Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:13

Azərbaycanda qadın sürücülər və 8 mart adəti


Foto: Əhməd Muxtar
Foto: Əhməd Muxtar
«Mən hər dəfə görürəm ki, qadınlar həmişə «zebra» xəttində əyləcdən istifadə edir, piyadalara yol verirlər, amma kişilər çox vaxt sürüb keçirlər»

Fərqanə Məmmədova il yarımdır sükan arxasındadır. Deyir ki, bir vaxtlar qadınlardan sürücü olmaz, sürücülük ancaq kişilərə aiddir deyimi artıq Azərbaycanda iflasa uğrayıb.

«NƏ FƏRQİ VAR Kİ, AVTOMOBİLİ QADIN SÜRSÜN, YA KİŞİ...»

Paytaxt Bakıda söhbət etdiyim adamlar da qadınların avtomobil idarə etməsinə əsasən müsbət yanaşdıqlarını bildirdilər.
35 yaşlı Gündüz Qədirov:
«Mən çox yaxşı yanaşıram. Burda nə var ki, avtomobili qadın sürsün, ya kişi. Əsas odur ki, qaydalara əməl olunsun».

40 yaşlı Vahid Həmidov:
«Avtobuslarda basabasda getməkdənsə qadınların avtomobil idarə etməsi daha yaxşıdır».

Solmaz Əhmədova:
«Mənim gəlinimin avtomobili var. Çox yaxşıdır. Bütün işlərini sərbəst özü görür. İndiyə qədər heç bir qayda pozuntusuna yol verməyib. Nə yol polislərindən, nə də kişi sürücülərdən gileylidir».

Fərqanə Məmmədovanın deməsinə görə, indi həm yol polisləri, həm kişi sürücülər avtomobil idarə edən xanımlara daha hörmətlə, daha diqqətlə yanaşırlar. Hətta bəzən yol polisləri qadın sürücülərin yol verdiyi xırda xətalara göz də yumurlar.

«Əgər il yarımda polis məni bir dəfə də olsun saxlamayıbsa demək bu deyilənlər hardasa düzdür».

«KİŞİLƏRİN QADIN SÜRÜCÜLƏR BARƏDƏ FİKİRLƏRİ YANLIŞDIR»

Foto: Əhməd Muxtar

Amma Fərqanə Məmmədova qadınların avtomobil idarəetmə bacarığının zəif olması barədə kişilərin qiymətləndirməsini qəbul eləmir: «Misal üçün arxada siqnal veriləndə biz dərhal istəyirik ki, yavaş sürək, arxadakı maşına yol verək. Kişi sürücülər də deyir ki, hə bu qadın avtomobil sürə bilmir, ona görə də qorxdu. Amma bu əslində qorxaqlıq deyil. Mən hesab edirəm ki, kimsə arxadan siqnal verirsə yəqin o tələsir».

Fərqanə Məmmədovanı ən çox narahat edən tıxaclar və piyadaların qaydalara əməl etməməsidir.

STATİSTİKA QADIN SÜRÜCÜLƏRİN ƏLEYHİNƏ İŞLƏYİR

Həmsöhbətimiz qadın sürücülərin qaydalara daha çox əməl etdiyini desə də rəsmi rəqəmlərdə bildirilir ki, qadın sürücülər tərəfindən qayda pozuntuları 2010-cu ildə iki dəfə artıb. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, 2009-cu ildə Azərbaycanda 3 minə yaxın qadın sürücü törətdiyi yol-hərəkət pozuntularına görə məsuliyyətə cəlb olunub. Onlardan 74 nəfəri avtomobili sərxoş vəziyyətdə, 56-sı isə sürücülük hüququ olmadan idarə edib.

Bu da 2008-ci illə müqayisədə 2 dəfə çoxdur.

AZƏRBAYCANDA 30 MİNDƏN ARTIQ QADIN SÜRÜCÜ VAR

Azərbaycanda 30 mindən artıq qadın sürücü var. Onlardan 20 minə yaxını avtomobildən istifadə edir. Sürücülük vəsiqəsi olan qadınların 26 minə yaxını paytaxt Bakının, qalanları isə bölgələrin payına düşür.

Ərəstun Məcidli

Qadın sürücülər tərəfindən yol verilmiş pozuntuların əksəriyyəti paytaxt üzrə qeydiyyatda olan xanımların payına düşür.

Dövlət Baş Yol Polisi İdarəsinin rəsmisi Ərəstun Məcidovun «Trend»ə verdiyi məlumata görə, qadın sürücülərin yol verdiyi pozuntular sırasında - avtomobili idarə edərkən kəmər taxmama, manevr edərkən və sağa- sola dönərkən işıq siqnallarından istifadə etməmə təşkil edir.
Bundan başqa yolayrıcı keçmə qaydalarını pozma, piyadalara yol verməmə kimi xətalar da baş verir.

«BAXMIRLAR QADINSAN YOXSA KİŞİSƏN»

DYP-nin bölmə rəisi Vaqif Əsədovun Azadlıqradiosuna dediyinə görə, əvvəllər yol polisi əməkdaşları qadın sürücülərin törətdiyi kiçik qayda pozuntularına göz yumurdularsa indi sürücülərə heç bir fərq qoymurlar. Bölmə rəisi deyir ki, qadın sürücülərin sayı və onların yol verdiyi qayda pozuntuları artdığından onlara qarşı da ciddi tədbirlər görülməsi zərurətini yaranır:

«Artıq sükan arxasında kim olursa-olsun o yol hərəkəti qaydalarının tələblərini pozursa o məsuliyyətə cəlb edilir».

SƏRXOŞ QADIN SÜRÜCÜLƏR

«Qadınlar arasında sürücülük vəsiqəsi olmadan avtomobil idarə edənlər, avtoxuliqanlıq edənlər, nömrə nişan olmadan avtomobil sürənlər, avtomobili yüksək sürətlə idarə edənlərlə işıqforun qırmızı işığına əhəmiyyət verməyənlər də var. Sərxoş vəziyyətdə sükan arxasında olan qadınlara da rast gəlinir».

Vaqif Əsədov deyir ki, sükan arxasında mobil telefonla danışmaqla ən çox qaydaları pozanlar da elə qadın sürücülərdir.
XS
SM
MD
LG