Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:42
BÖLGÜ

Gəl bölüşək ayrılığı sevgilim,
Sevinc sənin olsun, kədər-qəm mənim.
Bu dünyanın belə soyuq günündə,
Günəş sənin olsun, duman-çən mənim.

Birdəfəlik getmə, yenə görüşək,
Sevinci bölüşək, qəmi bölüşək.
Heç nə qalmayanda məni bölüşək
Ruhum sənin olsun, bu bədən mənim.

Nəyə lazım axı bu söz, bu söhbət,
Etibar, ləyaqət, ismət, sədaqət.
Bu gənclik, gözəllik, sevgi, məhəbbət,
Hər şey sənin olsun , təkcə sən mənim.


HƏLƏ UŞAQSAN DEYƏSƏN........

Elə bildin tərk edib, sakitcə getdim
Bir daha sənə dönməyəcəyəm
Qələbə çaldı qürurum, əzəmətim.
Sənə yalvarıb sevməyəcəyəm.
Tələsik qapını örtüb, sevindin.
Xəbərin olmadı Nifrətimdən,
Kədərimdən
Özündən.
Bilmədin Məhəbbətlə Nifrətin
Bircə addım arası..
Hələ uşaqsan deyəsən.........

Eh.. bayıldın az qala çıx get, deyəndə,
Dilin, ürəyin dedi bilmədim.
Daha bu qəlb ölümü, bu bədəndə,
Ya dirimi?! Heç hiss etmədim.
Sənsə qaçıb üsyanımdan gizləndin.
Xəbərin olmadı Atəşimdən,
Ələmimdən,
Küllərimdən.
Bilmədin Simurq ilə atəşin,
Bircə addım arası...
Hələ uşaqsan deyəsən....

Bu yollarda çox ayaq, könül döymüşdüm.
Ayaq getmirdi, ürək sənsiz durmurdu.
Bəlkə də mən min ildir ki, ölmüşdüm.
Bunu nə sən, nə də ruhum duymurdu.
Sən ruhumu da, bu gün dəfn etdin.
Xəbərin olmadı ayağımdan,
Başımdan,
Ağlımdan.
Bilmədin Məcnun ilə Leylinin
Bircə addım arası...
Hələ uşaqsan deyəsən..

Bəlkə də dönəcəm başqa bir dəbdə
Dönəcəm sənə tamam başqa cür.
Deyəcəm biz görüşərik bəlkə Ədndə
Yox, ömür keçir, günah böyüyür.
Sən ki, bunu ömür boyu bilmədin.
Xəbərin olmadı Zamandan
Yazıdan
Allahdan.
Bilmədin Cənnətlə Cəhənnəmin
Bircə addım arası...
Hələ uşaqsan deyəsən...

Günün bütün mövzuları

XS
SM
MD
LG