Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:29
“EUROVİSİON-BAKI 2012” TƏHLÜKƏDƏ

“Azərbaycanın “Eurovision-2011" mahnı müsabiqəsində qazandığı mühüm qələbə insan haqları sahəsində iqtidara təsir göstərə bilmək üçün Qərbin əlinə ciddi rıçaq verib. Qələbəmiz qlobal siyasi skandala səbəb ola bilər; ölkədə insan haqları sahəsində vəziyyət dəyişməsə, paytaxtımızdakı yarışmanın boykot olunması riski var; ölkəmiz dünyanın gündəmində, dost-düşmənin hədəfində” Yeni Müsavat qəzetidir bunu yazan. Qəzet qeyd edir ki, Azərbaycanın nəhəng dövlətləri birləşdirən və demokratiyanın “başkəndi” olan Avropa Komissiyası və dünyanın digər nüfuzlu beynəlxalq təşkilatları ilə problemləri var:

“YAP iqtidarı dünyanın demokratiya mərkəzlərinə meydan oxuyur, ayrı-ayrı quruluş və rəhbər şəxsləri təhqir edir, aşağılayır. Məsələn, parlamentin son iclasında spiker Avropa Parlamentinin Azərbaycanda gənc fəalların həbsini, sərbəst toplaşmaq, söz və digər fundamental azadlıqların məhdudlaşdırılmasını tənqid edən qətnaməsini “təhqir” adlandırdı. Avropa Parlamentinə etiraz bildirmək üçün komissiya quruldu. Vitse-spiker Ziyafət Əsgərov isə daha emosional reaksiya verərək Avropanın insan haqları məsələsində Azərbaycanı tənqid etməsini “nakişi hərəkət” kimi qiymətləndirdi. Belə məqamda rəsmi Bakının həyati əhəmiyyət verdiyi “Eurovision” qələbəsi, ardınca isə yarışmanın bir il sonra Bakıda təşkili perspektivi ortaya çıxır. Artıq Qərb mediasının da işarə etdiyi kimi, bu detal Azərbaycan iqtidarını sıxmaq üçün ciddi rıçaqa çevrilir”.

“NİGAR VƏ ELDARIN QƏLƏBƏSİ “VƏHŞİ AZƏRBAYCANLI” STEREOTİPİNİ DAĞITDI”

“Bizim” Yol qəzetinə müsahibəsində tanınmış vəkil Aslan İsmayılov bildirib ki,

Azərbaycanın “Eurovision”-da qələbə qazanması hökumətə qarşı tələbləri birə on artıracaq:

“Təəssüf ki, insan haqları və demokratiya ilə bağlı yazılarda bu qələbəyə sevinc görmədim. Deyirdilər bu olay hakimiyyəti daha da gücləndirdi. Amma mən deyirəm ki, tam əksi baş verəcək. Ona görə ki, “Eurovison-2011” qələbəsinə qədər Azərbaycana elə də diqqət yox idi və tanımırdılar. Parlamentin sonuncu toplantısında bunu başa düşməyənlər deyirdi ki, Google-ə giriş o qədər çox idi, dayanmışdı. İnsan haqlarının pozulduğunu bilməyənlər, Azərbaycanla bağlı məlumat toplayanda bunları biləcəklər və hökumətə tələb birə on artacaq. Artıq birmənalıdır ki, Azərbaycanın demokratiyadan geriyə addımı olmayacaq. Hakimiyyət mövcud durumu müsbətə dəyişməlidir, yəni insanların sərbəst toplaşmaq azadlığı təmin edilməli, Cabbar Savalan, Bəxtiyar Hacıyev və başqaları azad olunmalıdır. Anlaya bilmirəm, yəni həmin gəncləri həbs etmək hakimiyyətə düşmənçilikdən başqa bir şey deyil”.

“YENİ LAYİHƏ AZƏRBAYCANI NEFTİN DÜNYA BAZARINDAKI QİYMƏTİNDƏN ASILI EDİR”

“Azadlıq” qəzeti 2011-ci ilin dövlət büdcəsinə dəyişiklikləri nəzərdə tutan layihə ilə bağlı ekspertlərin narahatlıq keçirdiyini yazır. Büdcənin təxminən 3493,2 milyon manat məbləğində artırılacağı barədə İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Qubad İbadoğlu deyib ki, hər il Neft Fondundan büdcəyə transferlərin artır. Bu tendensiya isə təhlükəlidir. Çünki bu yolla gələcək nəsillərə saxlanmalı olan neft pulları korrupsiyanın predmetinə çevrilir:

“Burada bizi narahat edən başlıca məsələ dövlət büdcəsinə Dövlət Neft Fondundan əlavə olaraq 2,7 milyard manatın transfert ediləcəyidir. Bu, iki baxımdan narahatlıq yaradır. Birincisi budur ki, büdcənin neftdən asılılığı təhlükəli həddə güclənir. Dəyişikliklərdən sonra Fonddan büdcəyə ümumilikdə 9 milyard 180 milyon manat transfert ediləcək. Bu, büdcə gəlirlərinin 59,2 faizi deməkdir. “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə büdcəyə daxil olacaq 600 milyon manatı, hər il ARDNŞ-nin təmin etdiyi 1 milyard manatı, həmçinin neftin qiymət fərqindən əldə ediləcək gəlirləri də nəzərə aldıqda, dövlət büdcəsinin gəlirlərində neft sektorunun payının 70 faizə çatdığını görürük. Halbuki ötən il bu rəqəm 63 faiz təşkil edib. Bu, Azərbaycanı neftin dünya bazarındakı qiymətindən asılı etmək deməkdir. Bir gün bu qiymət indikindən iki dəfə aşağı düşsə, dövlət büdcəsinin hansı vəziyyətə düşəcəyini təsəvvür etmək elə də çətin deyil”.

20 İL ƏRZİNDƏ 49 FAİZDƏN 9 FAİZƏ ENİŞ

“Vaxt var idi ki, Azərbaycanı yalnız birinci neft fontanının vurduğu ölkə kimi tanıyırdılar. Bu gün isə vizit kartımız zəngin mədəni irsimizdir. Bu, həm nadir qədim xalçaçılıq məktəbi, həm də miniatür sənətidir. Bu, zəngin poeziya və ədəbiyyat, Azərbaycan musiqisi və rəqsləri, Azərbaycan muğamı, təsviri sənət, tarix və memarlıq abidələri və bir çox başqa sənət inciləridir”.

Bunu Moskvada Azərbaycan müstəqilliyinin 20-ci ildönümü ilə bağlı keçirilən mərasimdə çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib.

“Azərbaycan” qəzeti onun nitqini yerləşdirib:

“Qədim mədəniyyətə və tarixə malik olan Azərbaycan müstəqil dövlət kimi dünya xəritəsində yalnız 20 ildir ki, mövcuddur. İnsan ömrü üçün 20 il kifayət qədər uzun müddətdir, lakin tarix üçün bir andır. Bu qısa müddət ərzində biz nəzərəçarpacaq nəticələr əldə etmişdik. Azərbaycan iqtisadiyyatının inkişaf sürəti rəsmən rekord sayılmışdır. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Ölkədə neft, qaz, nəqliyyat, logistika sahələrində irimiqyaslı layihələr uğurla həyata keçirilir. Bu gün Azərbaycanda aparılan siyasət son dərəcə qabarıq sosial xarakter daşıyır. 2003-cü ildən etibarən Azərbaycanda iki mindən çox yeni məktəb binası inşa edilmiş, 900 min yeni iş yeri yaradılmış, yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enmişdir”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG