütün görəməzlikləri
qulaqlarınıza bağırdım bütün eşidəməzlikləri
şeir fəlsəfəm “olmaz”lar üzərində qurulmuş
habelə bir də,
ürək sözüm yazmadığım şeirlərdə

Adımı sorsanız
mənim adım Heçkim
Sükutun səsi də deyə bilərsiniz
haqqınızı yediyim doğrudur
24 il artıq yaşadım
danmıram ki
180 Sm artıq dikəlmişəm
kəsin hər yerimi, sizin olsun
danmıram ki
60 kilo artıq kökəlmişəm
kəsin ətlərimi, sizin olsun
sümük kimi sızladığım,
ürək kimi göynədiyim yetər
habelə bir də
hirsimdən dırnaqlarımı biləklərimə qədər çeynədiyim yetər
Adımı sorsanız
mənim adım Heçkim
su ləkəsi də deyə bilərsiniz
“əyilib gözlərimin içinə baxıram”,
yalanlarımı çıxarmaq üçün
axı,
hansı ölü mənim kimi yata bilər?
Yatdım da büsbütün
hansı fahişə ürəyini də sata bilər?
Satdım da büsbütün
hansı dəli mənim kimi vurub-qata bilər?
Qatdım da büsbütün

Çəkin aldanmayasan ha!
Kövrəlmə göz yaşıma
gizlicə gülməyim gəlir
burax məni tək başıma
bu gecə ölməyim gəlir
Adımı sorsanız mənim adım Heçkim


Yuxularım doğal sinema

Yuxularım doğal sinema
Və sən kabuslarımın artisti
Gül mənə,
Dəlicəsinə gül
Dişlərin üzümə itilmiş mişar kimi
kəs gövdəmi
min yerə böl
yaralı köksümdən fidanlar baş qaldırmada!
Bu gecə Tanrı ilə əlbirəm cinayətə
Yəni addım-addım intihardayam
Və sənin fantazi əllərinlə
Dar kəndirin boynuma saldırmada
Oooooooovvvv əllərin nə sərin!
Kabuslarım ara,
Öz əlim gövdəmə toxunduqda,
Diskinib ayılıram
Buda yeni bir fəlsəfə:
Mən qorxuram bə varam!
Gövdəm boydadır içimdə yaram
Şeirlərim siyasət baram….
Yenə şeirdən dustaq tikmədəyəm
Kəlmələr daşı çiynimdə
Çeşitli planlar beynimdə
Satın qul kimi,
Heç bir örtük əynimdə!
23 il üzümü duvara söykədim
Gözlərimdə qızlığı getmiş bir uşağın utanması
Ürəyimdə Lezbianların vəhşi öpüşündən sıcaq,
bir odun yanması
oooooovvvvv üşürəm ancaq!
12 yaşlı bir oğlan varmış
Təzə ayılmış
Birinci kərə içində sevgini bulmuş
köylərinin fahişəsinə vurulmuş!
12 yaşlı bir oğlan varmış bir zaman
Anası da ona əl verməyə qısqanarmış
Bəlkə də çəkinərmiş!
Bu da bir əcayib iş!!!
Kimi qanına susamış,
Kimi ətinə yerikləmiş,
Hamıdan qaçarmış bir zaman!
Sağdışım solduşum fahişələr
Yəni Tanrının dişi elçiləri
Heç bir suçum olmadan yaşamağa məhkumam,
Və səni sevməyə!
Nəfəs dərmədən düşünmək zorundayam
Və ayılmaq təhlükəsində…
Yuxularım doğal sinema
Və sən kabuslarımın artisti

2004
http://xatinoglu.blogspot.com/2010/05/2005-ci-ildk-yazdgm-seirlr.html

Günün bütün mövzuları

XS
SM
MD
LG