Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:46

Bakıda muzeylər bir gün pulsuz işlədi


BU EVDƏ İNSAN YAŞAYIB?

- Bu evdə doğrudan da insan yaşayıb?

Şirvanşah İbrahim Xəlilullahın sarayını- Şirvanşahlar sarayını bəyənməyən 9 yaşlı Orxan Yusubovdur. Ona qəribə gələn bu evin müasir binalara bənzəməməsi, boyasız, elektriksiz, qazsız, taxta döşəməsiz olmasıdır. İnana bilmir ki, burda vaxtilə şah bir yana qalsın, adi insan yaşayıb. Sualını bələdçiyə verir. Bələdçi Tünzalə Əhmədova gülümsünür... Ona yaxınlaşıram.

- Bu evdə doğrudan da insan yaşayıb?
- Niyə sənə təəccüblü gəlir burda insanın yaşaması?
- Nə bilim. Bir az qəribə evdir...
- Ev necə olmalıdır ki?
- İndiki kimi. 21-ci əsrdə olduğu kimi...
- Amma bu şahın sarayı olub...
- Mən şah-zad tanımıram...

MUZEYLƏRDƏ «AÇIQ QAPI»

Bu gün- mayın 18-i beynəlxalq muzeylər günüdür. Azərbaycanda da bu münasibətlə «açıq qapı» elan olunub. Yəni giriş pulsuzdur.

Elə buna görə də məktəblilər muzeylərə dəstə-dəstə gəlirlər.

- Şamaxıda tez-tez zəlzələ olduğu üçün Şirvanşah Xəlilullah paytaxtı köçürür Bakıya. İçərişəhərin ən hündür yerində saray tikdirir. Bu saray üç həyətdən ibarətdir. Birinci həyətdə saray binası və divanxana var. İndi buyurun divanxanaya...

Bələdçi uşaqlara danışır ki, saray divanxanasını qızdırmaq üçün o zaman asma qapılar asılar, ortada girdə manqallar yandırılardı. Yaydasa həmin qapılar götürürdülər, dörd tərəf küləkləyərdi. Bu uşaqlara lap maraqlı gəlir.

- Ən maraqlısı buranın tikilməsidir. Bura xoşumuza gəlir, bilirsən ki, ulu babalarımız tikib bunu, belə memarlarımız olub... Bir var oxuyasan, bir də var görəsən.
- Maraqlıdır, bu evdə necə yaşayırdılar. Necə soyuqdan qorunurdular.

ÇEX PREZİDENTİNİN GƏLİŞİ...

Şirvanşahlar Sarayında qələbəlikdir. Muzeylər günüylə bağlı tamaşa olmalıdır. Amma Çexiya prezidentinin İçərişəhərə səfəri proqramı dəyişib. İştirakçıların çoxusu yolda qalıb, gəlib çata bilmir... Ona görə çıxışlar azdır...

Yeri gəlmişkən, Çexiya prezidentinin nümayəndə heyəti ilə gəlmiş, iş adamı Jan Vratnik bu sarayda durmadan çəkiliş aparır.

- Bu arxitektura nümunəsi çox maraqlıdır, üslubca ərəb memarlarını xatırladır.

Şirvanşahlar Sarayı

DİVANXANA TAĞI QARALIB, QONAQ OTAĞI AĞARIB

Bələdçilər üzə vurmasalar da, yorulublar deyəsən. Sarayın ziyarətçilərindən biri bələdçidən divanxanadakı tağın qaralmasının səbəbini soruşur.

- Daşlarda duz olduğuna görədir. Nəmişlik olanda duz əriyir, belə su gəlir...
Suallar isə bitmir. Bu dəfə də sarayda restavrasiya zamanı divarların ağardılmasının səbəbi ilə maraqlanırlar:

- Elə bil ağardılıb. Bu düz deyil. Restavrasiya olunur, amma olduğu kimi qalmalıdır.
- Daşlar köhnəlmişdi. Ona görə üstü örtülüb.

Şirvanşahlar Sarayının direktor müavini Təranə Ağayeva deyir ki, «bu şad gündə» problemlərdən danışmayaq. Amma istədiyi odur ki, bu sarayın dünya muzeylərinə səpələnmiş eksponatları qaytarılsın:

- Şirvanşahların geyim əşyaları, dəbilqələri, Seyid Yəhya Bakuvinin əsərləri qaytarılsa, yaxşı olar.

TARİX MUZEYİ YENİ BİNA İSTƏYİR

Tarix Muzeyində də qələbəlikdir. Muzeyin direktoru Nailə Vəlixanlı deyir ki, «açıq qapı» günündə çoxlu ziyarətçinin gəlməsinin zərəri də var, istənilən səviyyədə ekskursiya aparılmır. Bunu az sonra özümüz də görəcəyik.

Direktor onu da deyir ki, muzeyə yeni bina lazımdır:

- Çox gözəl muzeydir. Amma bizim tariximizi əhatə edəcək səviyyədə geniş deyil. Tağıyevin ev muzeyi var bizim muzeyin içində. Bax 8-9 otaq ona ayrılıb. Əlbəttə yeni binaya ehtiyac var. Bizə vacibdir Arxeologiya, Etnoqrafiya muzeyləri olsun. Sərəncam verilib ki, Etnoqrafiya Muzeyi yaradılsın. Amma Arxeologiya Muzeyi də olmalıdır...

MUZEYDƏ QADINLAR NƏYƏ BAXIR

Tarix Muzeyindəsə hərəni bir şey cəlb edir. Oğlanlar silah-sursata, qədim qəbir qalıqlarına diqqət kəsilirlərsə, xanımlar başqa şeylərə diqqət edirlər. Aynur Vəliyeva kimi:

- Tarixi geyimlər, aksesuarlar, boyunbağılar, sırğalar, üzüklər, çox maraqlıdır. Bizim qadınlar qədimdən bəzəkli-düzəkli olublar. Xalçalar da maraqlıdır.

Muzeyə gələnlər çox olduğundan bələdçi çatışmır. Ona görə də Mingəçevirdə tapılmış katakomba qəbri haqda bir qrup məktəbli yalnız öz versiyalarını irəli sürür. Katakomba qəbir nə deməkdir, öyrənə bilmirlər...

Muzeylər günü 1977-ci ildən qeyd olunur. Azərbaycanda 200-dən artıq muzey var.
XS
SM
MD
LG