Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:44

Sabir Rüstəmxanlı: Yaşımda elə bir axsama hiss etmirəm


Milli Azadlıq Hərəkatının liderlərindən olmuş şair Sabir Rüstəmxanlının mayın 20-də 65 yaşı tamam olur.

Şairin "Mediaforum" saytına müsahibəsi.



- Sabir bəy, bu yubiley günündə özünüzü ən qısa formada təqdim etməli olsaydınız, necə təqdim edərdiniz?

- Mənim xüsusi təqdimata ehtiyacım yoxdur, elə ən böyük xoşbəxtliyim də bundadır. Nə xalq şairi, nə millət vəkili, nə yazar.

Cəmiyyətdə bir obrazım formalaşıb ki, onu əlavə sözlə bəzəməyə ehtiyac qalmayıb. Sadəcə Sabir Rüstəmxanlı...

- Biz adətən yubilyarlara verdiyimiz bir sualı sizə də ünvanlamaq istərdik – yaşın fərqi varmı, Sabir bəy? Daha doğrusu, yaşın nə fərqi var?

- Təbii ki, hər yaşın öz sürəti, məsuliyyəti, yanaşma tərzi var və hər yaşın əhvalı da fərqlidir. Amma yaradıcı insanın bir xoşbəxtliyi var ki, yaşı daha çox öz yazısının keyfiyyəti və özünün iş qabiliyyəti, yaradıcılıq məhsulu ilə ölçür.

Yazıçı zümrəsi yaşı ən az hiss edən zümrədir. Bu baxımdan mən yaşımda elə bir axsama hiss etmirəm, ürəyim istəyən kimi işləyirəm.

Sadəcə olaraq yaşla məsuliyyət artır. Yaradıcı insanlar yaş ötdükcə daha mühafizəkar, ehtiyatlı olurlar - həm cəmiyyətin, insanların taleyi baxımından, həm də öz hərəkətləri baxımından...

Bizim cəmiyyətdə yaş müəyyən təəssüf hissləri gətirir. Mən bir şeirim demişəm ki, şöhrət artıranın qeybəti artır.

Bütün həyatını cəmiyyətinin, xalqının ideyalarına verirsən, amma xalq sevgisi ilə yanaşı müəyyən qısqanclıqlar, qeybətlərlə də üzləşirsən olur. Bu, insana çox ağır gəlir.

- Yaş məsələsinə həm də Azərbaycan parlamentinin Əmək Məcəlləsinə elədiyi son dəyişikliyə görə toxunduq. Dövlət müəssisələrində çalışmaq üçün son yaş həddi 65 müəyyənləşdi.

Bəs qeyri-dövlət sferasında necə olmalıdır – məsələn, 65 yaşı tamam olan Sabir Rüstəmxanlı, belə deyək, nədən istefa verərdi?


- Mən istefa vermək lazım olanda 1995-ci ildə nazir vəzifəsindən getmişəm.

O vaxt, təbii ki, xeyli cavan idim və heç kimin məsləhətinə qulaq asmadan, işdən çıxmaq təhlükəsi olmadan özüm istefa verərək nazirlikdən uzaqlaşdım.

Bu gün dövlət vəzifəsində deyiləm, xalqın seçdiyi millət vəkiliyəm və burada istefa tələbi yoxdur.

Xalqın verdiyi mandatın səlahiyyəti davam etdikcə Milli Məclisdə öz işimi görəcəm.

- Yaradıcı insan üçün yubiley həm də yaradıcılıq hesabatı dövrüdür. Oxuculara nə vəd edirsiniz?

- Əslində mən yubiley tədbiri keçirmirəm, 65 yaşımı qeyd etmək niyyətim yoxdur. Bu gün Azərbaycan- Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti Dövlət Filarmoniyasında yaradıcılıq gecəmi keçirəcək.


Yubiley adətən 50, 60, 70 yaşa deyirəm. 50 yaşım Opera və Balet Teatrında keçirilib.

Mərhum Heydər Əliyev də saatlarla orada oturub məni təbrik etmişdi. Həmin yubileydən sonra mən ümumiyyətlə bu barədə düşünməmişəm.

Amma hər hansı bir yazıçının, şairin, şübhəsiz ki, oxucu ilə mütəmadi görüşmək haqqı var və buna ehtiyac duyur.

Yazdığı şeir, kitab haqqında oxucuları ilə söhbət etmək çox vacibdir. Bizdə bu meydan daralıb.

Sovet dövründə belə görüşlər fəhlə müəssisələrində, zavodlarda olurdu, indi həmin gur fəhlə mühiti yoxdur. Universitetlər, təəssüf ki, rektorun şəxsi mülkiyyətidir, kimi istəyir - dəvət edir, kimi istəmir - yox.

Yazıçılara bu baxımdan müxtəlif maneələr törədilir. Həm iqtidar-müxalifət münasibətləri, həm də şəxslər arasında formalaşmış xüsusi münasibət təzahür edir.

Halbuki oxucu ilə görüşlər yaradıcı insanla, yazıçı ilə tələbənin ədəbiyyat görüşüdür, bura siyasətdəki fikir ayrılıqları təsir etməməlidir.

Bugünkü yaradıcılıq gecəsinə gəlincə, dəvətliyəm və yəqin ki, öz sözümü deyəcəm.

Sevinirəm ki, son beş ildə yaradıcılığım üçün əlimdən gələni etmişəm, bir neçə romanım çap olunub, xeyli şeirlər yazılıb, Cavad xanla bağlı film çəkmişik və onunla bağlı roman da ərsəyə gəlib.

Hazırda çap ərəfəsində olan bir neçə kitabım da var və daha bir şeir kitabım hazırlanmaq üzrədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG