Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:48

2 aprel istintaqı necə yekunlaşır?


Əhəd Məmmədli 12 mart aksiyasında
Əhəd Məmmədli 12 mart aksiyasında
AD GÜNÜ MAYIN 28-DƏ OLAN MƏHBUS MÜSAVATÇI

Tural Abbaslı, Rüfət HacıbəyliƏhəd Məmmədli. Hər il bu üç gənc mayın 28-də Novxanıda Məmməd Əmin Rəsulzadənin heykəlini ziyarət edəndən sonra bir yerə yığışarlarmış. Xudmani məclis qurarlarmış. Əhəd Məmmədlinin ad gününü qeyd eləməyə. Bu il isə dostlar həbsdədirlər.

Əhəd Məmmədlini ancaq bibisi təbrik edə biləcək:

«Bizə gəlirdilər. Bir neçə dəfə ad günündə bizdə yığışıblar. Onları elə tanıyıram. Turalı da, Arif bəyi də... Kimi tutublar, iş kəsiblər qapıları açıq olsun. Allah bir də onları azadlıqları ilə sınağa çəkməsin...».

Ruqiyyə Məmmədova qardaşı oğlunun ad gününə hazırlaşır. Artıq indidən mayın 28-nə görüş üçün müraciət edib:

«Tort bişirəcəm, paxlava bişirəcəm... İndiki cavanları bilirsiz də, dönər yeyirlər. Dönər, şirə alaram. Belə şey yeyir, bəyənir...».

Əhəd Məmmədli ixtisasca geoloq olsa da, jurnalistikaya üstünlük verib. Bir neçə ildir «Futbol+» qəzetinin əməkdaşıdır.

BABASI ŞƏKİ QİYAMINDA GÜLLƏLƏNİB

Əhəd Məmmədlini nənəsiylə bibiləri böyüdüb. Bibisi Əhədin tərbiyəsində nənəsinin rolundan da danışır:

«Mənim anamın atası müsavatçı olub. O vaxt - 1930-cu ildə Şəki qiyamında güllələyiblər. Onun adı da Əhəd olub, Əhəd Sultanlı. Anam həmişə danışıb ki, atam belə olub, belə güllələyiblər. Bəlkə də Əhədi Müsavata meylli edən anam olub. Əhəd də savadlı oğlandır, əqidəli uşaqdır, namaz qılandır. Araq içməz. Sözünü deyən uşaqdır. Uşaq deyəndə, daha yekə kişidir, 29 yaşı olur. Amma bizim üçün həmişə uşaqdır».

Ruqiyyə xanım deyir ki, Əhədi həbsdən sonra daha yaxşı tanıyıblar. Onun mübarizəsini də, xarakterini də indi-indi öyrənməyə başlayıblar:

12 aprel aksiyası

«Mən bilməmişəm ki, onda bu qədər azadlıq sevgisi, millətə qarşı sevgi var. Öz ölkəsində demokratiya istədiyini bilməmişəm. Evə gələndə də susurdu, bizimlə paylaşmırdı, çünki biz onu dəstəkləmirdik. İndi uşaqlar onun haqqında danışanda deyirəm ki, bunlar doğrudan bizim Əhəd haqqında danışırlar?».

BİR GÜNLÜK ZƏİF BİR ÜMİD

Əhəd Məmmədli ad gününü evdə də qarşılaya bilər. Ən azından vəkili Yalçın İmanov buna cəhd göstərir. Vəkil mayın 23-də iki nəfərin – Əhəd Məmmədli və Elnur İsrafilov ilə bağlı vəsatət verib:

«Məhkəmədən xahişim odur ki, hər iki şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunsun. Proses sabaha (mayın 24-nə-müəl.) təyin olunub. Sözün açığı, ümidim azdır. İndiyə qədərki proseslər vəsatətimizin bu dəfə də təmin olunmayacağını deməyə əsas verir».

KİMİNİN İŞİ MƏHKƏMƏYƏ, KİMİNİNKİ DƏ...

Yeri gəlmişkən, hüquq-mühafizə orqanları 2 aprel aksiyası ilə bağlı istintaqın yaxın günlərdə yekunlaşacağını deyirlər. Bakı şəhər prokurorunun köməkçisi Ramiz Rzayevin AzadlıqRadiosuna söylədikləri:

«Aprelin 2-də keçirilən qanunsuz aksiya ilə bağlı təqsirləndirilən şəxslərin bəziləri haqqında istintaq hərəkətləri başa çatmaq üzrədir. Həmin hadisə ilə əlaqədar 14 nəfər təqsirləndirilən şəxs qismində istintaq cəlb edilib. Onlardan yalnız ikisi Cinayət Məcəlləsinin iki - 233-cü və 315-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. Hazırda Bakı şəhər Prokurorluğunda cinayət işinin istintaqı davam etdirilir».

Ramiz Rzayevin dediyi kimi, iki maddəylə ittiham olunan iki nəfərdir. Bunlar da Əhəd Məmmədli və Ülvi Quliyevdir. Onlara qarşı 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.

Ramiz Rzayevin dediyinə görə, iş üzrə sonuncu istintaq hərəkətləri aparılır.

Yalçın İmanov

«Təqsirləndirilənlərin bəziləri haqında cinayət işi məhkəməyə veriləcək, yerdə qalanların istintaqı isə davam etdiriləcək». Bunu da prokuror köməkçisi deyir. Amma o, işi məhkəməyə göndərilənlərin adlarını da söyləmədi. Bir onu dedi ki, hazırda zəruri sübutlar toplanır.

YALÇIN İMANOV: «YEKUNLAŞSIN, AMMA NECƏ YEKUNLAŞIR»

Vəkil Yalçın İmanov istintaqın yaxınlarda yekunlaşacağına şübhəylə yanaşır. O, 14 nəfərdən kimlərinsə işinin məhkəməyə göndərilib, bəzilərinin istintaqının davam etdirilməsini qanunsuz sayır. Çünki söhbət eyni işdən gedirsə, bu, mümkünsüzdür.

Vəkilin fikrincə, istintaq hazırda acizliyinin girovuna çevrilib. O deyir ki, istintaq bəlkə də işini tələm-tələsik yekunlaşdıracaq və bu da işin məhkəmə perspektivinin olmadığının daha bir təsdiqi olacaq:

«Təqsirləndirilənlərlə bağlı 2 aylıq həbs qətimkan tədbiri seçilib. Bu müddət yekunlaşır və həmin müddətin uzadılması söhbəti də getmir. Başqa tərəfdən, istintaq hərəkətlərinin aparılmaması təqsirləndirilənlərin ictimai-təhlükəli əməllər törətməsi ilə bağlı faktların olmamasının göstəricisidir. Bu da məhkəmə perspektivinin olmadığını göstərir. Yekunlaşsın. Nəyi sübut etdilər? Hansı əməllərin törədildiyini sübut etdilər? Bugünkü istintaq öz acizliyini girovuna çevrilib».

Ramiz Rzayev isə vəkilin müdafiə tərəfində durduğu üçün belə danışdığını deyir:

«Ekspertiza 13 obyektə müxtəlif miqdarda maddi ziyan vurulduğunu müəyyənləşdirib. Həmçinin, 24 polis əməkdaşına və bir mülki şəxsə müxtəlif dərəcəli xəsarətlər yetirilib».

Vəkil Əshabəli Mustafayev mayın 23-də «Mediaforum» saytına deyib ki, Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılının həbs müddətinin uzadılması ilə bağlı mayın 24-də məhkəmə prosesi keçiriləcək. Bu barədə müdafiə tərəfinə müstəntiq məlumat verib.
XS
SM
MD
LG