Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:20
Bu hekayə "Ədəbi Azadlıq - 2011" müsabiqəsinə təqdim edilsə də, onluğa düşməyib. Müəllifin razılığı ilə onu "Oxu zalı"nda dərc edirik.


ƏLABBAS

Qonşu

Buqələmun! Yada sala bilmirdi, onu nə vaxtsa, hardasa gözü ilə görüb, ya yox? Bəs onda qarşısında qəflətən peyda olan bu eybəcər adamı ilk baxışdan, məsələn, niyə qarışqayeyənə yox, məhz bu əcaib varlığa oxşatmağı, görəsən, nə üçün idi? Səbəb təkcə onun şappan və sulu dodaqlarını iri, uzun dili ilə tez-tez yalamağına görə ola bilərdi, yəni? O sözü ilk dəfə oxuyanda ki, buqələmun yeganə sürünəndi ki, dili bədənindən nə az-nə çox, düz iki dəfə uzun olur, o fikrin nə vaxtsa bir də yada düşəcəyi belə bir təsadüflə bağlı qarşısına çıxmağın özü qədər qəribə və gözlənilməz idi. Amma budur, o, əlli-ayaqlı qarşısında dayanmışdı, özü də şəhərin orta göbəyində, adamların lap o gur yerində.

-Deyəsən, xatırlamadınız məni, biz qonşuyuq,-deyəndə isə hiss elədi ki, o, bir dəqiqə əvvəl gördüyü varlıq deyil, nəinki şir-şəkli, elə rəng-ruhu da büsbütün dəyişib. Əgər bura, gedib-gələnlərin qarışqa kimi qaynaşdığı bağ və günün də günorta çağı olmasaydı, səhhətinə çox ciddi bir təhlükə yarandığına bilmərrə şübhə etməyə bilərdi.

-Sizi görüb yaxınlaşdım,-izahı isə artıq heç bir ümidverici gümana əlyeri qoymurdu: o, indi də bayaqkının əksi olan büsbütün özgə bir rəngə düşmüşdü. Elə düz bilib: buqələmun ki, buqələmun!

«Çoxdan görüşmürük, evdə nə var, nə yox?» «Şükür, salamatçılıqdı» «Sən elə əvvəlki yerindəsən də?» «Ordayam, həə»

Onun sualı təsadüfsə belə, tam dürüst idi: əvvəlki yerində olmağına, əvvəlki yerində idi, amma «əvvəlki» beş-üç ay irəliyə olduğu kimi, ondan bir xeyli o tərəfə də aid ola bilərdi. İndi bunu necə dəqiqləşdirmək olardı ki, sualı elə-belə, sözgəlişi verib.

-Uşağın xeyir işinə də çağırmadın bizi.

-Əziyyət vermək istəmədim,-cavabı can qurtarmaqdan ötrü olsa da, buqələmun:

-Əziyyət deyəndə ki, borca borc bir şeydi,-söyləyib gülə-gülə yenidən sulu dodaqlarını yalayaraq onun qarşısını məqamında kəsə bildi,-bir gün səndə, bir gün məndə. Hamı alışıb vəziyyətə. Şəhər belədi, həmişə çərçivədə yaşayırsan. Elə bil qəlibə salıblar səni. Daim orda olmağa məhkumsan.

Hardan bilə bilərdi, o, uşağının xeyir işini eləyib, ya yox? Deməli, tanıyır, tanımasa, belə dəqiq sual verməz. Hamı onun kimi deyil ki. Səhər işə, axşam evə. Xeyrə-şərə də çox zaman məcburiyyətdən gedib-gəlir. Qınayan olmasa, çoxunu təxirə salar. Amma bəzən onsuz da ötüşmək olmur. Nə qədər olmasa, üz-üzə gəlirsən. Niyə utanasan axı? Vaxtında qonum-qonşudan bircə nəfərlə durub-otursaydı, indi də ağzı belə dalana dirənməzdi. Xəcalətindən soruşa bilmir ki, adı nədi? Hansı girişdə, neçənci mərtəbədə olurlar? Dördotaqlıda, ya iki? Bəlkə, oğuldan-uşaqdan nəyi olduğunu xəbər ala. Olur axı belə şey, bir də baxırsan ki, ata-ananı da uşağına görə tanıyırlar… Bəs onun özü, bayaqdan bərk-bərk qonşu deyib yapışıb, bilirmi, qonşunun adı nədi? Ya onu da elə-belə, allaha pənah soruşur, əvvəlki yerindədi, ya yox? Uşağın xeyir işindən də qəsdən söz salır ki, söhbətləri şirin olsun.

-Yanacaq qurtarıb, maşın qalıb yolda,-dili öz işində olan buqələmun axır ki, dərdini dedi,-əlimi atıram cibimə ki, pul yox. İşim zəhrimar elədi ki, günaşırı kostyum dəyişməli oluram. Hər gün televiziya, siyasi şərh, çəkiliş-filan… Birdən sizi gördüm. Düzü, utandım. Yaxşı deyil axı belə şey. Birdən-ikiyə nə vaxt olub? Aqillər sözü,-o, lazım olandan da dərinə baş vurdu ki, onun ağlını çaşdıran da daha çox bu oldu ki, gör zalımın balası nələri bilir?-özgələrə problem yaratmamaq insanlığın təməl prinsiplərindəndir. Gərək kimsə bunu unutmasın… Hər birimiz bu yolla beş-üç nəfəri insanlığı daim təhdid edən simasızlıqdan xilas edə bilsək, cəmiyyət üçün çox faydalı bir iş görmüş olarıq. Sonra da dedim, bəs hansı günün qonşusuyuq? Adamın başına iş gələr.

Beş-üç qəpiyə görə, doğrudan, bunca vaxt itirməyinə, dondan-dona düşməyinə dəyərdi? Ya onu hipnoz eləmişdi ki, canını qurtarmaq, tez üzülüşmək üçün heç nə fikirləşmədən əlini cibinə saldı?

Amma niyə insaf hissini itirir? O dəfə özü belə gicqulu vəziyyətə düşmədi?... Aldığını alıb, yığdığını yığıb, kassada onu gözləyirlər, arxada növbə tutanlar da var, əlini cibinə salanda yadına düşə ki, pulları unudub gəlib. Kimə deyəydi, hər şey evdəki qanqaraçılığa görədi, arvadı ilə heç nəyin üstündə ağı qaradan götürüblər. Bu, nəyisə dəyişən idi? Barı qoy nə baş verdiyini ətrafdakılar bilməsin. Üzr istəyib bir azdan qayıtmaq adı ilə növbədən çıxdı… Amma evə də getmədi. Onsuz da bu gün onunku gətirmirdi. Gedib bir hoqqa da indi çıxartsaydı, vəssalam... Gərək uşaqları anasız qalaydı.

…Buqələmun pulu alıb bir qədər gedəndən sonra izdihama qarışaraq bayaq, guya, uşaqlarının və maşınının olduğunu əli ilə göstərdiyi səmtə yox, tamam ayrı bir istiqamətə yönəldi. O, «qonşu»nu şübhəyə salmamaq üçün arxaya baxmır, sağa-sola dönmədən başını dik tutaraq inamla və şəstlə irəliləyirdi. Elə bilirdin, əsgər paraddan keçir.

-Ay səni, cüvəllağı! Kələk gəlir!-öz-özünə pıçıldadı və ürəyindən keçdi ki, görəsən, indi kimi hərifləməyə gedir?

Axşam evə dönəndə də həyətdə bir yol maraqlanmadı görə, qonşu bloklardan hansındasa o cür adam yaşayır, ya yox? Nəyinə lazım idi, indiyəcən bilməmişdi, nə olmuşdu? Əsas o idi ki, murdar bir varlıqdan pulla da olsa, canını qurtarmışdı. Olsa-olsa bir onu bilmək istərdi ki, o necə televiziyadı axı, bu dodağısulu, diliuzun eybəcər dazbaşı efirə buraxır? Adam tapıblar… Səfehlər…

11 may 2010

Günün bütün mövzuları

XS
SM
MD
LG