Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:45

Əkrəm Əylisli: Əgər bu əl Allahın əlidirsə, mən ondan niyə qorxmalıyam?!


Əkrəm Əylisli Azadlıq Radiosunda. 26 may 2010
Əkrəm Əylisli Azadlıq Radiosunda. 26 may 2010
Xalq yazıçısı Əkrəm Əylislinin Milli.Az xəbər portalına müsahibəsi.


Əkrəm bəylə gözəl bir yaz günü Sahil parkında görüşdük. Xeyli gəzişəndən sonra Bulvara tərəf yol aldıq. Dəniz kənarında açıq havada yerləşən kafelərdən birində əyləşib fransız çaxırı içə-içə bəzən duzlu-məzəli, bəzən kədərli-hüzünlü, bəzən də əhvalımıza uyğun söhbətlər etdik. Bu bəstəboy ustad yazarın içindəki nəhəngliklə tanış olanda adamı heyrət bürüməyə bilmir...

- Əkrəm bəy, sizə toxunan, sizi danışdıran suallar daha çox hansı mövzuda olur?

- (Gülür) Markes 5 səhifəlik müsahibəsinə 50 min dollar alır, yəqin eşitmiş olarsan. Mən Markes deyiləm və verdiyim müsahibələrdən də heç bir mənfəət götürmürəm: nə maddi, nə mənəvi. Buna görə də verilən sualların hansı mövzuda olmağının məndən ötrü ciddi fərqi yoxdur. Buyur ver suallarını.

- Bildiyimiz kimi, insan yaşlandıqca daha çox axirət haqqında, daha çox “hara gedəcəm” sualı ətrafında düşünür. Bəs Əkrəm Əylisli...

- Qocalıqda yox, elə cavanlıqda da axirət dünyası barədə düşünməyən insan yer üzünün digər canlılarından az fərqlənir. Bəlkə lap 4-5 yaşımda da bu dünyanın hər kəs üçün gəldi-gedər bir şey olduğunu mən hərdənbir hiss eləyirdim. Bu da belə bir qəribə qorxu idi, xüsusən, xəstələnəndə, çöl-bayıra çıxmaqdan məhrum olanda məni möhkəm yaxalayırdı. İndi yaşım 70-i ötəndən sonra da o qorxu elə həmin qorxudur ki, məni ara-sıra qara-qara basmalayır. 4-5 yaşın qorxusu hara, 70 yaşın qorxusu hara?...

Amma vallah, qorxu elə qorxudur və insanın bu dünyanı duymaq ehtirasının hansı yaşda necə olduğunu da hələ ki, bilən yoxdur. İnsan doğulduğu gündən ölümə tərəf yol gedir. Və ola bilməz ki, hər bir düşünən kəs bunu bütün yaşlarında zaman-zaman hiss etməsin.

- Bəs Yaradılış haqqında düşünərkən daha çox hansı sual sizə keçilməz gəlir: “mən kiməm?”, “hardan gəlmişəm?”, “hara gedəcəm?”

- “Yaradılış” haqqında düşünəndə bu sualların heç biri mənim ağlıma gəlmir...

- Onda Allahdan qorxursunuzmu? Yaxud haçansa sizi qoruyan gizli bir əlin olduğunu duymusunuzmu?

- Məni qoruyan gizli bir əlin olduğunu ömrüm boyu, həmişə duymuşam. Əgər bu əl Allahın əlidirsə, mən ondan niyə də qorxmalıyam?!

- Əkrəm bəy, Nitşe deyir ki, əxlaqın pərdələdiyi həyat həqiqətlərini sənət açıb göstərir. Bir ustad yazar olaraq sənət, yazı sizdə hansı formada üzə çıxır? Əxlaqdan uzaqlaşmış, əxlaqın fövqündə, yoxsa elə əxlaq formasında?

- Nitşenin nə demək istədiyi məlumdur. Məlumdur ki, bədii dəyərlər əxlaqi dəyərlərdən daha geniş və daha rəngarəng təsir dairəsinə malikdir. Yazıçının vəzifəsi əxlaqi dəyərlərin keşiyini çəkmək deyil. Yazıçılıq azad sənətdir və yazıçının bütün uğurları Allahın ona verdiyi azadlıq duyğusunu sözün canına - qanına hansı miqdarda hopdura bilməyindən asılıdır.

- Sizin əsərləri oxuyanda daha çox səlist gözəl dil amili üzə çıxır. Sizcə, yazar dili yaradır, yoxsa dil yazarı?

- Yazıçı hər şeydən öncə dil hadisəsidir. Onun yeganə iş aləti də söz və yaxud dildir. Yer üzündə elə mövzu yoxdur ki, dünyanın müxtəlif yazıçıları o mövzunu dönə-dönə

yazmamış olsunlar. Yazıçıları bir-birindən fərqləndirən də elə məhz dildir, üslubdur, ovqatdır, ahəngdir. “Pis dillə yaxşı şeydən, yaxşı dillə pis şeydən danışmaq mümkün deyil”. Bunu dahi Tolstoy deyib. Və bunu bundan dəqiq demək mümkün deyil.

- Məşhur bir deyim var: “Bütün fikirlər danışmaq üçün, bütün hisslər yazmaq üçündü.” Siz də yazarkən daha çox hisslərə, hallara söykənirsiz, yoxsa beyninizdə dolaşan fikirlərə?

- Ədəbiyyatda hiss də, fikir də yalnız sözlə və yaxud sözdə ifadə edilir. Burada fikiri sözdən, sözü fikirdən ayırmaq mümkün deyil. Müqəddəs İncilə görə, hər şeyin əvvəli sözdür. Ancaq o sözün özü də, yəqin ki, hər hansı bir fikri ifadə eləmək ehtiyacından doğub. Məncə, belə söhbətlər mənasız və əhəmiyyətsizdir. Bu, ona bənzəyir ki, əvvəl toyuq yaranıb, yoxsa yumurta (Gülür).

- Yaxşı. Bəs bugün ədəbiyyatımızın problemini danışılması lazım gələn fikirlərin yazılmasında və yazılması lazım gələn hisslərin yazılmamasında görmürsünüz ki?

- Bəli, görürəm. Bilirəm ki, yeri düşdü, düşmədi, ondan-bundan sitat gətirmək insanın ağıllı olmasına əsla dəlalət eləmir. Ancaq bu dəfə də keç günahımdan. Bu sualına da Tolstoyun sözləriylə cavab verirəm: yazıçı o kəs deyil ki, nəyi yazmalı olduğunu bilir - yazıçı o kəsdir ki, nəyi yazmamalı olduğunu duyub dərk etməyi bacarır.

- Sizcə, ölüm qorxusuyla yaşayan adam özgür ola bilərmi? Ümumiyyətlə, özgürlük sizinçün nədi və ya nədədi?

- Ölüm qorxusu olmayan adamın necə adam olduğunu təsəvvür eləmək mənim üçün çox çətindir. Çünki mən qəhrəmanlıq motivlərinə vurğun olan insanlardan deyiləm və qəhrəman cildinə girən bir çox adamın, əslində, son dərəcə qorxaq olduğunu dönə-dönə öz gözümlə görmüşəm.

- Hazırda yazdığınız əsərlərin əvvəlkilərdən nəyinə görə fərqli və maraqlı olacağını düşünürsünüz?

- Mən bu barədə heç vaxt düşünmürəm. Əgər yazıçı bu gün yazdığı yazının dünənkindən fərqli və maraqlı olduğuna inanmırsa, onun yeni əsər yazmağının nə mənası var.

- Əkrəm bəy, Folkner "bütün nasirlər uğursuz şairlərdi" deyib. Bəs Əkrəm Əylisli bir nasir olaraq özünü uğursuz şair sayırmı?

- (Gülür) Folkner nə deyir, özü bilər. Ancaq Folknerin uğursuz şair olduğuna məni heç kəs inandıra bilməz.

Əsəd Qaraqaplan
Milli.Az

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG