Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:00

Tofiq Abdinin onluğa düşməyən hekayəsi


Tofiq Abdinin "Ədəbi Azadlıq-2011" müsabiqəsinin onluğuna düşməyən hekayəsi


Tofiq Abdin

QORXU
(Hekayə)


Çoxdandı yazı yazmırdı, yazırdı, xırda-para şeylər yazırdı ki, bu da həftəlik qəzetlər üçün yazılar olurdu.

Onları da çörək pulu çıxsın deyə yazırdı.

Bəzilərinin düşündüyü kimi əsl yaradıcılıq deyilən şeyin bir az da fövqündə olan bu yazılar həqiqətən bir ömrün xırda bir salnaməsi olsa da, ancaq gələcək üçün bir şeylər də vəd etməsi məsələsi onu hər zaman düşündürürdü.

Və hər gün də axşamdan səhər üçün olan ehtiyatını eləyirdi.

Bunu elədiyində də içində qəribə bir qorxu baş qaldırırdı: görəsən, səhər necə açılacaq.

Öz əliylə qoyduğu bu şeyləri səhər ona lazım olacaqdı, ya yox?

Eyni şeyləri eləyirdi artıq neçə illər idi: şalvarını eyni yerdən asar, pencəyini eyni yerə qoyardı və hətta ona məxsus olan şeyləri də təkrar-təkrar yoxlayar və həftə sonu gəldiyində isə həftəlik geyimlərini yenə də öz yerindən asar və iki günlük həftəsonu və bazar geyimləri əvəz eləyərdi.

Həftə sonu mütləq başqa şalvar və başqa köynək geyərdi.

Hətta ayaqqabısı da başaq idi həftə sonu.Neçə illər idi,beləydi.Neçə illər idi ki,bu təkrar olunurdu.

Bir Allah bilir,hər dəfə də içindən qərib bir qorxu keçirdi : görəsən, nə vaxt bunun sonu gələcək?

Bu qorxu onu nə zaman yaxalamışdı bilmirdi, amma ömrün elə çağı idi ki, hər gün nəsə baş verə bilərdi.

Bu hər gün nəsə baş verə bilər duyğusu da onun sonunu gətirirdi.

Heç bir insan, heç bir hadisə onu bu düşünücələrdən ayıra bilmirdi.

Bunu o özü də başa düşmürdü, əslində başa düşürdü ki, nədən məhz elə bu barədə fikirləşir, nədən heç kəsin düşünmədiyi bir şeyi həmişə ağlına gətirir və bunun da ucbatından bu qədər əziyyət çəkir.

Əslində buna əziyyət də demək olmazdı.

Bu bir növ xəstəlik idi və bu xəstələyin adın da o özü bilmirdi.

Bir neçə dost-tanışın yanında bu barədə danışanda,çox zaman onu qınayırdılar və bu qınaqları da o çox asanlıqla udurdu.

Heç kimə də,heç nə demirdi. Deyəcək bir şey də yox idi.

Çünki bütün insanlığın çox doğal qəbul elədiyi şeylərlə bu adam heç cür barışmaq istəmir və barışmayıb nə eləyəcəkdi ki,heç onu da bilmirdi.

Bircə bunu bilirdi ki, hələ dözməlidi,dözüb yaşamalıdı və o çətin gün gəlib çıxana qədər yaşamalıdı.

Çətin gün də nə zaman gələcəkdisə, bunu heç kim bilmirdi, bircə Allahdan başqa.

Neyləməliydi, ya dözməliydi, ya da yaşamalıydı və hər səhər eyni şeyləri eləməkdən artıq bezsə də, buna da məcbur idi.

Bu məcburiyyətdə çox qərib bir bezikmək vardı, bu bezikməyi gətirən anın özü də çox irəlilərdən başlamışdı, lap gənclik illərindən başlamışdı ki,özündən yaşlı insanların hər səhər çörək almaq üçün, su almaq üçün ayaqlarını sürüyə-sürüyə getməsi və həmin insaların uşaqları olsa da, məhz bunu onların ata və ya analarının eləməsi hələ çox illər öncə ona qəribə gəlirdi.

Düşünürdü: axı nədən bu saat, sabahın bu kor saatlarında bu qocalar, bu yaşlı insanlar zar-zor, küçəni qorxa-qorxa keçərək, evlərindən xeyli uzaqda olan mağazalardan bir şeylər almağa gedir, onların cavan uşaqları indi tıs vurub yatırlar.

Bu da onu ağrıdırdı, ağırtsa da, heç vaxt düşünmürdü ki, bütün bunlar nə vaxtsa onun öz başına gələcək və gələcəksə o zaman nə eləməlidi : ya buna boyun əyməlidi ki,bunu o öz təbiətinə və xasiyyətinə uyuşdura bilməyəcəkdi, ya da üsyan etməli idi.

Yox üsyan edəcək, etiraz edəcək bir güc qalmamışdı bu Adamda.

Güc qalsa da, zamanın və məkanın içindən sıyrılıb çıxa bilmirdi ki, üsyan etsin. Başqaları da onun içindən keçən bu ağrıları görəcək halda deyildilər.

Buna görə də indi artıq, o neçə illər öncə yaşamağa boyun əyməyəcək deyə düşündüyü şeylərə boyun əyərək yaşayırdı və bununla da öz həyatından xeyli uzağa düşdüyünü anlayırdı.

Yaxşı, nədən onu başa düşmürdülər,nədən onun zədələyirdilər,daha doğrusu buna zədələmək də demək olmazdı.

Bəlkə təbiətin bir halı idi bu, şayət təbiətin halı idisə nədən belə olmalıydı, nədən bu yaşlı adam hər səhər tez-tez lifti də işləməyən bu binanın doqquzuncu vəya səkkizinci mərtəbəsindən atlı qarışqa kimi azuqə ardınca aşağı enməli,zar-zor yuxarı qalxmalıydı...

İlahinin ona verdiyi bu yaşlılıq məkanını o heç cür normal yaşaya bilmirdi və Allah sanki bu Adamı ona görə yaşadırdı ki, o özünün də xoşu gəlməyən şeyləri eləsin və sonra da bunun əzabını çəksin.

Yox, bu əzab deyildi,çünki onun tay-tuşlarından çoxu deyirdi ki,bu təbii bir şeydi.

Sən daha nə istəyirsən: oğlun var, qızın var, evləniblər,ailə qurublar.

Daha nə istəyirsən. Sevinməlisən.

Amma o isə düşünürdü ki, nəyə sevinməliyəm : belə bir həyatın nəyinə sevinmək olar?

Adam artıq bezmişdi. Və bezmişəm deməyə də özündə güc tapa bilmirdi.

Belə hallar ən çox da o zaman ona təsir eləyirdi ki,özündən bir az böyük olan bir elmi işçi qonşusu hər səhər onunla üz-üzə gəlir və bir az keçəndən sonra həmin elmi işçi ayaqlarını çəkə-çəkə, yavaş-yavaş işə yollanırdı.

Və bu hal onu o qədər təsirləndirmişdi ki, bu barədə bir yazı da yazmışdı və həmin yazının bir yerində o bu yaşlı adamın bir zamanlar ona deyilən bir sözü də xatırlamışdı ki...Nəydi o söz?

O sözü xatırlamadan öncə bir ruh halını da yadına saldı ki, həmin adamın adını həmin yazının sonuna qədər tapa bilməmişdi.

Amma sonunda o adı xatırlamış və bu da həmin yazı üçün yeni bir yazı ovqatı yaratmışdı.

Şayət o özü bu halı yaşamasaydı heç vaxt bu yazını da yazmazdı və onun neçə-neçə yazısı məhz beləcə sənədli fikirlər arasında itib-batır və çox az insan onun bu itib-batan yazılar arasında Adamın özünün faciəsini və onun rahatsızlığını görüb tapırdılar. Və ya heç tapmırdılar.

Və o qoca alimin hər gün doqquzuncu mərtəbədən düşüb çörək ardınca getməsi də,bu Adam üçün böyük bir dərd idi.

Onun arxasanca baxa-baxa adam öz gələcəyini düşünürdü, şayət o gələcək olacaqdısa.

Amma buna gələcək demək olmazdı. Gələcək deyilən o məkan artıq tükənməyə doğru gedirdi.

Blok qonşusunun adını bu anda,bu sətirləri yazdığı anda da nədənsə xatırlaya bilmirdi.

Dünəndən onun adını yada salmaq istəyirdi, amma bir türlü xatırlaya bilmirdi. Bu da onun içinə qərib bir qorxu səpirdi: yaddaşsızlıq qorxusu.

Yenə də o alimin adını yada sala bilmir, amma çox mütəvazi bir həyat sürən bu alim bir dəfə necə oldusa qarşılaşdıqlarında bir başqa alimin bir sözünü şappadan Adamın üzünə dedi: alim deyib ki, altmışdan sonra fikirləş... yetmişdən sonra hazırlaş...

Adam fikirləşirdi: hazırlaş! Hara? Türkiyəyə yox! Moskvaya yox! İstanbula yox! Məkkəyə yox! Mədinəyə yox!! Uzuuuuuuuuuuuun... uzuuuuuuuuuuuuuun... çoooooooooooox... uzuuuuuuuuun bir səfərə. O səfərə ki, türk şairi Yəhya Kamal Bayatlı özünün dahiyanə SƏSSİZ GƏMİ şerində yazıb:

Artık demir almak günü gelmişse zamandan
Meçhule giden bir gemi kalkar bu limandan
Hiç yolcusu yokmuş gibi sessizce alır yol
Sallanmaz o kalkışta ne mendil, ne de bir kol
Rıhtımda kalanlar bu seyahatten elemli
Günlerce siyah ufka bakar gözleri nemli
Biçare gönüller, ne giden son gemidir bu

Hicranlı hayatın ne de son matemidir bu
Dünyada sevilmiş ve seven nafile bekler
Bilinmez ki giden sevgililer dönmeyecekler
Bir çok gidenin her biri memnun ki yerinden
Bir çok seneler geçti; dönen yok seferinden

Bəli, yetmişdən sonra hazırlaş!Hazırlaş!Hara?

Türkiyəyə yox! Moskvaya yox! İstanbula yox! Məkkəyə yox! Mədinəyə yox!! Uzuuuuuuuuuuuun... uzuuuuuuuuuuuuuun... çoooooooooooox... uzuuuuuuuuun bir səfərə...

Və bu vahimənin altında bədənini bürüyən istiliyin içindən zorla çıxaraq əlindəki yazının xoşhallığına xəyanət etməmək üçün qorxu xofuna qalib gələ bilmədiyindən nəfəsi daralır və elə bu məqamda nəvələri gəlib başının üstünü kəsdirir...

Gəl ay gözəl balacalar...
Gəl ay Peyğəmbər İbrahimin adını daşıyan gözəl bala...
Gəl ay fateh İsgəndərin adını daşıyan balaca İsgəndər!!!!

...Yetmişdən sonra fikirləş düşüncəsi və yazının vahiməsi altında qorxu hissini aldatmaq üçün nəvələriylə başını qatmaq istəyir.

Və artıq saata baxmağa da qorxur, bu qorxudan xilas olmaq üçün nəvələri gedəndən sonra gözlərini yumub yatmaq istəyir, amma hələ saat səkkizdi... epeeeeeeeey uzun bir gecə var qabaqda...

Yetər, durum gəzim, bəlkə bu ruh hali buraxdı-deyə düşünür..

Yox, vallah, yox! Bu bir dəhşətdi, çox dəhşətdi, aman Allahım, bu nə deməkdi?

Bu yaddaşsızlıq hardan çıxdı mənim həyatımda- deyə qorxudan uzaqlaşmaq istəyir.

Və həqiqətən hər açılan sabah üçün dualar etmək və hər açılan sabahı görmək arzusu artıq onun yaşamının istəyi olsa da içinin rahatsızlığı təkcə özü üçün deyildi.

Ondan sonra var olan qardaş və bacıları üçün də eyni dərəcədə içini ovmaqdaydı.

Özü bir yana, hər açılan sabahdan bir yaxşı xəbər gözləmək üçün qulaqlarını lokatorlar kimi dan yerinə tuşlayıb və hər açılan telefon səsi içində bir ayrı sabah üçün başlanğıc ola bilər düşüncəsiylə içini yeyə-yeyə yaşayırdı.

Bu bir zəiflikmi, bu adı bilinməz bir duyğumu, bilmirdi və yadına düşdü ki, nə zamansa bir yazı da yazmışdı: MƏN MÜTLƏQ DOKTORA GETMƏLİYƏM... və ötənlərdə yazıçı dostlarından S.S. dedi ki, bəs mənim çox gözəl psixoloq həkim dostum var, səni onun yanına aparacam.

Nə eləmək olar, zamanı yaşamaq lazımdır, necə olursa-olsun bizə verilən bu canı qoruya-qoruya, Allaha doğru yolumuzun nə zaman qırılacağı onun əlində olduğunu bilə-bilə ona pənah gətirərək yaşamaq lazımdı.

Hansı pillədə O bizi gözləyir, hansı pillədə O bizi qarşılayacaq və deyəcək: yox, hələ vaxtınız deyil, hələ yaşayın və sonra yenə də hər açılan sabah üçün bizim duamıza ehtiyacı varmış kimi bizi eşidəcək və yenə də zaman öz işini görəcək.

Ən dəhşətli bütün bunları yaşamaq, bütün bunları düşünmək, bunları həyata keçirmək üçün dözmək lazımdı.

Və bütün bunlardan sonra Adamı məşğul edən bir fikir də ondan əl çəkmirdi.

Bu da o idi ki, mən nədən başqaları haqqında bu qədər fikirləşməliyəm?

Nədən başqalarının dərdini özümə dərd eləməliyəm,halbu ki,adamlar bəlkə də heç bu barədə fikirləşmirdilər. Onlar üçün bu xoş bir şeydi.

Adamın bu əcaib fikirlərdən yaxa qurtara bilməsi, indiki həyatının ən ağır probleminə çevrilmişdi.

Adam sapsağlam adam idi amma,elə hey özü üçün nəsə quraşdırırdı.

Sağlam olmasına baxmayaraq gecə-gündüz yalnız onun həyatında və içində baş verəcək nələr barədəsə fikirləşir və ən dəhşətlisi buyudu ki, Adam səsli-küylü restoranlarda, toylarda, düyünlərdə belə bu səs-küyün içindən sıyrılaraq tamamilə başqa şeylər haqqında düşünürdü və düşündüyü bu fikirlər onun tam sağlam olmadığına dəlalət edirdi.

Amma nə eləməlyidi ki, fikirləşirdi də.

Bu vur-həşirdə olan insanlara baxıb fikirləşirdi ki,ilahi 30, 40, 50 il sonra bu adamların çoxu olmayacaq, amma bu dünya beləcə də qalacaq.

Və yenə də bəlkə elə burda, bəlkə də tamam başqa bir yerdə toylar, düyünlər olacaq və həyat davam edəcək öz axarında.

Fikirləşirdi və unutmaq istəyirdi bu fikirləşdiklərini. Gücü çatmırdı.

Beyni onun öz əlində deyildi, sanki bu beyin kiminsə əlinə əsir düşmüşdü və onu uşaq kimi qabağına qatıb onunla oynayırdı, vəssalam.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG