Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:06

Məlahət Yusifqızı. Tabutumdan tutdum


ZAMANA QOŞUL

-Çık, -çık, -çık, -çık...
Qaranlığı, səssizliyi
ölçüb, geriyə atır saat.
Bir-bir, pillə-pillə
əridib, udur zamanı.

Zamana köklənir yaddaşlar.
Vaxt da fırlanır
Yer kürəsi tək
və keçir.
Əslində
biz fırlanıb,
zamandan keçirik bəlkə?!
Keçə bilirikmi?!

Zaman ölümsüz olanı götürür
özü ilə.
Boşuna yüklənməz zaman.
Zamana qoşulub,
ölümsüz olmağa
çıxır canımız.

-Çık, -çık, -çık...
Çıx, çıx, çıx
və qoşul ölümsüzlüyə.

10.11.2008.


BÜTÜN FIRLANANLAR

Havam çatmırdı.
Ciyərlərimi götürüb,
qaçdım divarlarımın kifindən.
Sən demə,
Yer kürəsi də fırlanmırmış kefindən.

Bir udum havaya fırlanırmış
Bütün fırlananlar.

25.04.2008.


QİSMƏT

Zamanı saymadan,
zamana endirmədən
düşmüsən yolun ağına.

Az gedib, yüz gedib,
dərə-təpə düz gedib,
baxmamısan soluna, sağına.
Qismətinə şükür deyib,
Haqqa, bir də yaraqlı Şeytana
qapanmısan bu yolda.

Və birdən
sənə tuşlanan güllə
üstünə dil açıb:
-Dayan, yolçu!-deyə
səndə yolu,
yolda səni bitirib.

Haqq da,
Şeytan da
özü şahiddir bu qismətə.

10.06.2008.


TABUTUMDAN TUTDUM

Tabutumun sağ tərəfindən tutub,
getdim üzü qəbirliyə.
Tək çiyin tablamaz ağırlığa,
gərək qoşulan ola bu birliyə.

Qoşulub, çəkəsən,
çəkib, aparasan,
aparıb, qatasan
min ilin ölüsünə.

Daşın
özün kimi ağırını
qoyalar üstünə:

-Baş daşı, sinə daşı.
Doğmaların göz yaşı.
Gedib, geridə qoydum
qohum-qonşu, qardaşı.

“Ayrılıq” dedilər
aradakı zaman ölçüsünə.
İnanmadım
başım Əlhəd daşına dəyənədək.
Elə ki, başım dəydi,
Ruhum-canım sağlara:
-Görüşənədək! –dedi.

29.03.2008.


ÖLƏNLƏR QOYUB GEDİR SƏSİNİ

O gün tutdum
Məcnunun səsini.
Yaddaşımda ilişib, qalmışdı
əsrlərdən bəri.

Çəkildim səsin qəribliyinə.
Qovuldum yasaq gündüzlərdən.
Kəsilmiş yollardan keçdim
o qərib səslə,
yarasa dəqiqliyi ilə.

Gecələr
səsinin dalınca düşür
yarasalar.
Gündüzlərdən
qalır
gözü yoxdu deyə.
Gecədən də qalar
səsi olmasa.

Səslər ölmür,
mən bilən.
Ölənlər
havada qoyub, gedir səsini.

07.10.2007.


ÇALIŞ ÇIXMA YARADANIN ƏLİNDƏN

Ozon qatı dəlinir, təbiət zorlanır.
Hava qatı qarışıb, korlanır.

Canlılar bala verir durmadan.
Fəqət ömür gödəlib, qısalır.

Duydu, duymadı
hər kəs sabaha ümidlə baxır.
Sürtünmə qüvvəsidi şərin, Şeytanın əməli,
yandırıb, yaxır.
Uyan cazibəsindən çıxır.

Çalış, çıxma Yaradanın əlindən.
Çıxdın, itir haqqın,
Şeytan çalıb, aparır.
Budur, Adəm oğlu Yerdə
qiyamət qoparır.

19.10.2006.


QARIN ADAMIN NƏYİDİ

Kimdən aldın bu öyüdü?
Atan, baban xan, bəy idi.
Qarın adamın nəyidi,
Keçdi qardaşdan irəli?!

Keçmişimdən yaddaş oldum.
Yurdu sevib, yurddaş oldum.
Ayaq olmadım, baş oldum,
Nə getdi başdan irəli?!

Vaxt yetib, ölüm haqladı,
Torpaq səni qucaqladı.
Üstünü daş qalaqladı,
Torpaqmış daşdan irəli.


Şər-Şeytandan tamah qaldı,
Dünyanı başına aldı.
Oldumu heç, zəfər çaldı
Kimsə savaşdan irəli?!

Yol veriblər Haqqı bizə.
Boş olsan, vurular üzə.
Daha çat əlliyə, yüzə,
Ağıldı yaşdan irəli.

12.03.2008.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG