Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:06

Sayman Aruz. Saxla dar ağacı, saxla mən düşüm!


Saxla dar ağacı, saxla mən düşüm!

Istəmirəm ucalığı, aclığı,
Zindanlarda yalqız, yalavaclığı.
O mən idim, dostlarımın satdığı,
Saxla dar ağacı, saxla mən düşüm!

Cənnəti də doldurdular mollalar,
Ətrafına daşdan çəkdilər hasar,
Qalsa bizə indi cəhənnəm qalar,
Saxla dar ağacı, saxla mən düşüm!

Ucalığın, sirrini sən bilirdim,
Azadlığı, başa düşən bilirdim
Səni Ana, səni Vətən bilirdim!
Saxla dar ağacı, saxla mən düşüm!

Əlif kimi dostlarımı əyirsən,
Qapaz kimi başlarına dəyirsən,
Sən Ərəbsən, tərs “la”ya bənzəyirsən*
Saxla dar ağacı, saxla mən düşüm!

Düz deyirəm, dəyir dəysin forsuna,
Düz deyirsən? özün özünü sına.
Gicəm bəyəm, gedəm köhnə borcuna?
Saxla dar ağacı, saxla mən düşüm!

Dar ağacı artıq adın dəyişib,
Indi sənə hamı deyir qumpara.
Birdənbirə göydən yerə düşürsən
Insanları uçurursan havaya!

Hey sıxırsan azadlığın boğazın,
Nə var axı? Nədir sənin niyazın?
Görmürsənmi bu namərdlik dünyasın?
Saxla dar ağacı, saxla mən düşüm!

Mən öləcəm, Anam saçın yolacaq,
Kim deyir ki, bu qan gölü dolacaq?
Bilirəm ki, qanım hədər olacaq
Saxla dar ağacı, saxla mən düşüm!

_________________
* tərs “la”: Ərəb dilində “la” belə yazılır.(.لا) onun da tərs halı, dar ağacının şəklinə bənzəyir. Mənası da “yox” dur!


Ağzımdaki diş çürüdü

Ağzımdaki diş çürüdü,
Gözümü eynək bürüdü,
Hamı üstümə hürüdü
Hürüməmiş dayanmadı!

Tindən-tinə qovulmuşam,
"Sim"dən "cin”ə qovulmuşam,
Mən tərsinə dogulmuşam
Doğru üzüm oyandadı!

Bığım Təbrizin bığıdır,
Bağım Qarabağ bağıdır,
Buğumdaki neft buğudr
Bakıda, Neftalandadı.

Deyirlər ki, toy olacaq,
Bunların cibi dolacaq,
Olmuşuq kukla, oyuncaq
Hərə bir cür oyundadı.

Özü belimdən yaranan,
Sözü dilimdən yaranan,
Təklif edir lal olasan
Məsləhətin də bundadı.

Uzan qulağım, hey uzan
Yaxşı yozur yuxu yozan
Bizə alın yazı yazan
Kimsə bilir hayandadı?


Dəniz balıqçıları səsləyir

Dəniz balıqçıları səsləyir,
Müharibə döyüşçüləri.
Sinə mərmiləri səsləyir,
Boğaz halqaları.
Inqilab niyə bizi səsləmir?

Millət qəhrəmanlardan danışar
Kafelər şairlərdən.
Durnalar qayıtmaqdan danışar,
Təqvimlər daşımaqdan.
Dirçəliş niyə bizdən danışmır?

Dənizdən tullanan,
Dənizə tullana bilməz.
Damla dənizə,
Dəniz okeana axar.
Okean isə
Özündə boğulan insanda bitər
Və yekəlməz!
Balta ol, ağac olma
Balta ol, ağac olma,
Balta ol və ac olma!

Fahişə ehtirasından asılar,
Bakirə el-obasından.
Qanadlar qandallara alışar,
Baxışlar divarlara.
Birisi etirazından,
Birisi duruxub-dayanmasından.
Azadlıq niyə bizə alışmır?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG