Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:30

Cümə namazında ekologiyadan danışmaq olar


Vaqif Cəliloğlu
Vaqif Cəliloğlu
«Quran»da insanla təbiətin münasibətlərinə dair bütün sualların cavabı verilib. Bunu «İslam və demokratiya» verilişinin qonağı olan dinşünas, texnika elmləri doktoru Vaqif Cəliloğlu deyir. Onun sözlərinə görə, Allah-təala heyvanlara rəhm edəni öz sevimlisi adlandırır:

«Müqəddəs kitabda konkret yazılıb ki, «ağac kəsənə lənət olsun». Amma bir tərəfdə nəzəriyyə var, digər tərəfdə əməl. Biz məhz əməldən kasıbıq. Biz müsəlmanlar 500 ildə ancaq bunun nəzəriyyəsi ilə məşğul olmuşuq».

TƏBİƏT İNSANA ZOR GƏLİR

Vaqif Cəliloğlu hesab edir ki, indi dünyada müşahidə olunan bəzi ekoloji kataklizmlər qiyamətin əlaməti kimi qiymətləndirilə bilər:

«Mən bunu istisna etmirəm. 2009-cu ildə iri dövlətlərin birləşib ekoloji sammit keçirməsi boşuna deyildi. Artıq onlar dərk etməyə başladılar ki, ağıl və təfəkkürdən məhrum olan təbiət insana zor gəlir. Çünki təbiətdən maksimum yararlanmaq istəyən bəşər övladı ona ardıcıl zərbə vurur. Bu gün biz ağacların qırıldığının şahidi oluruq. Ev tikib pul qazanmaq üçün ekologiyanı məhv edirlər».

Vaqif Cəliloğlu deyir ki, Allah- təala insana yaşamaq və nəsil artırmaq haqqı verdiyi kimi flora və faunaya da bu haqqı verib. Amma təəssüf ki, insan bu haqqı tanımır:

«Varlanmaq naminə yeri dəlmə-deşik edir, ondan külli miqdarda gəlir qazanmaq istəyirlər. Halbuki, indi dünya əhlinin 80 faizi ac-yalavac yaşayır. Bu da son nəticədə sosial partlayışa zəmin yaradır».

PİRDƏN HEÇ KİM AĞAC KƏSMƏZ

Samir İsayev
«Ekoleks» hüquq şirkətinin rəhbəri Samir İsayev deyir ki, hazırda ölkədə ekoloji maarifləndirmə arzuolunan səviyyədə deyil. Azərbaycanda «Ekoloji təhsil və maarifləndirmə haqqında» qanun var. Amma heç dövlət orqanları bu sənədin mahiyyətini anlamır, o ki qala ictimai qurumlar. Amma dini orqanlar bu işdə müəyyən rol oynaya bilər:

«Bəzi yerlərdə meşələr, dağlar pir hesab olunur. Əksər övliyaların, din sahəsində müəyyən işlər görən şəxslərin məzarları təbiətin gözəl yerlərində olur ki, onlar da toxunulmaz qəbul edilir. İnsanlar ehtiyacları olsa da, pirdən ağac qırıb gətirməzlər. İnsanlar qışda təzəkdən istifadə edirlər, amma ağacları kəsmirlər».

CÜMƏ NAMAZINDA EKOLOGİYADAN DANIŞMAQ OLAR

S.İsayev hesab edir ki, dindarlar ekoloji maarifləndirmədə böyük rol oynaya bilər. Məsələn, Cümə namazları zamanı - böyük dindar kütləsinin söhbətə açıq olduğu vaxt ekoloji mövzular gündəmə gətirilə bilər.

DİNDARLARIN LAYİHƏYƏ CƏLB OLUNMASINA YAXŞI BAXMIRLAR

«Ekoaləm» ictimai birliyinin rəhbəri Sevil Yüzbaşova ekoloji maarifləndirmə sahəsində xeyli iş getdiyini deyir. Amma onu da vurğulayır ki, dindarların bu işə cəlb olunması birmənalı qarşılanmaya bilər:

«Hansısa layihəyə dindar cəlb edilməsinə yaxşı baxmırlar. Elə bilirlər ki hansısa dini mövzuda yazan insanları fanatizmə çağırırsan. Əslində elə olmamalıdır. İnsanların üəriyndə Allaha, dinə inam varsa, dərk etsələr ki, bu, günahdır, həyatımızda çox böyük əhəmiyyəti olardı».

YAS BİZNESİ ƏVƏZİNƏ EKOLOGİYADAN DANIŞSINLAR

Dinşünas Vaqif Cəliloğlu isə qeyd edir ki, indi din xadimlərinin əksəriyyəti sırf yas biznesi ilə məşğul olurlar. Halbuki, bu haram bizneslə məşğul olmaq əvəzinə onlar həftədə bir dəfə televiziyada çıxış edib müsəlmanları «Quran» ayələrinə, peyğəmbər kəlamların istinad edib insanları doğru əməllərə dəvət edə bilərlər. Qafqaz müsəlmanları idarəsi öz hacıları, qaziləri, mollaları ilə bu işi təbliğ etməlidir. Onlar bu işdə öndər olmalıdırlar».
XS
SM
MD
LG