Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:56

Cinlərin Bakıya gəlişi


Bu hekayə "Ədəbi Azadlıq - 2011" müsabiqəsinə təqdim edilsə də, onluğa düşməyib. Müəllifin razılığı ilə onu "Oxu zalı"nda dərc edirik.


Ayxan EYVAZ

Cinlərin Bakıya gəlişi

Külək uğuldayır, yarpaqları tökülmüş ağacların budaqlarını yellədirdi. Qəbiristanlığın içi ilə gedirdim.

Yoldan keçən tək-tük maşınların, bir də hansısa ağacın budağına qonan bayquşun səsindən tüklərim biz-biz olmuşdu.

Məzarlıq sükut içində üzürdü. Sıx-sıx düzülmüş qəbirlərin üstü adam başı, bir də sümüklərlə dolu idi.

Elə bil onlar mənə baxıb gülür, məni lağa qoyurdular.

Cığırla gedirdim. Burnuma qan qoxusu gəlirdi. Haradansa bayquşun səsinə qarışan insan iniltisi eşidilirdi.

Qəbiristanlıqda yavaş-yavaş addımlayır, ayağımı astaca yerə qoyurdum.

Bir budağa, ya yarpağa basanda tüklərim ürpəşir, bədənim tir-tir əsirdi. Birdən qarşıdan əli bıçaqlı bir adam çıxdı. Onu görən kimi dabana tüpürdüm.

Əlindəki iti, qanlı bıçaqla üstümə gəlirdi. Qaranlıqda yalnız parıldayan gözləri görünürdü.

İri gövdəli ağacın yanından ötəndə birdən qabağıma çıxdı. Geri çöndüm, bədənim əsdi, yenidən götürüldüm. Mən arxamda onun ləhləməsini eşidir, bıçağın soyuqluğunu kürəyimdə hiss edirdim. Nəsə, pis bir qoxu ətrafı bürümüşdü.

Qışqırıb dik atıldım. Əlimlə alnımı yoxladım, tərləmişdim. Anam gözümün qabağında durmuşdu, başını sağa-sola yellədirdi.

- Sənin halın heç xoşuma gəlmir. – O bunu deyib yorğanımı üstümdən götürdü. Ayağa qalxıb masaya doğru irəlilədim. Anam mənə çay gətirənə qədər heç nə demədi. Elə ki, çayı üfürə-üfürə içməyə başlayırdım ki, onun mətbəxdən gələn səsini eşitdim:

- Gərək falçıya gedək. Heç yaxşı deyilsən. Maa yazığın gəlmir? Neçə gündü gözümə yuxu girmir...

Nə falçı? Bəs, o boyda həkimlər nə günə durub? Falçının işini bilməkmi olar? Bir də gördün bizi aldatdı. Azmı belə şeylər eşitmişdim? Gündə biri çıxıb televizordan səslənir ki, falçıya-zada inanmayın, camaatı aldatmaqdan başqa əllərindən-ayaqlarından gələn bir şey yoxdu.

Hə, hələ ekstranses deyilən bir şey də çıxmışdı. Deyir, nə bilim başıma bir kərpic düşdü, ondan sonra elə bil hər şey gözümün qabağında gəlib durdu. Allahdan vəhy gəldi.

Bir ağ saçlı kişi mənə dedi ki, sən gələcəyi görməli, bunları insanlara söyləməlisən. Sonra bütün işini gücünü buraxıb, özünə bir qaranlıq otaq düzəldir. Sapır-saman şeylər danışır, xalq da avam, nə uzadırsan elə hamısını udur.

Qəzetlər də ki, züy tutub bunu tərifləyir. Sağa-sola müsahibə, televizorda görünmə...

Ağzın açıb kosmosdan, paralel dünyadan danışır. Kosmosla əlaqə saxladığını deyəndə camaatın qabağını kəsmək olar? Xəstə olan şəfa tapır, dərdli olan dərman.

Nədənsə, bu eksransens adı heç dilimə yatmır. Onları televizorda görən kimi başqa kanalı çevirirəm.

Hayıf deyil, dədə-babadan qalma falçı. Aldatsa da, qoy o aldatsın. Bütün bunları fikirləşsəm də bu sözlərin heç birini anamın üzünə deyə bilmədim. Eləcə məsum-məsum susdum.

- Qonşunun tanıdığı bir falçı var. Onnan gedək görək noolur.—Anam deyəsən mənim susduğumu görüb razılaşdığımı anladı.

***

Bazar günü idi. Aftobus bizi məni sağaldacaq falçıya aparırdı. Anamla qonşu arvadı gap edir, mən isə sakitcə onlara qulaq asırdım. Avtobus küçədən burulub boş bir yola çıxdı.

Burda nə bir ağac vardı, nə də bir insan. Sürətlə asfalt yolla yuxarıya doğru gedən avtobusun içində bizdən başqa beş-altı başı bağlı arvad da vardı.

Onlar öz aralarında nəsə danışır, sonra uzun-uzadı susurdular. Avtobus şəhərin kənarında, tək-tənha dayanmış bir evin qabağında saxladı. Arvadlar pıçıldaşa-pıçıldaşa aftobusdan çıxdılar.

Kənd yolunu andıran tozlu ağacların arasıyla çadralı arvadlar gedirdi. Kənarda isə şəhərdən falçı yanına gəlmiş adamların maşını bir tərəfə atılmış ayaqqabı tayı kimi səpələnmişdi.

Boz evlər, divarlar, hətta ağacların boza çalan görkəmi adamda qəribə bir sakitlik yaradırdı.

Qara darvazanın yanında halva satan, ayağında сırıq bir səndəl olan seyrək bığlı, qarayanız oğlan çöməlib durmuşdu. Anam qolumdan tutub məni özünə sarı çəkdi. Biz darvazdan içəri keçdik.

Evin içərisində cürbəcür əşyalar vardı. Divarda Vanqanın, Nastradamusun və bir çox tanımadığım falçıların rəsmləri asılmışdı.

Yemək stolu, stullar, televizor, mebel əşyaları, gördüyüm hər şey qara rəngdə idi.

Yerə sərilən xalçanın üstündə yarasa şəkli təsvir olunmuşdu. Böyük masanın üstündə bayquş suveneri vardı. Anam məni dümsükləyəndə həmin bayquş mənə göz elədi.

Falçının otağı çox kiçik idi. Divarlara qara parçalar asılmışdı. Otaqda elə də çox əşya yox idi. Döşəməyə uzun, boz rəngli xalça sərilmişdi.

Falçının qarşısında kiçik bir masa, masanın üzərində isə kürə vardı. Kürə ətrafa işıq saçırdı.

Onun oturduğu yer qırmızı rəngli mütəkkələrlə bəzədilmişdi.

Masanın arxasında çöməlib oturmuş qadının üzü cod idi, qaşları yuxarı dartılmışdı, gözləri cin kimi idi. Üz-gözündən zəhrimar yağan falçı bizi görən kimi əlinin hərəkəti ilə oturmağımızı istədi. Biz çöməlib falçıyla qabaq-qənşər durduq. Bir müddət otaqdakı saatın taqqıltısından başqa heç nə eşidilmədi.

- Dərdiniz nədi? – Falçı ənənəvi sualını verərək sükutu pozdu.

- Dərdim, falçı bacı, – anam sözə başladı – Allah balalarınızın canını sağ eləsin, bu uşağımdı.

- Noolub, xəstədi? – Falçı anamın sözünü kəsdi.

- Hardan bildiniz? – Anam təəccüblə falçıya baxdı. Falçı qaşlarını çatdı. –Hə, bu uşaq neçə vaxtdı ki, yatmır, qorxub dik oyanır. Nədəndi, ay bacı?

- Hə, bu saat, bir əlli manat bu kürənin altına qoyun deyim. Yoxsa kürə səbəbi göstərmir.

- Bu saat, bu saat. – anam çantasındakı topa pulları çıxartdı, bir əllilik tapıb falçıya uzatdı. Qonşu arvad da bayaqdan yerindəcə donub qalmışdı.

Falçı tez pulu qapdı, kürənin altına qoyub danışmağa başladı:

- İndi mən görürəm ki, mənim əlaqə saxladığım cinlər Bakıya gəlirlər. Belə hesab eləyirəm ki, oğlun bu səbədən yata bilmir. Cinləri uzaqlaşdırmaq üçün isə... – falçı sözünü qısıb anama baxdı. Qonşu arvad anamı dümsüklədi. Anam yuxudan oyanan adam kimi ətrafa döyükdü, sonra çantasından pul çıxarıb falçıya uzatdı.

- Yox, bu azdı. Cinlərim küsərlər, nə vaxt gələcəklərini deməzlər. Gərək bir az da verəsiz.

Anam sözə bəndmiş kimi bir göy onluq da çıxarıb ortaya qoydu. Sonra üzündə kədər yarandı, hələ bir ah da çəkdi. Bə nə bilmişdin? Atam bilsə ki, biz haranınsa qotur falçısına bu qədər pul vermişik dərimizə saman təpər.

- Cinlər mənə deyirlər ki, – falçı sözünə davam etdi, – onlar bu gün gecə saatlarında gələcəklər. Yüz faiz sizin evin qabağından da keçəcəklər. Gərək evdə çoxlu şam yandırasız, işıqları keçirəsiz və cinlərin gəlib keçməsini gözləyəsiz. Bunları eləməsəz cinlər həmişə sizin evdə qalacaq və oğlun da heç vaxt yata bilmiyəcək. Oğlunun indiki vəziyyəti də bunnan bağlıdı. Cinlər onu özləri ilə aparmaq istəyirlər, uşaq isə dirənir. Buna görə də gərək cinlərin evin qabağından keçib getməsi üçün mənim dediklərimi eləyəsən. Hə, bir də pəncərənizdən sarımsaq bağlamasını bağlayın. Amma içəri tərəfə yox, çöl tərəfə.

Evə qədər nə anam danışdı, nə mən, nə də qonşu. Bircə küləyin uğultusunu eşidirdik, bir də avtobusun təkərlərinin yorğun yerişini.

Qonşuyla sağollaşan kimi evə girdik. Anam içəri keçən kimi işə başladı, falçının dediklərini bir-bir hazırladı. Telefonumuz qırıq-qırıq çalana qədər anam heç nə demədən ora-bura tüyündü. Dəstəyi götürdüm, danışan atam idi.

- Alo, hə dədə. - dedim.

--Maman hanı, ə?—Atam əsəbi tonla danışırdı.

Anam dəstəyi götürüb qulağına yaxınlaşdırdı:

- Nədi?—dedi.

Xeyli anam sakit dayandı, yəqin atam ona nəsə danışırdı. Dəstəyi qoyanda o bircə söz dedi:

- Əmilərin Bakıya gəlib.

Susdum. Öz-özümə düşündüm ki, cinlərin Bakıya gəlməsiylə qohumlarımızın Bakıya gəlməsi üst-üstə düşdü. Görən, onlar kənddən niyə bu gün bura gəlmişdilər?
Axşam hay-harayla içəri atamla qohumlarımız daxil oldu. Mənim, qardaşımın, bacımın üzünü yaşdadılar. Qardaşım hər dəfə öpüləndən sonra qoluyla üzünü silsə də yenə də sifəti seliklənmişdi. Marça-marçın, öpüşün biri bir qəpiyə idi. Buna görə üzümüz tüpürcək ilənirdi.

Anam xudmani bir süfrə açdı. Ortalığa araq gəldi. Yeyib-içib, əmməlicə kef çəkdik. Anam isə gah bizə, gah da pəncərə tərəfə baxırdı. Göy üzündə ay asılmışdı. Bildim ki, anam cinləri gözləyir.

Eyvana çıxdım. Stolun üstündə şamlar, bir az kənarda isə sarımsaqlar vardı. Pəncərəni açıb bayıra tamaşa elədim. Uzun, asfalt yolda maşın gözə dəymirdi. İrəlidən üç-dörd lül-piyan səkiylə yıxıla-dura, hansısa bir mahnını zümzümə eləyə-eləyə, səndələyə-səndələyə səkiylə bizim evin yanından keçirdilər. Əyyaşlar yaxınlaşanda gördüm ki, bu lül-piyanlar cindilər. Hə, hə cin. Cod görkəmli sifət cizgiləri, yuxarı dartılmış qaşları, bir də başlarının üzərində buynuzlar vardı. Bu görkəmdəki cin olar da. Başqa nə ola bilər? Elə bu vaxt anam eyvanın qapısını açdı.

- Mama, bax, cinlər evimizdən keçir.

Anam pəncərədən bayıra baxdı, sonra mənə tərəf dönüb çəmkirdi:

- Ə, bu sənin əmilərindi. Korsan? Bayaqca çıxıb getmədilər?

Düşündüm ki, falçının dediyi cinlər heç vaxt Bakıya gələ bilməyəcək. Buranın cinləri isə yerə-göyə sığmır. Hər gün gözümüzün qabağında durub oynayır, atılıb-düşürlər.
Mənim yuxularımdakı cinlər isə tamam başqa yerlərin, uzaq ölkələrin sakinləridi...

2009

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG