Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:09

Günay Ümid. Qarşıla



QARŞILA

Gedişlərin arasında
Sevmədiyim sənin gedişin oldu…
Addımlarının taqqıltısı
Hisslərimin şüşəsini qırdı
Kədər sızdı arasından…
Çilikləri sözlərimi kəsdi
Dinmədim…

Qatar tərpəndi…
Reysləri qışqırdıqca
Çəkildim içimdəki
Boş mənzilimə,
Təkərlərin fəryadını duymamaqçün
Dərdimi qulağıma tıxadım…
Qatar uzaqlaşdı, susdu
Dərdimin səsi susmadı…

Mənim sevgim
Kökündən qurumuş
Nakam bir pöhrə,
Bir lalın dilində
Oxunan nəğmə.

Mənim sevgim
Çirkin bir sifətdə
Xırda yaraşıq,
bir korun gözündə
Yalançı işıq.

Mənim sevgim
Ümidini itirmiş
Acı bir həfəs,
Karın duyduğu
Ünvansız boş səs…

Taqətsizcə oturdum
Bir daşın üstündə
Xəyyalarım
Pərdə asdı gözlərimə
Süzüb keçdi.
Sənin getdiyin qatar
Ümidimin vaqonlarını
əzib keçdi…
Getdin!
Sənə görə ürəyimə də küsdüm
Çətin bir də dost olam.

Eh…
Nə sən lazım deyilsən
Nə də bu ürək mənə.
Bəsdi daha,
Onu söküb öz içimdən
Saldım yola
Ürəyimi son qatarla göndərmişəm
Qarşıla…


BİR AZ TƏLƏS

Yenə uçuq duyğuların
Qəm küləyi oynayan,
Parçalanmış ürəklərin
Eşq yarası qaynayan
Yuvasındayam.
Qamçılanmış mənliyimin
Göz yaşını silirəm…

Bu yuvanın
Qaranlığa açılan
Qapısında
Bir cüt göz zillənib gözlərimə.
İlıq baxışında
Döyənək olmuş qorxu,
Süzülən gözlərində
Yalançı sevginin
Şirinliyində xumarlanan yuxu.
Qaranlığa gizlənən üz
Mənə tanışdı
Gözlərindəki qorxu
Onu itirməkdən idi
Görünür onun da dili
Sevgisinin əzabına
Alışandan,
Baxışları danışandan
Susmuşdu…
Zəifləmiş iradəsinin
Gücdən düşmüş qollarında
Sürünə-sürünə açdığı qapıdan
İçəri girməyə halı qalmamışdı.
Niyə girəydi axı?
Bu yuvada
Sevinc adlanan qəm yaşayırdı,
Bu yuvada sevgi adlanan dəm yaşayırdı
Bu evdə
Xoşbəxtliyin gözləri oyuq
Bu evin bacasından
Həsrətin tüstüsü çıxsa da,
İçəri hey soyuq.

Bacarsan girmə içəri…
Çıxart məni də burdan!
Nə qədər ki, acılarım
Bu sevgiyə son mirasım olmayıb
Nə qədər ki, intiharım
Son xilasım olmayib
Məni də çıxart burdan.
Topla iradəni son kəs
Bir az tələs!...


BÖYÜMƏYƏ TƏLƏSMƏ OĞLUM

Bir gün mənim də
İnandığım
Nağıllar vardı.
Tələsən uşaqlığımın
Rəngarəng nağılları

Böyüməyə tələsmə oğlum…
Gümanların yaxasından tutub
Ümidlərin aldatdığı
Həyat nağıllarını dinləmə!...

Böyüklərin nağılları
Bu həyatın nəfəsiylə
Ürək dağlayır.
Böyüklərin nağılları
Dodaqlarda
Gülüşləri ağladır…

Böyüməyə tələsmə oğlum!
Aydın gözlərində
Kölgələnəndə haqsızlıq
Addımların dönməyəcək
Sabahlara getdiyin
Arxada tərk etdiyin
Uşaqlığa
Böyüklərin nağıllarının
Nə əvvəlləri pak istəklər
Nə də sonu xoşbəxt sonluq.
Bu nağılın beşiyində yırğalanan
Günahların üsyanı çox,
Bu nağılın sonlarında
Göydən düşən üç alma yox.
Bu nağılda pak istəklər, pak duyğular ləkələnmiş,
Bu nağılda qəhrəmanlar kirlənərək
Geydikləri təmiz adlarda gizlənmiş.
Böyüməyə tələsmə oğlum
Yum gözünü yuxuya get,
Şirin-şirin layla deyim
Eşitməsin istəyini
Bu həyatın qəm adlanan “xuxa”nı.
Yum gözünü yuxuya get
Çox qəddardı
Tələsdirmə zamanı!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG